Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

R.Ağayev: 'İslahatların strategiyası olmalıdır'


R.Ağayev
R.Ağayev

«Struktur islahatlarında bu islahatları haradan başlamaq məsələsi olduqca önəmlidir və hətta onun müqəddəratını həll edir».

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev dövlət başçısı İlham Əliyevin yanvarın 14-də verdiyi bir sıra fərmanları dəyərləndirərkən deyib.

Amma R.Ağayev istənilən halda verilən fərmanları «müsbət addım» adlandırıb.

Ekspertə görə, bu qədər qurumların ləğvi sadə məsələ deyil: «Həmin qurumların fəaliyyət müddətinə baxın, 10-12 il arasında fəaliyyət göstəriblər. Bu, müddətdə onlara dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayırıblar. Amma nəticə budur ki, onların iqtisadiyyata və ya ölkə həyatına faydası olmayıb. Ona görə də bu halda «bu qurumlar niyə ləğv edildi» sualı da aradan qalxır».

R.Ağayev hesab edir ki, bu, həm də indiyə qədər idarəetmədə planlaşdırmanın olmamasının göstəricisidir. Onun fikrincə, odur ki, indi struktur islahatlarının strategiyası olmalıdır: «Bu strategiyada islahatların hansı sahələri əhatə edəcəyi, hansı qurumların ləğvinin nəzərdə tutulduğu (hətta onların adları cəmiyyətə açıqlanmasa belə), hansı addımların atılacağı, bu islahatların nəticəsi olaraq yaxın 3-5 ildə cəmiyyətə hansı faydalar verəcəyi məlum olmalıdır».

Azərbaycanın bölgələrində ən böyük problem nədir?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

«Avtonomluq olmalıdır»

R.Ağayev hesab edir ki, daha bir strategiya isə əks-mərkəzləşdimə prosesi ilə bağlı olmalıdır: «Avropa təcrübəsi göstərdi ki, həddən artıq yüksək dərəcədə mərkəzləşdirilmiş hakimiyyət səmərə verə bilmir. Ona görə də funksiyaların müəyyən hissəsi yerli hakimiyyətlərə verilməlidir. Bir avtonomluq olmalıdır, daha yerli hakimiyyət bir su quyusu, artezian quyusu qazmaq, ya yol çəkmək üçün mərkəzi hakimiyyətin qərarını gözləməməlidir».

Ekspert deyir ki, dövlət qurumlarının təkcə hakimiyyət qarşısında yox, xalq, cəmiyyət qarşısında da yüksək dərəcədə hesabatlılığı təmin olunmalıdır: «Bu qədər bizə pul ayrılıb, bu qədər iş görülüb, cəmiyyətə bu qədər faydası gözlənilir kimi təfərrüatlara qədər hesabat verilməlidir».

Xatırlatma

Prezident yanvarın 14-də Müdafiə Sənayesi Nazirliyinin əsasında «Azərsilah» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə bağlı fərman verib. Habelə, Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yeni Aqrar Xidmətlər Agentliyi yaradılır. Başqa bir fərmana əsasən, Prezident yanında Elmin İnkişaf Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezidenti yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi də ləğv edilir. Eyni zamanda, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu və Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilir.

Bütün bu fərmanlar Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə izah edilir. Prezident bir qədər əvvəl ciddi struktur islahatlarına başlanılacağının anonsunu vermişdi.

Bəzi ekspertlər isə deyir ki, bütün bu fərmanlar neftin qiymətinin yenidən ucuzlaşması ilə ölkənin gəlirlərinin azalmasından irəli gəlir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG