Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Rəsmi 170, paketlə 2200 manat maaş alırdım'


Pul
Pul

Azərbaycana qanunsuz yollarla dərman gətirilməsi, qeydiyyatdan keçməyən dərmanların aptekdə satışına görə həbs olunanlar arasında Türkiyə vətəndaşı Atanur Ateş də var. O, Mərkəzi Gömrük Hospitalında proqramçı işləyib, xəstəxananın məlumat bazasının işlənib hazırlanması və s. onun üzərinə düşüb.

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən A.Ateş bildirib ki, 2010-cu ildən hospitalda işləyib. 2017-ci ildə hospitalın yaxınlığında aptek açıb. Birbaşa özü də xaricdən dərman gətirdib. Onun sözlərinə görə, əvvəlcə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini (hospital da bu idarənin nəzdindədir) Fərman Məmmədli ilə dərman gətirmək barədə danışıb. O da aralarındakı söhbəti idarənin rəisi Fikrət Qədiməliyevə deyib, razılıq alıb: «Fərman müəllim dedi ki, «sən xarici vətəndaşsan, 19 klinikanın proqram təminatına baxırsan, bunu da bacararsan». Fikrət Qədiməliyev razılıq verəndən sonra gətirməyə başladım. Bunun üçün əvvəl aylıq 20 faiz verirdim, sonra 25 faiz oldu. Türkiyədəki dərman şirkətləri ilə danışıqları özüm aparırdım».

F.Məmmədli isə ifadəsində demişdi ki, A.Ateş özü ona müraciət edərək dərman gətirmək istədiyini deyib və bu barədə idarənin rəisi ilə danışmasını xahiş edib. O da xahişi yerinə yetirib.

«Mən buna «paket» demirəm»

İttihamda yazılıb ki, xaricdən gətirilən dərmanların bəyannamələri dəyişdirilərək gömrükdən mallar başqa adla keçirilib. Məsələn, elə dərmanlar olub ki, onların gətirildiyi qutuların üstünə uşaq bezləri yığılıb, bəyannamədə də bez yazılıb. Amma A.Ateş deyir ki, o, bəyannamələri dəyişməyib: «Mənim mallarımın üstündə heç vaxt uşaq bezi olmayıb».

Dindirmə zamanı məlum olub ki, A.Ateş öz apteki üçün dərmanları sifariş versə də, onlar Mərkəzi Gömrük Hospitalı üçün gətirilən mallarla birlikdə gəlirmiş. Sonradan hospitalda qutular ayrılır, A.Ateşin dərmanları ona verilirmiş.

«Mənim rəsmi maaşım 170 manat idi. Amma 2200 manat alırdım. Bunun 170 manatı karta köçürdü, qalanını nağd alırdım. Mən buna «paket» demirəm, maaş deyirəm. Çünki işə qəbul olunanda razılaşdığımız məbləği almışam», – bunu da A.Ateş deyib.

«Hospitalda yığılan pulun uzağı 30 faizini rəsmiləşdirirdik»

Mərkəzi Gömrük Hospitalının mühasibi Elnurə Novruzlu məhkəmədə şahid qismində ifadə verərkən gündəlik yığılan vəsaitlər və onların hansı hissəsinin rəsmiləşdirilməsi barədə danışıb. Deyir ki, gün ərzində yığılan vəsaiti və xəstələrin siyahısını axşam F.Məmmədliyə verirdi. Ertəsi gün səhər siyahı ona qaytarılır və nə qədər hissəsinin rəsmiləşdirilməsi barədə göstəriş verilirdi. Onun sözlərinə görə, gündəlik gəlirin ən çox 30 faizi rəsmiləşdirilib: «Ən çox 30 faizi rəsmiləşdirirdik. Bunu da idarə rəisinin göstərişi ilə edirdik».

Şahid onu da əlavə edib ki, düzdür, axşam pulu, siyahını rəis müavininə təqdim etsələr də, bütün proseslərə şəxsən rəisin özü – F.Qədiməliyev nəzarət edirdi.

E.Novruzlu deyir ki, hospitalda «Silinmə Komissiyası» vardı: «Mən niyə həmin komissiyanın üzvü olduğumu bilmirəm. Amma sənəd gələndə imza çəkirdik. Həmin siyahıda xəstələrə verilən dərmanlar var idi».

Xəzinədar İltizam Hüseynəliyev də ifadə verib. Deyir ki, F.Qədiməliyev nəinki bütün işlərə, hətta onların oturuşuna da nəzarət edirdi: «Necə oturmağımıza belə Fikrət müəllim nəzarət edirdi. Elə vaxt olurdu ki, kameradan baxıb, gecə saat 4-də zəng edirdi ki, o necə oturmaqdı?».

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, müavini F.Məmmədli və daha altı nəfər DTX-nın ötən il keçirdiyi əməliyyat nəticəsində cinayət məsuliyyətinə cəlb olunub. Onlar qanunsuz yollarla ölkəyə dərmanlar gətirib dövlət qeydiyyatından keçirmədən onların istifadə və satışında, həmçinin 15 milyon manatlıq mənimsəmədə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən F.Qədiməliyev indiki mərhələdə məhkəmədə ifadə verməkdən imtina edib. Onunla bağlı səslənən fikirlərə də heç bir münasibət bildirməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG