Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Rəqabət Məcəlləsi bu il qəbul oluna bilər-Media icmalı


V.Əhmədov
V.Əhmədov

Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq, Rəqabət Məcəlləsi ilə bağlı müzakirələr, bank kreditlərinə aid şikayətlərin araşdırılmasından ötrü Apellyasiya Komissiyasının yaradılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Rəqabət Məcəlləsinin ikinci oxunuşda qəbulundan 13 il keçir

Modern.az saytında «Rəqabət Məcəlləsi bu il qəbul oluna bilər - Beynəlxalq təşkilatlarla razılaşmalar aparılır» sərlövhəli yazı oxumaq olar.

Müəllif başlığa çıxarılan bu məcəllə ilə bağlı deputat Vahid Əhmədovla söhbətləşib.

Yazıda bildirilir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi «Strateji yol xəritəsi»ndə 2019-2020-ci illərdə nəzərdə tutulub.

V.Əhmədov isə sayta deyib ki, onun aldığı məlumata görə, hazırda bunun üzərində iş gedir və Milli Məclis keçən iki oxunuşa bəzi dəyişikliklər edir.

Deputat vurğulayıb ki, Rəqabət Məcəlləsi mütləq qəbul edilməlidir: «Çünki bu, «Strateji yol xəritəsi»ndə prezident tərəfindən təsdiq edilib... İslahatların ciddi və kompleks şəkildə aparıldığı indiki halda Məcəllənin qəbul olunması mütləqdir».

V.Əhmədov qeyd edib ki, bu məcəllənin 2019-cu ildə qəbul olunmasına çalışacaqlar: «Fikir verirsinizsə, son vaxtlar bazarda ciddi problemlər, bəzi məhsulların qiymətləri ilə bağlı narazılıqlar yaranıb. Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə bu kimi problemlərin həlli mümkün olacaq».

Deputat «bəziləri bu məcəllənin qəbul edilməsinə mane olur» fikrinə də toxunub: «Bəzilər dedikdə, əsas monopolistlər nəzərdə tutulur. Əgər Rəqabət Məcəlləsi «Strateji yol xəritəsi»nə dövlət başçısı tərəfindən salınıbsa, artıq buna heç kim mane ola bilməz və qəbul olunacaq».

Rəqabət Məcəlləsi 2006-cı ildə Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmayıb.

Dollar
Dollar

Kreditlərə görə Apellyasiya Komissiyası

Musavat.com saytında «Problemli kreditlərlə bağlı apellyasiya komissiyası yaradıldı» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilir ki, prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli məsələlərinə dair imzaladığı fərmanın icrası prosesində aprelin 15-dən etibarən yeni mərhələ başlanıb. Müəllifin vurğulamasına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin siyahısını, onlara ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən edərək, Maliyyə Nazirliyi və Mərkəzi Banka məlumat verməlidir: «Dünəndən etibarən (aprelin 15-dən) fərmanın əhatə dairəsinə düşən vətəndaşların banklarla münasibətlərinə dair narazılıqlar da çoxalıb».

Yazıda qeyd edildiyinə görə, redaksiyaya müraciət edən vətəndaşların bir qismi elektron bazada bir neçə gün əvvəl olan məlumatlarla yeni məlumatlar arasında fərqdən, digər qisim isə bağlanmış banklardan onların kompensasiya hüququnun olmadığına dair şifahi informasiya verilməsindən narazılıq edirlər.

Yazıda bildirilir ki, Palata bu kimi şikayətləri araşdırmaqdan ötrü Apellyasiya Komissiyası yaradıb və komissiya yaxın günlərdə fəaliyyətə başlayacaq: «Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qruplar fəaliyyət göstərəcək və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirəcəklər».

Yazıda o da vurğulanıb ki, güzəştlərdən faydalanacaq müştərilərin siyahısı ilkin olaraq dəqiqləşdirilib. Fiziki şəxslər bu siyahıda adlarının olub-olmamasını problemli kreditlər üzrə kompensasiya ödənişi və restrukturizasiya (kredit şərtlərinə yenidən baxılması-A.R) ilə bağlı yaradılan portal vasitəsilə yoxlaya bilərlər.

Prezident İ.Əliyev bu il fevralın 28-də banklara 10 min dollara qədər borcu olan vətəndaşlara güzəşt edilməsi ilə bağlı fərman verib. Fərmana əsasən, 2015-ci ildə baş verən devalvasiyalara görə kredit borcu olan vətəndaşlara dəyən ziyan dövlət hesabına ödənməlidir.

Bakı bulvarı
Bakı bulvarı

Əhalinin siyahıya alınması

«Azərbaycan» qəzetində «Bu il Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınmasının 2019-cu il oktyabrın 1-dən 10-na kimi keçirilməsi nəzərdə tutulub.

Yazıda xatırladılıb ki, bununla bağlı prezident 2016-cı il sentyabrın 7-də fərman imzalayıb. Fərmana uyğun bu iş Dövlət Statistika Komitəsinə həvalə edilib. Komitənin Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev deyib: «Əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti əhalinin hətta kiçik bir məskunlaşma yerində olsa belə, həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar... Əhalinin siyahıyaalınmasının dəyəri siyahıyaalmanın yekunları əsasında əldə olunacaq dolğun və müfəssəl məlumatlarla müəyyən edilir».

Müəllif sonda da yazıb ki, siyahıyaalınmadan əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi olacaq.

Yazıda o xatırladılıb ki, SSRİ dövründə Azərbaycan əhalisinin siyahıya alınması 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılıb. Müstəqillik dövründə isə bu, sayca üçüncü olacaq (1999-cu il, 2009-cu il).

XS
SM
MD
LG