İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ölkənin atom agentliyinə yeni başçı təyin edib. Ölkənin ən tanınmış nüvə alimini vəzifədə bu sahədə heç bir təcrübəsi olmayan şəxsin əvəzlədiyi xəbər verilir.
Salehi
Dövlət mediasının avqustun 29-da yaydığı xəbərə görə, daha öncə mənzil tikintisi və nəqliyyat naziri işləmiş Məhəmməd İslami İran Atom Enerjisi Təşkilatına rəhbərlik edəcək.
Ondan öncə uzun müddət həmin vəzifəni ABŞ-da təhsil almış keçmiş xarici işlər naziri Əli Əkbər Salehi icra edib. 2015-ci ildə dünya gücləri ilə nüvə sazişinin imzalanmasında Salehi vacib diplomatik rol oynamışdı.
Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən birtərəfli çıxandan sonra İran məhdudiyyətləri pozmağa, uran zənginləşdirməni artırmağa başladı.
Tehran nüvə proqramının dinc məqsədli olduğunu deyir.
İslaminin öncəki vəzifələri
ABŞ-da mühəndislik təlimi keçmiş İslaminin İranın hərbi sənayesilə əlaqələri var, Müdafiə Nazirliyinin tədqiqat departamentində nazir müavini kimi işləyib. O həmçinin İran Təyyarəqayırma Sənaye Şirkətinin direktoru, Aerokosmik Sənayelər Təşkilatı başçısının müavini olub.
Nüvə sazişinin bərpası üzrə aylardır Vyanada gedən danışıqların sentyabrda bərpası gözlənir. Öncəki raundlarda ciddi irəliləyiş əldə olunmayıb.
Danışıqlara İranla sazişi imzalamış ölkələrin – Çin, Fransa, Rusiya, Britaniya və Almaniyanın təmsilçiləri qatılır. Birləşmiş Ştatlar danışıqlarda Avropanın vasitəçiliyi ilə iştirak edir.
İslaminin mühəndislik və menecment qabiliyyəti İranın daxili ambisiyaları üçün faydalı ola bilər. İran 2011-ci ildə Rusiyanın köməyilə istifadəyə verilmiş Buşehr zavodundakı yeganə reaktora əlavə olaraq iki nüvə enerjisi qurğusu tikməyi planlaşdırır.