Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Az qala bir il həbsdə qaldı, günahsızlığı təsdiqləndi


44-yaşlı Rəfael Hüseynov bir ilə yaxındır ki, həbsdə idi. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə - satış məqsədilə külli miqdarda narkotik saxlamaqda ittiham edilirdi.

İddia olunurdu ki, onun yaşadığı evdən 5 kq-dan çox narkotik maddə - marixuana tapılıb.

Aylarla sürən işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Rəfael Hüseynov hər məhkəmə çıxışında günahsız olduğunu, onu polislərin şərlədiyini söyləyib:

“Məndə narkotik-filan olmayıb. Bu, “zakaz” işdir. Yalan yazıb doldurublar ora, məni şərləyiblər”. O bunları desə də, kimin və niyə sifariş verdiyini açıqlamayıb.

Rəfael Hüseynov deyir ki, polislər iş materiallarında onun tutulduğu yeri də doğru yazmayıblar. Onun sözlərinə görə, yaşadığı evə polislər gəlib, onu tutub aparıblar, ancaq protokollarda tamam başqa ərazidə saxlandığı göstərilib.

Onun məhz evindən aparıldığını yaşadığı ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin (MİS-in) rəisi İbrahim Hacıyev, həmin qurumun işçisi Aynur Musayeva da məhkəmədə təsdiqləyib.

“Dedilər ki, şəhərdən gəlmişik”

İbrahim Hacıyev deyir ki, iki nəfər mülki geyimdə gəlib, polis olduqlarını təsdiqləyən vəsiqələrini göstəriblər. Rəfael Hüseynovun həmin ərazidə yaşadığını söyləyərək, mənzilini göstərmək üçün MİS-dən kömək istəyiblər:

“Dedilər ki, “şəhərdən gəlmişik, buradakı ünvanları yaxşı tanımırıq”. Dedim ki, mən də dediyiniz adamı tanımıram. Kommunal xərclərin yığılması və başqa məsələlərə görə sakinlərlə daha çox işçilər ünsiyyətdə olur. Həmin vaxt işçilərdən Aynur xanım varıydı, onu polislərlə göndərdim ki, ünvanı göstərsin. Bir az keçdi, həyəcanlı vəziyyətdə gəldi. Hətta mənə də irad tutdu ki, niyə göndərmişəm onu”.

Aynur Musayeva məhkəmədə polislərlə birlikdə Rəfael Hüseynovun yaşadığı evə getməsindən, orada olanlardan bunları danışıb:

“Biz ünvana çatanda, mənə dedilər ki, “qapını döy”. Mən qapını döyəndə mənimlə birlikdə gələnlərin biri yuxarı mərtəbəyə qaçdı. Qapı açıldı, Rəfael Hüseynov mənə salam verəndə, o biri adam belindən silah çıxardı. Ona tərəf hücum elədi. Mən qorxub qışqırdım, qaçdım oradan. Rəisin yanına qayıdıb dedim ki, məni niyə elə bir işin arxasınca göndərib”.

Məhkəmə bu nəticəyə gəldi ki…

Məhkəmə həm Rəfael Hüseynovun, həm də polislərin həmin gün telefonlarının hansı ərazilərdə qeydə alınmasına dair araşdırma da aparıb və belə nəticəyə gəlib ki, Rəfael Hüseynov, özünün dediyi kimi, günahsızdır.

Yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rəfael Hüseynova hökm oxunub.

Hökmdən öncə o, son sözündə bir daha narkotik ittihamının böhtan olduğunu vurğulayıb:

“Ümummilli liderin də sözü vardı ki, dövlət iki şeydən sarsılır: günahsız cəzalananda, günahkar cəzasız qalanda. Mənim günahım yoxdur, sifarişlə həbs olunmuşam. Xahiş edirəm, mənə bəraət verəsiniz”.

Məhkəmə onun haqqında bəraət hökmü çıxarıb və Rəfael Hüseynov zaldan azadlığa buraxılıb.

Hakimlər Rəfael Hüseynovu tutan polislər haqqında da ayrıca qərar çıxarıblar. Onların hərəkətlərinin araşdırılması üçün barələrindəki qərar hüquq-mühafizə orqanlarına göndəriləcək.

İki maraqlı məqam

Bu məkəmədə başqa iki diqqətçəkən məqam olub:

Prokurorun öz çıxışında Rəfael Hüseynova qarşı narkotik ittihamının məhkəmədə sübuta yetirildiyini iddia edərək, onun 7 il həbslə cəzalandırılmasını istəməsi və Hüseynovun tutulduğu əməliyyata rəhbərlik etmiş polis zabiti Bəxtiyar Abbasovun qaydasız döyüş üzrə dünya çempionu olması.

XS
SM
MD
LG