Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 18:04

Rüstəm İbrahimbəyov kinonun problemlərindən danışıb


Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısında
Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısında

İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib.

İdarə Heyətinin üzvü Əli İsa Cabbarov AzadlıqRaiosuna bildirib ki, toplantının əsas məqsədi 11-ci qurultaya hazırlıq olub:

“Toplantıda kino istehsalında müxtəlif problemlərdən danışıldı, yeni layihələr elan edildi. Kino konsepsiyasının hazırlanması ilə bağlı qərar qəbul olundu və İttifaqa yeni üzvlər cəlb edildi”.

Əli İsa Cabbarov qeyd edib ki, İdarə Heyətinin qərarı ilə Kino Evinin və Kino Məktəbinin yaranması, fəaliyyəti ilə bağlı qərarlar qəbul edilib: “İttifaqının katibliyinə tapşırılıb ki, 2 avqustda qeyd edilən Kino Günündə Kino Evi və Kino Məktəbi fəaliyyətə başlasın”.

Kino Evində kino sahəsində müxtəlif görüşlərin, müzakirələrin, təqdimatların keçirilməsi də nəzərdə tutulur. Kino Məktəbində isə rejissor və kinodramaturgiya sahəsindəikiillik kurslar təşkil olunmalıdır.
Tədbirdə İttifaqın sədri Rüstəm İbrahimbəyov çıxış edib.

O deyib ki, tamaşaçıların zövqü hazırda kinonun problemlərindən biridir. Onun sözlərinə görə, Kino Məktəbinin və Kino Evinin məqsədlərdən biri də tamaşaçılarının zövqünün formalaşması olacaq.

Rüstəm İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.

Rüstəm İbrahimbəyovun yenidən gəlişi

2019-cu ilin əvvəllərindən o yenidən Azərbaycana gəlməyə başlayıb.
Bu ilin fevralında Rüstəm İbrahimbəyov yazırdı:

"Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir".

Rüstəm İbrahimbəyovun bildirməsinə görə, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir:

"İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?... Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?"

O, sonra da bunları əlavə etmişdi:

"İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır".

Rüstəm İbrahimbəyov sonda da bildirmişdi:

"Sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?"

Bundan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası da keçirilmişdi.

Xatırlatma

Rüstəm İbrahimbəyov Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir.

2013-cü ildə ölkə prezidenti postuna namizədliyini irəli sürüb. Ancaq sənədlərinin qaydasında olmaması üzündən bu istəyi gerçəkləşməyib. O, müxalifətdə olan Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə edib, həmin qurumun fəxri sədri olub.

Hələ, həmin seçkilərdən bir il əvvəl (2012-ci ildə) Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı yaradılıb. Eyni vaxtda Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi eyniadlı qurumda vergi yoxlamaları başlayıb.

Son illər isə o rəsmi təbliğatda «Qafqaz üçlüyü» filminə görə sərt tənqid olunurdu. R.İbrahimbəyovu 2015-ci ildə çəkilən bu filmə görə hətta vətənpərvərlikdən uzaq olmaqda günahlandırırdılar.

XS
SM
MD
LG