Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:26

'Rüşvət almayan' hakim kimə görə cəzalandırılır


N.Cəfərov
N.Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimlərindən biri də Namiq Cəfərovdur. Onun adı məhkəmə sistemiylə yanaşı, sosial şəbəkələrdə, vəkillər, praktik hüquqşünaslar arasında da tez-tez hallanır – rüşvət almayan, icraatında olan işlərə görə ona gələn sifarişlərə, verilən göstərişlərə «yox» deyən hakim kimi...

İndi həmin hakim cəzanın astanasındadır. Məhkəmə Hüquq Şurasında onun haqqında iki iş üzrə intizam icraatı başlanıb, hələlik, qərar verilməyib.

Bakı Apellyasiya Məhkəməsindəki mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, hakim N.Cəfərovun cəzalandırılmasının səbəblərindən biri qətnamədə vəkil Bəylər Məmişov haqqında yazdıqları olub:

Saxta sənədə görə vəkili günahlandırıb

«Namiq Cəfərovun sədrlik etdiyi məhkəmə tərkibi eyni mənzilin sahibi olduğunu iddia edən iki nəfərin mübahisəsinə baxıb. Tərəflərdən biri İran vətəndaşıdır, onun da vəkili Bəylər Məmişov olub. Onlar məhkəməyə tikinti şirkətiylə bağlanan bir müqavilə təqdim ediblər ki, həmin evin qarşı tərəfdən daha əvvəl alındığını sübut eləsinlər. Binəqədi Rayon Məhkəməsi həmin müqaviləyə əsaslanıb, həmin İran vətəndaşının iddiasını təmin edib. Cavabdeh qadının mənzildən çıxarılmasına qərar verilib. Qadın da o qətnamədən apellyasiya şikayəti verib. Namiq Cəfərov araşdırıb, dövlət orqanlarına sorğular göndərib və belə nəticəyə gəlib ki, həmin müqavilə saxtadır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, qadının xeyrinə qərar çıxarıb. Qərarında həm də saxta müqaviləyə, belə sənədi məhkəməyə təqdim etdiyinə görə qarşı tərəfin vəkili Bəylər Məmişovu ittiham edib».

B.Məmişov
B.Məmişov

N.Cəfərovun bu qərarından Ali Məhkəməyə şikayət verilsə də, mənzil mübahisəsi ilə bağlı onun gəldiyi nəticə doğru hesab olunub. Ancaq elə həmin məhkəmə qətnaməsində vəkil B.Məmişov haqqında yazılanlar, onun saxtakarlıqda ittiham edilməsinə görə N.Cəfərovun özünün, həmçinin onunla birlikdə sözügedən qərara imza atmış daha iki hakimin barəsində xüsusi qərar çıxarılıb.

«Bunu anlamaq üçün hakim olmaq lazım deyil»

«Namiq Cəfərovun elə qərarları var, orada məsələn, buna bənzər fikirlər olur: «bu həqiqəti anlamaq üçün heç hakim olmaq lazım deyil, azacıq savadlı olmaq kifayətdir». Yasamal Rayon Məhkəməsinin bir hakiminin çıxardığı qətnaməni ləğv edəndə onun da haqqında müəyyən fikirlər yazmışdı. Bu məsələyə görə də onun haqqında intizam icraatı başlanmışdı. Ümumiyyətlə, Namiq Cəfərovun prinsipial davranışına, başqalarının fikri ilə hesablaşmamasına görə Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə də problemləri vardı», - mənbə AzadlıqRadiosuna bildirib.

N.Cəfərov özü bu barədə danışmaq istəmir. Bakı Apellyasiya Məhkəməsi də məsələ ilə bağlı rəsmi açıqlama vermir.

«Qarışmıram, nəticə də məni maraqlandırmır»

Vəkil Bəylər Məmişov AzadlıqRadiosuna açıqlamasında hakim haqqında intizam icraatının onunla bağlı olduğunu təsdiqləyib. Bildirib ki, N.Cəfərovun çıxardığı qətnamədə heç bir sübut-dəlil olmadan o, sənədləri saxtalaşdırmaqda ittiham olunub. Ancaq deyir ki, özü Məhkəmə-Hüquq Şurasına şikayət etməyib: «Mən əsassız olaraq, məhkəmə qətnaməsində cinayətdə ittiham olunurdum. Heç bir sübut yox, mənimlə bağlı ittihamedici ifadə yox... Məsələyə sırf hüquqi baxımdan yanaşıb düşündüm ki, apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilə biləcək instansiya ancaq Ali Məhkəmədir. Məhkəmə Hüquq Şurasına müraciət etsəydim belə, bu qurum qərarı dəyişə bilməzdi. Ali Məhkəmədə də mənimlə bağlı hissədə o qərarı ləğv elədi. Belə nəticəyə gəldi ki, vəkilin təqsirsizlik prezumpsiyası hüququ pozulub. Xüsusi qərardad çıxarıldı ki, yol verdiyi pozuntuya görə hakimin əməlinə qiymət verilsin. Onun da əsasında intizam icraatı başlanıb. Müqavilənin saxtalığı barədə fikirlər də həqiqətəuyğun deyil».

B.Məmişov deyir ki, onun N.Cəfərova qarşı qərəzi yoxdur, heç hakimin cəzalandırılıb-cəzalandırılmaması da onu maraqlandırmır: «O işdə mən tərəf deyiləm, qarışmıram da, nəticəsi də məni maraqlandırmır. Məni maraqlandıran nəticə o idi ki, qətnamədə mənimlə bağlı əsassız ittihamlar ləğv olunsun, Ali Məhkəmə də ləğv elədi».

Sözügedən məhkəmə işindən AzadlıqRadiosu ayrıca söz açacaq. Saytımızı izləyin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG