Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Rövşən İbrahimov: 'Koreyada da şagirdlər repetitor yanına gedirlər'


R.İbrahimov
R.İbrahimov

Dörd ildir Cənubi Koreyanın Hanquk Universitetində dərs deyən politoloq, dosent Rövşən İbrahimov AzadlıqRadiosuna müsahibə verib.

O, buna qədər bir sıra ölkələrdə - ABŞ-da, Böyük Britaniyada, Polşada, Almaniyada, Qazaxıstanda ali məktəblərdə işləyib. Azərbaycanda isə bir neçə il öncə bağlanan Qafqaz Universitetinin müəllimi, beynəlxalq münasibətlər kafedrasının qurucularından biri olub. Eləcə də Odlar Yurdu Universitetində, Diplomatik Akademiyada dərs deyib.

Deyir, özünəməxsus mədəniyyəti, həyat tərzi olduğuna görə Asiya regionundan həmişə xoşu gəlib. İkincisi də həm də inkişaf etmiş ölkələrdən biri olduğuna görə burda işləmək istəyib.

Söhbətə Koreya təhsil sisteminin özəlliklərindən danışmaqla başlayır:

- Birinci növbədə Koreyanın orta məktəb sistemi dünyanın ən irəlidə olan tədris proqramlarından birinə malikdir. Əhəmiyyətli cəhət budur ki, istər böyük şəhərlərdə, istərsə də ucqarlarda tədrisin keyfiyyəti çox az fərqlənir. Balaca kənddə bir uşağın aldığı dərsin keyfiyyəti digər yerlərdəki, elə Seuldakı dərsin keyfiyyəti ilə eyni səviyyədədir. Bunun bir səbəbi də Koreyanin modernizasiyanı başa çatdırmış ölkə olmasıdır. Ölkə əhalisinin, demək olar, 94 faizi şəhərlərdə yaşayır. Həm ucqarda, həm şəhərlərdə yaşayan uşaqlar, cavanlar üçün xidmətlər eyni şəkildə əlçatımlıdır. Bunu da qeyd etmək lazımdır ki, internet, yüksək texnologiyalar inkişaf etdiyindən bu yolla alternativ məlumata çıxa bilirlər.

- Bəs müəllimlər haqda nə deyə bilərsiniz? Onların maaşı nə qədərdir?

- Koreyada çox önəmli məqamlardan biri müəllimlərin maaşının çox yüksək olmasıdır. Eyni zamanda, istər orta, istərsə də ali məktəblərdə müəllimlər daim öz üzərilərində işləməyə məcburdurlar. Əks təqdirdə işlərini itirə bilərlər. Bundan başqa, müəllimlər iş yerlərini 3-4 ildən bir dəyişirlər, keyfiyyət fərqi varsa, onu aradan qaldırırlar. Ancaq bunu da deməliyəm ki, Koreyada orta məktəb təhsili hər nə qədər yüksək səviyyədə olsa da, şagirdlər repetitor yanına gedirlər. Yəni bir lisey şagirdinin gündəlik olaraq təhsilə ayırdığı vaxt 12-16 saat arasındadır. Səhər saat 8-də evdən çıxırlar, təxminən saat 10-da, 11-də qayıdırlar. Bunun da səbəbi universitetə qəbulla bağlı rəqabətin çox yüksək olmasıdır. Koreyada çox yüksək səviyyəli universitetlər var, hər kəs onlara qəbul olmağa can atır. Burda universitet oxumadınsa, perspektivin yoxdur, buna görə hamı universitetə daxil olmağa çalışır.

- Ali məktəbdə oxumaq da orta məktəbdə oxumaq qədər çətindirmi?

- Universitetlərin səviyyəsi orta məktəbdən bir az geri qalır. Yəni Koreya ali təhsildə dünya səviyyəsindən bir az geridir, amma bunun səbəbini yenə də orta məktəbdə axtarmaq lazımdır. Təəssüf ki, əzbərçiliyə meyl var. Əzbərçilik də ona gətirir ki, məcburiyyətdən öyrəndiklərini sonradan yaddan çıxarırlar. Eyni metodla, əzbərçiliklə ali məktəbdə oxumağa çalışırlar. Halbuki ali məktəbdə artıq başqa keyfiyyətlər lazımdır, yəni analiz etmək, təxmin etmək, dialoq, diskussiya aparmaq. Bu baxımdan Koreya tələbələrində nöqsanlar var. Koreyada artıq yeni mərhələyə keçiblər - yaradıcılıq iqtisadiyyatına. Bu da yaradıcı yanaşma, analiz tələb edir. Bu baxımdan hesab edirəm ki, universitetdə və orta məktəbdə ciddi islahatlar getməlidir.

- Siz danışdıqca, istər-istəməz, Azərbaycan təhsil sistemi ilə fərqlər, oxşarlıqlar ortaya çıxır. Burda da yeniyetmələrin gündəlik həyatının böyük hissəsi hazırlıqlarda, dərsə hazırlaşmaqla keçir, əzbərçiliyə meyl çoxdur. Ali təhsil geridə qalır... Fərqlər nədir?

- Azərbaycandan fərqi odur ki, Koreyada müəllimlərin maaşı çoxdur. Bunun xaricində məktəblilər başa düşürlər ki, oxumasalar, perspektivləri yoxdur. Bu ölkədə perspektivini düşünən gənc başa düşür ki, iş tapa bilmək üçün yüksək səviyyəli ali məktəbə daxil olmalıdır. Bu da ona gətirib çıxarır ki, koreyalı tələbələr öz üzərilərində çox işləyirlər. Azərbaycan tələbələri koreyalılardan oturma, çalışma qabiliyyətinin çox yüksək olmasını öyrənə bilər. Onlar kitabxanada saatlarla oturub dərs oxuyurlar, bu, artıq vərdişdir. Bu onların taleyinin bir parçasıdır.

- Rövşən bəy, Koreya texnologiya sahəsində inkişaf etmiş ölkələrdəndir. Yəqin, koreyalı gənclər, sizin dediyiniz kimi, perspektivi düşünərək daha çox texniki elmlərə maraq göstərirlər, elədirmi?

- Doğrudur, həmin sahələrdə iş tapmaq daha asandır. Məsələn, «Samsung» şirkəti Koreyada ÜDM-in 17 faizini təşkil edir. Elə bil, Azərbaycanın SOCAR-ıdır. Buna görə tələbələrin çoxu həmin şirkətdə işləməyə can atır. Əlbəttə, bu baxımdan texniki sahəyə gedənlər daha çox üstünlük əldə edirlər. Amma burda ikili diplom sistemi var. Tələbə öz ixtisasından başqa bir ixtisas da seçə bilər. Bizim universitetdə də belədir - baxmayaraq ki, universitetimiz humanitar sahə ilə bağlıdır, bununla belə, burda texniki fənlər də keçirilir. Mənim bir tələbəm regionşünaslığı oxuyur, ikinci ixtisası isə kompüter mühəndisliyidir. Bir az çətindir. Amma fikirləşir ki, bu, gələcəkdə ona lazım olacaq. Koreya hökuməti də başa düşür ki, texniki sahəylə müqayisədə humanitar sahədə geriləmə var və ölkənin gələcək iqtisadiyyatı da daha çox yaradıcılığa söykənir deyə, hökmən ictimai fənlərin tədrisini gücləndirmək, inkişaf etdirmək lazımdır. Bu yöndə artıq böyük işlər görülür, həm tədqiqat baxımından, həm də müəllimlərin imkanları, onları resurslarla təmin etmək baxımından. Texniki fənlərlə müqayisədə ictimai fənlərin geriləməsindəki boşluqları doldurmağa çalışırlar. Fikirləşirlər ki, bu sahəni inkişaf etdirməsələr, sonrakı mərhələdə Koreyanın inkişafında problemlər olacaq. Koreyada təhsil sistemi şagirdə və tələbəyə qarşı çox tələbkardır. Eləcə də toplumun tələbədən gözləntisi çoxdur. Bu səbəbdən də ali məktəbə girə bilməməsi həzm olunmur.

R.İbrahimov
R.İbrahimov

- Hətta bu ölkədə 10-30 yaş arası intihar edənlərin sayının daha çox olduğu deyilir, bunun da şagirdlərin, tələbələrin təhsillə bağlı tələbkarlığın altında əzilməsi ilə izah edənlər var. Sizin müşahidələriniz nə deyir?

- Koreyalıların müəyyənləşdirdikləri minimumlar var. Bu minimumlara çatmaq ictimai rəydə də əhəmiyyətlidir. Yəni Azərbaycandakı kimi, «qıraqdan baxan nə deyər» yanaşması burda çox əhəmiyyətlidir. Gənclər universitetə daxil ola bilmək üçün gecə-gündüz çalışır, oxuyurlar. Və onlar universitetlərə girə bilməyəndə qınaq obyektinə çevrilirlər. Qınaq obyektinə çevrilməsə də, tələbə adını almayan gənc perspektivini görə bilmir. Hər il bu ölkədə imtahana girənlərin 70 faizi tələbə adını qazanır. Burda çox az adam universitet təhsili almır. Amma universitetə girmək kifayət etmir, önəmli olan keyfiyyətli təhsil verən, reytinqli universitetə daxil olmaqdır. Rəqabət şəraiti güclüdür. 400 universitet olsa da, bütün yük 10-15 universitet üzərindədir.

- Siz bunu necə dəyələndirirsiz, normaldır?

- Qiymətləndirmə sistemi elə formalaşıb ki, sinifdə tələbə və ya şagirdin yalnız bir hissəsi mütləq yuxarı bal toplamalıdır, bir hissəsi orta, bir hissəsi də aşağı. Əhəmiyyəti yoxdur, nə qədər yaxşı yazsalar da, bu belədir. Ona görə də sinifdə, qrupda çox ciddi rəqabət var. Yaxşı qiymət gələcəkdə onların iş tapması üçün də böyük əhəmiyyət daşıyır. Təhsil Nazirliyinin tələbi var, sistem elə qurulub ki, siz hamıya yüksək bal verə bilmirsiniz. Bu da əlavə rəqabət yaradır. Necə deyim, liberal iqtisadiyyatın vəhşi formasıdır. Universitet müəllimləri bundan narazıdır, o cümlədən mən də. Tələbə bəzən bilik üçün yox, qiymət üçün oxuyur. Sistem tələbəni əsas məqsədindən yayındırır. Ümid edirik ki, həmin sistemi dəyişəcəklər. Orta səviyyəli universitetlərin məzunları da işlə təmin ola biləcəklər. Yoxsa böyük şirkətlər birbaşa ən yaxşı universitetlərin tələbələrini işə götürürlər. Bu da qeyri-bərabər rəqabət mühiti yaradır. Əlavə stress yaradır və intihara yol açır.

- Bu təhsil sistemindən nələrin Azərbaycanda tətbiq edilməsini istərdiniz?

- Burda dərsdə praktiki tərəf çox güclüdür. Tələbələr bir və ya iki semestrlik digər ölkələrə gedirlər və oranın proqramları ilə öyrənmək imkanları yaranır. Artıq bizdə də bu proses yaranıb. Hesab edirəm ki, başqa ölkələrə gedib təcrübə qazanmaq çox əhəmiyyətlidir. Universitetdə belə bir prosedur da var - tələbə yaxşı bir şirkətdə praktikaya və ya işə başlayıbsa o, məzun da sayıla bilər. Tədris tələbənin gələcəkdə iş tapması üzərində qurulduğundan hesab olunur ki, işləyən tələbənin vaxt itirməsinə ehtiyac yoxdur. Müəyyən vaxtdan sonra dərslərə, imtahana girmədən də məzun ola bilir. Bu, olduqca gözəl imkandır. Bundan başqa, universitetlərdə texniki baza genişdir, onlayn tədris sistemi çox yüksəkdir. Müəllimlərin bürokratik, texniki işlərlə məşğul olması minimuma endirilib. Universitet müəllimindən daha çox tədqiqat tələb olunur, bununla bağlı illik minimum balları toplamalısan, əks təqdirdə müqavilə uzadılmayacaq. Burda tədqiqat apara və bunu çap etdirə bilən müəllimlərlə müqavilə bağlanır, eyni zamanda da, tədrisin keyfiyyəti yüksək olmalıdır. Tədrisin keyfiyyətini isə tələbələr qiymətləndirir, tədrisin onları qane edib-etmədiyini bildirirlər.

- Bunu Azərbaycanda reallaşdırmaq mümkündür?

- Buna bənzər sistem mən işlədiyim vaxtlar Qafqaz Universitetində, indiki Beynəlxalq Mühəndislik Universitetində müəyyən dərəcədə vardı. Həm tələbələrin müəllimləri qiymətləndirməsi, həm də onlayn sistemin geniş şəkildə istifadəsi mümkün idi. İndi əlaqəm azdır. Amma güman edirəm, başqa universitetlərdə də bu mümkündür. Bu işi qurmaq heç də çətin deyil. Buna ciddi iradə lazımdır, bir də müəllimlərin hazırlığı. Bu, universitetlərin sabahı da deyil, indisidir. Koreyada həm də bir şeyi başa düşüblər - İndiyədək ölkədə universitetlərdə tədris doğma dillərində idi. Amma indi universitetlər ingilis dilinə keçirlər. Bunun iki səbəbi var. Həm tələbələrini beynəlxalq arenaya hazırlayırlar, həm də xarici tələbələri ölkəyə cəlb edə bilirlər. Bir səbəb də var, Koreya zəngin ölkə olsa da, bütün ingilisdilli mənbələri tərcümə etmək çətindir, mənbələrə çıxışı ingilis dilində görürlər. Bizdə də eyni durumdur, balaca ölkəyik, resurslarımız xeyli məhduddur. Mənbələrə çıxmaq üçün ingilis dilini bilmək hökmən lazımdır. Əks təqdirdə tələbələrimiz beynəlxalq rəqabətdən kənarda qalacaqlar.

R.İbrahimov
R.İbrahimov

- Bu günlərdə Azərbaycanda müəllimlərin qurultayı keçirildi və baş nazirin müavini Əli Əhmədov bildirdi ki, təhsil sahəsində əzəmətli işlər görülüb. Sizcə, Azərbaycan təhsilində «əzəmətli işlər görülüb» demək olarmı?

- Rəqəmlərə baxmaq lazımdır, statistik rəqəmlər hər zaman maraqlıdır. Bir neçə faktor var ki, təhsilin göstəricisidir. Bunları Təhsil Nazirliyi də açıqlayır. Məsələn, bunların arasında ali məktəblərə qəbul zamanı keçid balının qiymətləndirilməsi. İldən-ilə yüksək bal toplayan tələbələrin sayının artdığını da görürük, eyni zamanda da, beynəlxalq arenaya, olimpiadaya çıxanların gətirdiyi uğurlar bir ölçüdür. Amma söhbət bunun kütləviliyindən gedir. İndi Azərbaycanda universitetlərarası rəqabət də artır. Bəzi universitetlərdə struktur və sistemi yenidən qurmağa çalışırlar, bu da önəmlidir. Bundan başqa, deyilənə görə, xarici müəllimlərin gətirilməsinə çalışacaqlar və onların bütün maddi ehtiyacları dövlət tərəfindən qarşılanacaq. Baxaq görək, bu sistem necə işləyəcək. Ümumiyyətlə, tədrisin keyfiyyəti müəllimdən asılıdır. Bundan başqa, keyfiyyətli kitabxana lazımdır. Ona giriş-çıxış 24 saat təmin olunmalıdır. Koreyada kitabxanalar 24 saat məhdudiyyətsiz işləyir. Onlayn kitabxana da yaradılmalıdır. Bununla yanaşı, mütləq universitetlərin yataqxanaları olmalıdır. Müəllimlər tədqiqat aparmalıdır, beynəlxalq arenaya çıxmalıdır. Müəllim öyrənmədən tələbəyə heç nə öyrədə bilməz. Kiminsə kitabından oxuyub danışmaq müəyyən müddət işə yarayar.

- Azərbaycana qayıtmağı, öyrəndiklərinizi burda nə vaxtsa tətbiq etməyi düşünürsünüz?

- Əlbəttə. Bir gün mütləq Azərbaycana qayıdacağam. Yeni təcrübə qazanmaq üçün Koreyada dərs deyirəm. Bildiyim qədər, burda mənim tədris metoduma ehtiyac görürlər, maraqlanırlar. Ona görə hələ bir müddət burdayam.

- Koreyada Azərbaycan haqqında nə bilirlər?

- Azərbaycan Koreya üçün təzə ölkədir. Çox adam haqqında eşitməyib. Amma Azərbaycan haqqında eşidən insanlarla da rastlaşmışam. Koreya nəşrlərində Azərbaycanla bağlı yazılar çıxır. Siyasi məqsədli yazılardı. Bu ölkə üçün Cənubi Qafqaz ölkələri yeni istiqamətdir. Azərbaycana iki il sonra birbaşa uçuşlar olacaq. Bu, həm iqtisadi, həm də digər münasibətlərimizə ciddi təsir göstərəcək. İndilik iqtisadi münasibətlərimiz güclü deyil. Amma düşünürəm, bu, zamanla dəyişəcək. Koreyada yetərincə azərbaycanlı təhsil alıb, Koreyadan Azərbaycana oxumağa gedənlər olub. Yəni körpü quracaq insanların sayı artıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG