Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

BMT baş katibinin Putinlə görüşündən nə nəticə hasil oldu?


Vladimir Putin və Antonio Quterreş Kremldə ənənəvi "uzun masa" arxasında
Vladimir Putin və Antonio Quterreş Kremldə ənənəvi "uzun masa" arxasında

Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibinə deyib ki, o Ukrayndakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreşə deyib ki, o Ukrayndakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir:

"Hərbi əməliyyatın davam etməsinə baxmayaraq, biz hələ də ümid edirik ki, diplomatik cığırda razılaşmalara nail ola biləcəyik”.

Putin bunu da qeyd edib ki, Rusiya və Ukrayna danışıqçıları, onun təbirincə deyilərsə, ötən ay İstanbulda keçirdikləri görüşdə “ciddi irəliləyişə” nail olmuşdular.

Putinin sözlərinə görə razılaşmanın əldə olunmasına Rusiya qüvvələrinin Buçada vəhşiliklər törətməsinə dair iddiaların irəli sürülməsi olub.

Putin iddia edib ki, guya həmin görüşdə “bizim ukraynalı həmkarlarımız təhlükəsizlik məsələsini ərazi bütövlüyü kimi məsələlərə bağlamırdılar”.

Putin bu qətllərlə Rusiya ordusunun heç bir əlaqəsinin olmadığını iddia edib.

O Buçada baş verənləri “təxribat” adlandırıb.

Mariupoldan evakuasiya

Xəbər verilir ki, Putin habelə Ukraynanın Mariupol şəhərindəki Azovstal zavodundan dinc sakinlərin evakusasiyasında BMT və Qırmızı Xaçın iştirakına “prinsipcə” razılıq verib.

BMT-nin sözçüsü bildirib ki, bu məsələnin praktik tərəfləri BMT-nin humanitar şöbəsinin əməkdaşları və Rusiya Müdafiə Nazirliyinin rəsmiləri arasında müzakirə olunacaq.

Rusiya bundan əvvəl Mariupoldan dəhliz verdiyini iddia etsə də, adamların mühasirədə olan bu şəhərdən çıxarılması mümkün olmayıb.

Quterreş görüş zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini “qonşu ölkənin ərazi bütövlüyünün kobud şəkildə pozulması” adlandırıb.

Quterreş Putindən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü.

***

BMT bütün səylərini Mariupolda insanların həyatının xilasına yönəltməyə hazırdır. Bunu qurumun başçısı Antonio Quterreş Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra deyib. Quterres bəyan edib ki, Qırmızı Xaç komitəsilə birlikdə Azovstal ərazisindən humanitar dəhlizin işini təmin etməyə hazırdır. O həmçinin Ukraynada hərbi cinayətlər haqda məlumatların müstəqil araşdırılmasına çağırıb.

Lavrov Ukrayna təmsilçilərini danışıqları vicdanla aparmamaqda, Qərb ölkələrini isə Ukraynaya silah “vurmaqda” ittiham edib. “Bu davam edərsə, danışıqların çətin ki bir nəticəsi olsun. Amma biz danışıqlar yoluyla həllə sadiqik”, – Lavrov deyib.

Nazir daha öncə bildirmişdi ki, sülh sazişinin mahiyyəti hərbi əməliyyatların gedişindən asılı olacaq.

Odessada körpü vurulub

Aprelin 26-da Rusiya qüvvələri Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Zatoka rayonundakı Dnestr körfəzi üzərində avtomobil və dəmiryolu körpüsü dağılıb. Körpü nəqliyyatın hərəkəti üçün bağlanıb.

Ukrayna dəmiryolu idarəsi körpüyə ziyan dəydiyini təsdiqləyib, amma dağıntının miqyası bəlli deyil. Xəsarət alanlar barədə də məlumat yoxdur.

Bu körpü strateji əhəmiyyətə malikdir, Odessanın cənub hissəsilə Ukraynanın qalan hissəsini birləşdirir. Onun üzərindən Rumıniyaya, Konstansa limanından yol keçir. Körpünün dağılacağı halda ancaq Moldova ərazisindən quru yolu qalır.

Rusiya ordusu körpünün vurulması faktını təsdiqləməyib.

Son vaxtlar Ukraynada nəqliyyat infrastrukturuna raket zərbələri endirilir. Beş dəmiryolu stansiyasına zərbələr nəticəsində Ukraynada qatarların hərəkət qrafiki pozulub.

***

BMT-nin Baş katibi Antonio Quterreş bir daha Ukraynada atəşkəsə çağırıb, Rusiyanın qonşusuna qarşı müharibəsinin dünyada ərzaq təhlükəsizliyinə təsirilə bağlı xəbərdarlıq edib.

“Effektiv dialoq, atəşkəs, dinc həll üçün mümkün qədər tez şərait yaratmağın yollarının tapılmasında həddən artıq maraqlıyıq”, – Quterres aprelin 26-da Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşün əvvəlində deyib.

Lavrov deyib ki, tərəflər “son onillər ərzində Avro-Atlantik regionda yığılan xeyli sayda problem üçün katalizator rolunu oynamış Ukraynadakı vəziyyəti” müzakirə edəcəklər.

Quterreş Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək, daha sonra Ukrayna liderləri ilə görüşməkdən ötrü Kiyevə gedəcək.

HRW-dan çağırış

Human Rights Watch (HRW) insan haqları təşkilatı isə Ukraynanın mühasirədə olan Mariupol şəhərinə nəzarət edən Rusiya qüvvələrini dinc sakinlərin təhlükəsiz şəkildə Ukraynanın nəzarətindəki əraziyə köçürülməsini təmin etməyə çağırıb.

Mariupol martın 2-dən Rusiya qüvvələrinin nəzarətindədir. Şəhərin əksər hissəsi dağıdılıb, minlərlə dinc sakinin öldürüldüyü bildirilir.

Mariupoldakı Azovstal polad zavodunda 2 minədək ukraynalı əsgər hələ də Rusiya qüvvələrinə müqavimət göstərir. Zavodda minədək dinc sakinin gizləndiyi deyilir.

“Ukraynanın cənub-şərqindəki Mariupol şəhərinə nəzarət edən Rusiya qüvvələri şəhərdə qalan dinc sakinlərin, öz seçimləri əsasında Ukraynanın nəzarətində olan əraziyə getmələrini təmin etməlidir”, – HRW aprelin 26-da bəyanatında vurğulayır.

“Şəhərləri xarabalığa çevrildikcə zirzəmilərdə gizlənən...”

Qurum yaşlılara, əlilliyi olanlara, xəstə və yaralılara xüsusi diqqət ayırmağın gərəkdiyini qeyd edir.

HRW Moskvada səfərdə olan BMT başçısı António Quterreşə müraciət edir ki, Rusiyanın aparıcı rəsmilərini Mariupolda dinc sakinlərin durumunu nəzərə almağa çağırsın, onlara xəbərdarlıq etsin ki, onlar “dinc sakinlərin qanunsuz ölümü, beynəlxalq humanitar hüququn digər ciddi pozuntularına görə məsuliyyət daşıya bilərlər”.

“İki aydır davam edən terrordan salamat çıxanlar, şəhərləri xarabalığa çevrildikcə zirzəmilərdə gizlənən Mariupol sakinlərinə təcili yardıma, təhlükəsiz təhlükəsiz evakuasiya marşrutlarına ehtiyacı var”, – HRW-dan İda Soyer deyib.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG