Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 06:34

'Qurtuluş-93'ün satış müdirinə 9 il həbs cəzası verildi


Hakim
Hakim

Masazır qəsəbəsindəki "Qurtuluş-93" yaşayış kompleksinin satış müdiri Elşad Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib. O, sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover" markalı avtomobillə qəza törədib dörd nəfərin ölümünə səbəb olmaqda suçlanır.

Amma Kəlbəliyev özünü təqsirli bilmir: Ümumiyyətlə, spirtli içki qəbul etmir və hadisə vaxtı sərxoş olması haqda ittihamda yazılanlar doğru deyil. Hadisəyə gəlincə, o bildirib ki, yol kənarında dayanan adamlardan biri qəfil yola tərəf qaçdığına görə onu vurmamaq üçün avtomobili sola tərəf çəkib. Nəticədə qarşıdan gələn avtomobillə toqquşub. Dörd nəfər də həmin avtomobildəki şəxslər olub: "Mən adamları vurmamaq üçün maşını sola çəkmişdim...".

Onun vəkilləri də məhkəmənin təkrar ekspertiza təyin etməməsinə, istintaqdan gələn sənədləri olduğu kimi qəbul edib əlavə araşdırma aparmamasına etiraz edir.

"100-dən artıq adamın evinə çörək aparmasına vəsilə olurdu..."

"Biz dinlənilmədik. Bilirəm ki, bu çıxışım da formal olacaq, məhkəmə nəzərə almayacaq. Məhkəmə sərxoşluqla bağlı ittihamı qüvvədə saxlayacaq. Əksi olsa, üzr istəməyə hazıram. Təəssüf ki, məhkəmələr çox vaxt ittihamı hökmə köçürmək üçün qaçılmaz bir mərhələ olur", – vəkil Əli Hüseynov belə deyib.

O əlavə edib ki, məhkəmə yol polisinin heç bir sübuta əsaslanmayan, sərxoşluqla bağlı protokolunu nəzərə alır, amma Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyini yox.

Digər vəkil isə zərərçəkmiş şəxslərin hamısıyla barışıq əldə olunduğunu vurğulayıb. Əlavə edib ki, Kəlbəliyevin azadlıqdan məhrum edilməsi cəmiyyətə fayda verməyəcək: "Cəzanın məqsədi islah etmək olmalıdır. Bu şəxs 100-dən artıq adamın evinə çörək aparmasına vəsilə olurdu, nə qədər adama kömək edirdi. Azadlıqda qalarsa, zərərçəkmişlərin bundan sonra da maddi qayğılarının həllinə kömək edə bilər. Həbsdə çürüməsi ancaq cəmiyyətin ziyanına olar...".

Lakin məhkəmə qısa müşavirədən sonra onun 9 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Hadisə necə baş verib

Hadisə 14 iyun 2021-ci ildə gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Kəlbəliyevin idarə etdiyi "Range Rover" markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas"la toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.

Kəlbəliyev Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur. O, həmçinin 2010-2020-ci illərdə fəaliyyət göstərmiş "Əlincə" futbol klubunun da prezidenti olub.

XS
SM
MD
LG