Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

Qurban Qurbanovu karyerasında 'daha ağır bir mərhələ' gözləyir


Qurban Qurbanov

«Qurban Qurbanovun milli yığmaya təyinatı doğru qərardır, amma çox gecikmiş qərardır». Qol.az saytının redaktoru Aydın Bağırov «Qarabağ» klubunun baş məşqçisinin milli yığmaya eyni mövqeyə gətirilməsini bu cür dəyərləndirir.

«...HƏM DƏ QÜRURDUR»

«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli də qərarı müsbət qiymətləndirir və ölkədə ictimai rəyin Qurban Qurbanovun tərəfində olduğunu bildirir:

«Bunu şərtləndirən səbəblər də vardı. Qurban Qurbanovun «Qarabağ»da göstərdiyi nəticələr, komandasının Avropa Çempionlar Liqasında qrup mərhələsinə düşməsi, burda keçirdiyi son oyunlar, ümumilikdə ardıcıl dörd dəfə çempion olması. Bütün bu uğurların məntiqi nəticəsi, təbii ki, yığmanın sükanı arxasına keçmək olmalı idi. Yığmanın məşqçisi olmaq təkcə hər baş məşqçinin arzusu deyil, həm də qürurdur».

«QURBAN QURBANOVU KARYERASINDA DAHA AĞIR BİR MƏRHƏLƏ GÖZLƏYİR»

Azərbaycanın futbol ictimaiyyəti Q.Qurbanovun Azərbaycan futbol yığmasına baş məşqçi gətirilməsi istəyini zaman-zaman səsləndirib. Bu istək ən çox da Berti Foqtsun yığmaya baş məşqçilik etdiyi dönəmdə dilə gətirilib.

«Təəssüflər olsun ki, AFFA o zaman yerli məşqçini – Qurban Qurbanovu deyil, əcnəbi məşqçi Robert Prosineçkini gətirdi. Düzdür, onun fəaliyyəti dövründə milli komanda ilk dəfə rekord nəticə - 10 xal qazandı. Amma bu, futbol yığmamız üçün vaxt itkisinə səbəb oldu. Ümumilikdə isə Qurbanovun təyinatı gecikmiş də olsa, düzgün qərardır», – A.Bağırov belə söyləyir.

Onun sözlərinə görə, milli komandanın yeni məşqçisini karyerasında daha ağır bir mərhələ gözləyir.

«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli
«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli

«ƏBƏS YERƏ GÖZLƏNTİ VAR Kİ...»

A.Bağırovun fikrincə, bu gün çox adamda əbəs yerə gözlənti var ki, Q.Qurbanov gələn kimi milli komanda gedib Avropa və ya Dünya çempionatının final mərhələsində oynayacaq. Redaktor hesab edir ki, illüziyaya qapılmaq gərək deyil, yığmaya və baş məşqçiyə vaxt vermək lazımdır.

«Avro-2020-nin dörd oyunundan biri Bakıda keçiriləcək. AFFA-nın hədəflərindən biri odur ki, milli komanda Avro-2020-də oynasın. Amma bizim final mərhələlərində oynayacaq futbolçularımız azdır. AFFA rəhbərliyi birinci növbədə Qurbanova dəstək olmalıdır, onun işinə müdaxilə etməməlidir, necə ki, bunu «Qarabağ» klubunun rəhbərliyi etdi. Hər hansı müdaxilə, fikir ayrılığı olarsa, Qurbanov uğur qazana bilməyəcək. Düzdür, Qurbanov peşəkar məşqçidir, özünə hörmət edən məşqçidir, o, müdaxilələrə imkan verməyəcək. Ona vaxt vermək lazımdır. Təsadüfi deyil ki, AFFA ilə müqavilə də altı ilə bağlanıb», – Qol.az saytının redaktoru deyir.

M.Rüstəmli də əmindir ki, Q.Qurbanovun işi asan olmayacaq. O da bunu futbolçu resursunun, xaricdə oynayan legionerlərin azlığı ilə izah edir. Üstəlik də, klubla yığma arasında fərqləri də qeyd edir:

«Klubda oyunçular bütün gün məşqçinin əlinin altındadırsa, hazırlıq prosesi ilə məşğuldursa, hər gün məşqə, həftəsonu oyuna çıxarırsa, yığmada vəziyyət fərqlidir. Yığmada oyunçular fasilələrlə, müəyyən oyunlar ərəfəsində toplaşır. Amma Qurban Qurbanov xarizmatik fiqurdur, futbolçulara təsir etmək, onları nəzarətdə saxlamaq bacarığı var, peşəkardır, komanda qura, sistem yarada bilir. Bütün bunları nəzərə alanda bu iş Qurban Qurbanov üçün çətin olmamalıdır».

Qurban Qurbanov «Atletiko Madrid»-«Qarabağ» oyununda
Qurban Qurbanov «Atletiko Madrid»-«Qarabağ» oyununda

YADDAN ÇIXMAZ «QARABAĞ» VƏ YA BİR ƏLDƏ İKİ QARPIZ?

Son mövsümdə Azərbaycan futbol tarixində ilk dəfə Avropa Çempionlar Liqasının qrup mərhələsində oynayan, hətta futbol şərhçilərinin təbirincə desək, boyundan yüksəyə tullanmağı bacaran «Qarabağ» klubunun aqibəti necə olacaq? Q.Qurbanovun yeni təyinatı klubun uğurlarına təsirini göstərməyəcəkmi, onun işini axsatmayacaqmı?

A.Bağırov milli komandanın özəyini «Qarabağ» klubunun oyunçularının təşkil etdiyini deyir:

«İkincisi də, Qurban Qurbanov klub məşqçisi kimi çempionatın oyunlarını izləyir, proseslərin içindədir, futbolçulara bələddir, bu baxımdan onun təyinatının «Qarabağ»a mənfi təsiri olacağını düşünmürəm».

M.Rüstəmli isə qarşıdakı bir ildə yığmanı ciddi oyunlar gözləmədiyi üçün bunun Qurbanovun «Qarabağ»dakı işinə ciddi təsir göstərəcəyini güman etmir. Amma hesab edir ki, müəyyən mərhələdən sonra o, «Qarabağ»ın sükanı arxasından çəkilə bilər, çünki eyni vaxtda həm klubda, həm yığmada uğurlu nəticə göstərməyi mümkün saymır.

AzadlıqRadiosu Q.Qurbanovun özü ilə danışmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG