Xəzər dənizindəki Qum adasında balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında belə qeyd edilir.
Nazirlik bildirir ki, iyulun 4-i və 5-də Qum adasının 3-4 km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub. Hadisənin səbəblərini araşdırmaqdan ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçiriblər.
Açıqlamaya görə, baxış zamanı müəyyən edilib ki, tələf olan balıqlar sivriburun kefalın körpələridir. Analizlər zamanı balıq nümunələrində infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə hallarının aşkar edilmədiyi vurğulanır.
Nazirliyin bildirməsinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalıb.
“ Balıqlar orqanizmləri bu dəyişikliklərə uyğunlaşmadığından kütləvi tələf olublar”, açıqlamada qeyd edilir.
Qum adası Bakı Arxipelaqının bir hissəsidir. Bu kiçik adaya Kiçik Zirə də deyilir.