Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Ekspert: 'Valideynlər uşaqlarını peyvənd etdirməsələr ölkədə epidemiya ola bilər'


Azərbaycanda yayılan virus nə qədər təhlükəlidir?
Gözlə

No media source currently available

0:00 0:14:06 0:00

Azərbaycanda yayılan virus nə qədər təhlükəlidir?

Azərbaycanda mövsümi qrip və qızılca xəstəliklərinin yayılmasına dair xəbərlər artıb. Səhiyyə Nazirliyi bu xəbərləri təkzib edir və vəziyyətin nəzarətdə olduğunu bildirir.

Rəsmilər narahatlığa əsas görmədiklərini bildirirlər. Amma məsələn, Bakı sakini Zaur Qurbanlı deyir ki, onun da azyaşlı oğlu xəstələnib və xəstəxanalarda yer tapmayıb:

“Virus 3-4 günə keçməli idi. Bütün tədbirləri görməyimizə baxmayaraq, 6 gündən çox davam elədi. Sistem qoyulsa da, dava-dərman etsək də qızdırmanı 39-dan aşağı sala bilmirdik. Keçən şənbə günü həkim xəstəxanada yatmalı olduğunu bildirdi. Biz gecə saat 2-də xəstəxanaya getdik. Olduğumuz xəstəxanalardan bizi qəbul edən olmadı, bildirdilər ki, bütün palatalar doludur. Hətta tanışlar vasitəsilə Təcili Tibbi Yardım xəstəxanalarında yer axtardıq, dedilər ki, boş yer yoxdur”.

Zaur Qurbanlı deyir ki, sonda uşağı Mərkəzi Kliniki Xəstəxanaya aparmağa məcbur olub və 2 günlük müalicəyə 680 manat xərci çıxıb.

Vasif İsmayıl
Vasif İsmayıl

Tibb Universitetinin müxtəxəssisi, həkim Vasif İsmayıl təəssüflənir ki, səhiyyə nazirliyi son vaxtlar yayılan viruslarla bağlı qabaqlayıcı tədbirlər görmür, xəstəliklərlə bağlı ictimaiyyəti doğru-dürüst məlumatlandırmır. O, daha çox qızılca xəstəliyinin yayılması haqda xəbərlərin narahatlıq doğurmalı olduğunu vurğulayır:

“Azərbaycanda qızılca yayılsa, ciddi epidemiya şəklində olacaq. 5 yaşına qədər xəstələnmiş, hər 5 uşaqdan biri ölə bilər. Bəs, qızılca üçün bu təhlükə niyə var? Çünki camaatda belə bir fikir formalışıb ki, qızılca peyvəndi daha təhlükəlidir. Ona görə də bu peyvəndi vurdurmur. Əgər bu peyvənd vurulmayıbsa, xəstəlik yayılacaq”.

Azərbaycan bir dəfə bu təhlükə ilə üzləşib

Vasif İsmayıl yada salır ki, Azərbaycan bir dəfə təhlükəli halla rastlaşıb. 1990-cı ilin ortalarında ölkədə difteriya yayılıb. O vaxt Dünya Səhiyyə Təşkilatının yardımı ilə əhaliyə dərhal peyvəndlər vuruldu və difteriyanın qarşısı alındı. O düşünür ki, əgər indi də əhali arasında vaxtaşırı zəruri peyvəndlər vurulmasa, ölkədə müxtəlif virus və xəstəliklər daha asanlıqla yayıla bilər.

Respublika Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva isə deyir ki, tezliklə əhali arasında qızılcaya qarşı peyvəndə başalanacaq:

“Bütün Avropa ölkələrində qızılcanın yayılması haqda xəbərlər var. Bizdə də tək-tək insanlarda qızılca qeydə alınır. Onların əksəriyyəti ya qızılcaya qarşı peyvənd olunmayanlar, ya da uzun illər öncə peyvənd olunanlardır. Qeydə alınanlar əsasən 20-40 yaş arası və daha yuxarı yaşlılardır. Çox yaxın zamanlarda böyük yaşlı insanlar arasında qızılca və məxmərəyə qarşı peyvəndləmə başlayacaq”.

Afaq Əliyeva onu da vurğulayır ki, xəstələrin sayı bir qədər artsa da bu hələlik epidemik həddi ötməyib.

O ki, qaldı mövsümi qripin yayılmasına, Afaq Əliyeva deyir ki, bununla bağlı da müraciətlər var, amma burada narahat olacaq məqam yoxdur.

Onun sözlərinə görə, bütün zəruri tədbirlər görülüb, nazir 2018-2019-cu payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları və qripə qarşı tədbirlərlə bağlı əmr imzalayıb. Regionda və paytaxta palatalar ayrılıb.

Qonşu Gürcüstan və Rusiyada qripdən ölənlərin sayının artması haqda məlumatlar yayılır. Gürcüstanda qripdən ölənlərin sayı 22-ə çatıb.

Səhiyyə Nazirliyinin işi yetərlidirmi?

Həkim Vasif İsmayıl deyir ki, bu xəstəliklərə mübarizə aparmaq, qabaqlayıcı tədbirlər görmək üçün ilk növbədə vaxtaşırı peyvəndlər olunmalıdır. O, Səhiyyə Nazirliyinin mövsümi virus və digər xəstəliklərin yayılması ilə bağlı işini yetərli saymır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Səhiyyə nazirliyi qriplə nə dərəcədə effektiv mübarizə aparır?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Amma Səhiyyə Nazirliyi bəyan edir ki, həm də vətəndaşların özləri bu virusla mübarizədə fəal olmalıdılar. Virusun yayılmaması üçün ilkin tədbirləri görməklə, özlərini qorumalıdırlar. Xəstəliyin ilkin əlamətlərini görən kimi həkimlə əlaqə saxlamalıdılar.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Vasif Əliyev deyir ki, qrip üst tənəffüs yolu infeksiyasıdır. Xəstələr burun tıxanıqlığı, öskürək, bəlğəm, yüksək temperatur, əzələ ağrılarından şikayətçi olurlar:

“Eyni şikayətlər qızılcada da müşayət olunur. Sadəcə müəyyən dövrdən sonra, qızılcaya xas səpgilər əmələ gəlir və temperatur aşağı düşür. Amma yüksək temperaturlu xəstələrdən uzaq olmaq tövsiyyə olunur. Çünki bu zaman virus daha tez yoluxur. Özümüz xəstə olduğumuz zaman isə davamlı maye qəbul etmək, havaya çıxmamaq tövsiyyə olunur”.

Vasif Əliyev
Vasif Əliyev

Vasif Əliyev deyir ki, qonşu Gürcüstan və Ermənistanda el arasında donuz qripi kimi tanınan H1N1 virusu yayılıb. Azərbaycanın şimal qonşularında isə qızılcanın yayılması haqda xəbərlər var.

Azərbaycan Səhiyyə Nazirliyi bu xəstəliklərlə bağlı durumun stabil olduğunu bildirir.

Fevralın 1-də Səhiyyə Nazirliyinin və Dünya Səhiyyə Təşkilatının birgə keçirdiyi mətbuat konfransında bildirilib ki, Azəbaycanda 16 nəfərdə H1N1 virusu tapılıb. Durum nəzarətdədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG