Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:48

'İndi maskalar, ümumiyyətlə, yoxa çıxıb'


Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb

Bakı apteklərində qoruyucu maskaların kəskin qıtlığının yaşandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna paytaxt sakinləri məlumat verib:

«Bütün Bakını gəzdik, heç bir aptekdə qoruyucu maska yoxdur. Bir həftə əvvəl qiyməti 10 qəpik olan maskanı, heç olmasa, 30-50 qəpiyə tapmaq mümkün idisə, indi maskalar, ümumiyyətlə, yoxa çıxıb. Bir-iki aptekdə başqa növ maskaları 4 manata satırlar. Bu isə bizim üçün çox bahadır. Dörd nəfərdən ibarət ailəyə 16 manat vermək gücündə deyilik»,- paytaxt sakinlərindən biri deyib.

«Turan» agentliyinin xəbərinə görə, onlar da Bakı şəhərində yerləşən müxtəlif apteklərə baş çəkiblər. «Maska yoxdur. Depodan bizə 50 maskası olan cəmi bir qutu maska verilir. O da yarım saata qurtarır. Maskaları hər gün vermirlər, hərdən iki gündən bir gətirirlər», - apteklərdən birində qeyd ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə agentliyə bildiriblər ki, apteklərin fəaliyyəti və orada satılan malları onlar tənzimləmirlər. «Apteklər özəldir deyə, maskaların olub-olmaması məsələsinə müdaxilə edə bilmirik», - qurumdan bildirilib.

Agentliyin xəbərinə görə, Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat xidmətindən isə deyiblər ki, bəzi apteklərdə qoruyucu maskaların olmaması ilə bağlı şikayətlər onlara da çatır: «...Biz bu məsələni aidiyyəti olan orqanlara çatdıracağıq».

Dərman və tibbi ləvazimatların ölkəyə idxalı, habelə apteklərə paylanması ilə məşğul olan şirkətlərdən isə şikayətlərə, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

Prezident belə demişdi...

Bir müddət öncə tibbi maskaların qıtlığı ilə bağlı məsələni ölkə başçısı da gündəmə gətirmişdi.


«Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir...», - iki həftə öncə - martın 3-də prezident İlham Əliyev demişdi.

Bundan bir qədər sonra Daxili İşlər Nazirliyi qanunsuz maska alveri ilə məşğul olan bir qrupun da aşkarlanıb məsuliyyətə cəlb edildiyini açıqlamışdı. Ondan sonra maska qıtlığı və onların satışında qiymət artımının nisbətən ardan qaldırıldığı bildirilirdi.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 8 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 34 şəxsdə koronavirus aşkarlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Bu virusun yayılmasından sonra dünyada tibbi maskalara tələbat artıb. Azərbaycanda və bəzi ölkələrdə tibbi maska satışında qiymət artımları müşahidə edilib.

XS
SM
MD
LG