Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:09

İran dərvişlərindən birinin həbsxanada öldüyü xəbər verilir


Dərviş Mohammad Raji
Dərviş Mohammad Raji

Ötən ay Tehranda təhlükəsizlik qüvvələri ilə sufi ordeninin davamçıları və ya dərvişlər arasında baş vermiş toqquşmanın ardınca həbs edildiyi deyilən şəxslərdən biri, qızının dediyinə görə vəfat edib.

Tayebeh Raji martın 4-də AzadlıqRadiosunun Farda redaksiyasına deyib ki, hakimiyyət orqanları Mohammad Rajinin “qanaxma və bədən xəsarətlərindən” komaya düşərək öldüyünü bildiriblər.

Müharibə veteranı olan Raji fevralın 19-da təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra həbs edilmiş dərvişlərdən biri idi.

İranda yaşayan 80-dək siyasi və insan haqları fəalı martın 3-də Qonabadi dərvişlərinin vəziyyəti barədə “xoşagəlməz xəbərlərin” alınmasından narahatlıq ifadə edən bəyanat yaymışdı. Media xəbərlərində Xorasanın Qonabad şəhərindən olan sufi ordeni liderlərinin həbsxanadakı vəziyyətinin ağır olduğu bildirilirdi.

Kalame də daxil müxalifət internet saytlarında dərc olunmuş bəyanatda sufilərlə bağlı hüquqi proseslərin ədalətli aparılmasına çağırış edilirdi.

Ötən ay Tehranda təhlükəsizlik qüvvələri ilə Qonabadi dərvişləri arasında toqquşma olmuşdu
Ötən ay Tehranda təhlükəsizlik qüvvələri ilə Qonabadi dərvişləri arasında toqquşma olmuşdu

Rajinin vəfatı İranda və xaricdə saylarının milyonlarla olduğu deyilən Qonabadi dərvişlərinin həbsxanada baş vermiş ilk ölüm halıdır.

Majzooban.org saytı martın 4-də yazıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından biri olmuş Raji 1980-1988 İran_İraq müharibəsində qaz hücumuna məruz qalıb. Həmin sayt yazır ki, Rajinin həbsxanada ölməsinə səbəb isə ona dindirmə zamanı verildiyi iddia edilən işgəncələr olub.

Bu internet saytı mərhumun ailəsindən alınan məlumata istinad edib.

Tayebeh Raji deyib ki, hakimiyyət orqanları martin 3-də ailəyə bir neçə dəfə zəng edərək dərvişin fotolarını gətirməyi xahiş ediblər. Onlar deyiblər ki, bu, kimliyin dəqiqləşdirilməsi üçün lazımdır.

Şəkilləri aparan qohuma həbsxanada bildiriblər ki, Raji olduğu deyilən şəxs qanaxmadan və xəsarətlərdən komaya düşüb.

Bundan sonra ailəyə Rajinin vəfat etdiyi xəbər verilib.

Dərvişlər fevralın 19-da baş vermiş toqquşmalardan sonra həbs edilmiş yoldaşlarının azad edilməsini tələb etmək üçün polis məntəqəsinə yollanmışdılar. Bundan sonra Qonabadi sufilərinin lideri Nurali Tabandehin evinin yanında yenə də toqquşmalar olub. Dərvişlər burada oturaq etiraz aksiyası keçirirdilər.

Rajinin qızı deyib ki, o dəfələrlə polis məntəqəsinə gedib və əgər atası komada idisə, ona və ailə üzvlərinə onunla son dəfə görüşmək imkanı verilməli idi.

Tayebeh Raji deyib ki, qardaşı Mohammad Ali də ötən ay həbs edilib. O bildirib ki, İraq müharibəsində yaralanmış atasına məhz qardaşı baxırdı.

Ötən ay ədliyyə sözçüsü Qolam Hoseyn Ejeyi demişdi ki, fevralın 20-də baş vermiş toqquşmada bir neçə polis nəfəri də həlak olub.

Ejeyi deyib ki, Rajinin qiyamçıların arasında olub-olmadığını bilmir.

XS
SM
MD
LG