Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 16:48

Qonşunun şəxsiyyət vəsiqəsi ilə postu keçmək istədi...


YPX

Quba sakini Mübariz Məstanov karantin rejimi dövründə Bakıya gəlmək istəsə də, icazəsi olmayıb. O, hərəkət icazəsi olan qonşusunun şəxsiyyət vəsiqəsindən yararlanmağa cəhd göstərib, amma alınmayıb- Sumqayıt ərazisindəki postu keçəndə tutulub. Bu hərəkətinə görə M.Məstanova 10 sutka həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinib.

45-yaşlı M.Məstanov haqqındakı 10-günlük həbs qərarından verdiyi apellyasiya şikayətində də yazıb ki, qanunsuz iş tutduğunu dərk edir, əməlindən də çox peşmandır. Onun sözlərinə görə, təcili işdən ötrü paytaxta gəlməliydi, başqa çıxış yolu tapa bilmədiyindən qonşusu Ramin Axundovun vəsiqəsindən istifadə etmək qərarına gəlib.

M.Məstanov uzun illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, üç azyaşlı övladının yeganə qazanc gətirəni olduğunu vurğulayıb. O, haqqındakı həbs qərarının dəyişdirilməsini istəyib.

İyulun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində onun şikayətinə baxılanda məlum olub ki, həbsdə saxlandığı 4 gün ərzində səhhəti pisləşib, təcridxanaya ondan ötrü üç dəfə Təcili Tibbi Yardım çağrılıb. Hər dəfə tibbi yardım göstəriləndən sonra durumu yaxşılaşıb.

Apellyasiya məhkəməsi bütün bunları nəzərə alıb, onun haqqındakı 10-günlük həbs qərarını dəyişərək 200 manat cərimə ilə əvəzləyib. M.Məstanov məhkəmə zalından azadlığa buraxılıb.

İndiyədək Azərbaycanda ümumilikdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 258 nəfərin vəfat etdiyi bildirilir. Gündəlik yoluxma sayı 500-dən yuxarıdır.

Ölkədə iyunun 21-dən sərt karantin rejimi bərpa olunub.

XS
SM
MD
LG