Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'Hakim işə düz baxmırdı, ona görə qollarımı doğradım...'


Hakim
Hakim

2017-ci ilin oktyabrında qatardan qaçan dustaqlar – «Qoca» ləqəbli Etibar Məmmədov Əli Ağami Şirvan şəhərində baş vermiş qətl hadisəsinə görə həbs olunmuşdular. Lənkəran Ağır Cinayətlər Məhkəməsində də həmin cinayət işinə baxılırdı. Bu qətldə təqsirləndirilən beş nəfərdən biri də Məhəmməd Heydərov idi.

Qaçan dustaqlardan Ə.Ağaminin yenidən tutulması, «Qoca»nın isə öldürülməsindən sonra sözügedən qətllə bağlı da hökm çıxarıldı. Hökmə əsasən, Ə.Ağamiyə 19 il, M.Heydərova isə 18 il həbs cəzası verildi. Həmin M.Heydərov sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqların qatardan qaçmasına görə həbs olunan 13 nəfərin işi üzrə prosesdə ifadə verib. O bildirib ki, «Qoca» ilə qonşu olublar. E.Məmmədovla Ə.Ağami Lənkərandan qayıdarkən qaçdığı gün M.Heydərov da onlarla eyni qatarda gəlirmiş. Ancaq onların qaçmasını görmədiyini deyir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmin gün proses M.Heydərova görə təxirə salınıb, dustaqlar Bakıya qaytarılıbmış. M.Heydərov bildirib ki, o, məhkəmədə özünə xəsarət yetirmişdi: «Hakim bizim işimizə düzgün baxmırdı. Mən də buna etiraz olaraq, əvvəlcə qollarımı doğradım, sonra boynumu kəsdim. Məni götürüb apardılar. Bilmədim ki, hakim qərar verdi, yoxsa bir başqasının fikri oldu, ancaq bundan sonra bizi Bakıya etap elədilər».

Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin rəisi Elçin Mirzəyev də məhkəmədə dindirilib. O da təsdiqləyib ki, M.Heydərov müvəqqəti saxlanması üçün şöbəyə gətiriləndə üzərində xəsarətlər vardı: «Üzərində xəsarətlər aşkarlandı. Bu barədə rəhbərliyə məlumat verdim. Bizə xəbər gəldi ki, həmin dustaqlar Bakıya etap ediləcək. Biz də onu təhvil verdik».

E.Məmmədov və Ə.Ağami qaçdığı gün qatarda gətirilən başqa dustaqlar da məhkəmədə ifadə veriblər. Onlar cinayət işinin materiallarında olan ifadələrini təsdiqləməyiblər. Məsələn, şahid Samir Xəlilov deyir ki, nə yazmağı bacarır, nə də oxumağı. Müstəntiqin protokola nə yazdığından xəbəri olmayıb, sadəcə, verilən sualları cavablandırıb.

Məhkəmə sentyabrın 24-də davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Ə.Ağami və E.Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində ölüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG