Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

Həbsdə olan müğənni: 'Bu işdə aldadılmışam'


Fədayə Məmmədova (Laçın)
Fədayə Məmmədova (Laçın)

Həbsdən qaçan dustaqlara yardım etməkdə suçlanan müğənni Fədayə Məmmədova (Laçın) deyir ki, onu bu işdə aldadıblar. Bu haqda onun vəkili Türkel Süleymanlı bildirib.

Dekabrın 21-də Bakı Apellyasiya Məhkəməsində F.Məmmədovanın barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun istintaq dövründə ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Apellyasiya şikayəti Nəsimi Rayon Məhkəməsinin qərarından verilib. Dekabrın 13-də orada müğənninin ev dustaqlığı ilə bağlı vəsatətinə baxılmış və təmin olunmamışdı.

***Buna da bax-Bakıda qatardan qaçan dustağa hökm - 19 il

Bakı Apellyasiya Məhkəməsinə F.Məmmədovanın özünü də gətiriblər. Vəkilinin sözlərinə görə, o, səhhətində problemlər olduğunu, xəstəlikdən əziyyət çəkdiyini hakimlərin nəzərinə çatdırıb və ev dustaqlığına buraxılmasını istəyib.

«Fədayə Laçın saxlanma şəraitindən şikayətçi deyil. Lakin o, fiziki cəhətdən əziyyət çəkdiyini söylədi», – vəkil T.Süleymanlının sözləridir.

Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

***Buna da bax-Məhbusların qaçışına görə 21 nəfər cəzalandırılıb

Bu qərarın humanist olmadığını, müğənninin səhhətindəki ağır xəstəliklə əlaqədar təcili müalicəyə ehtiyacı olduğunu deyən vəkil prezidentə müraciət etmək niyyətindədir.

Xatırlatma

F.Məmmədova 2017-ci il oktyabrın 23-də iki dustağın Lənkəran Ağır Cinayətlər Məhkəməsindən gətirilərkən qatardan qaçmasına görə başlanmış cinayət işi üzrə həbs olunub. Ona CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və ilkin istintaq dövrü üçün barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müğənni qaçan dustaqlardan biri, münasibəti olduğu bildirilən «Qoca» ləqəbli Etibar Məmmədova yardım etməkdə suçlanır. 37 yaşlı E.Məmmədov noyabrın 2-nə keçən gecə onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb. 1989-cu il təvəllüdlü digər dustaq Əli Ağami isə hadisədən üç gün sonra - oktyabrın 26-da Şirvanda həbs edilib.

Onların hər ikisi qətl törətməkdə təqsirləndirilirdi. Noyabrın 14-də qətl hadisəsinə görə Ə.Ağamiyə hökm oxunub - 19 il azadlıqdan məhrum edilib. Ə.Ağami, eyni zamanda, vaqondan qaçma ilə bağlı cinayət işi üzrə də təqsirləndirilir. Bu cinayət işində Ə.Ağami, F.Laçınla yanaşı, Penitensiar Xidmətin vəzifəli şəxsləri də təqsirləndirilir, onlar da həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG