Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Qaçan məhbusun öldürülməsi ilə bağlı rəsmi açıqlama


«Qoca» ləqəbli Etibar Məmmədov
«Qoca» ləqəbli Etibar Məmmədov

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 23-də etap zamanı qaçan məhkum Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə informasiyalar əldə ediblər.

«Aparılan yoxlamalarla Etibar Məmmədovun İlqar Əzimovla noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib. Onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər. Görülən cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib. Heç bir xəsarət almayan Şahmar Bəyəlizadə tutulub», -məlumatda vurğulanır.

Məlumatda bildirilir ki, avtomobilə baxış zamanı orada iki ədəd «Makarov» markalı tapança, xeyli sayda patron, giliz, bir ədəd əl qumbarası və bir ədəd bıçaq aşkarlanıb.

«Uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar və geyim əşyaları götürülüb. Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir», - məlumatda bildirilir.

Ancaq bu açıqlamaya ölən və saxlananların vəkillərinin, yaxınlarının münasibətini hələlik öyrənmək mümkün olmayıb.

Kriminal avtoritetlərin siyasi proseslərə təsiri ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:32 0:00

XATIRLATMA

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryol qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxta gətirilən iki məhbus qaçmışdı.

Etibar Məmmədov Əli Ağaminin qaçması ilə bağlı Cinayət Məcəlləsinin 304.2-ci (həbsdən mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

«Bununla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib. O cümlədən, 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib. 4 nəfər, o cümlədən konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub», – Ədliyyə Nazirliyin məlumatında bildirilirdi.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Astara-Bakı qatarından qaçan iki məhbusdan biri Ə.Ağami Şirvan şəhərində tutulmuşdu.

Bu məsələ ilə bağlı bir neçə mülkü şəxsin də, o cümlədən müğənni Fədayə Laçının da həbs edildiyi bildirilirdi.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu.

Ə.Ağami isə 120 (qəsdən adam öldürmə) və 228 (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək mühakimə edilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG