Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

'Qoca' necə öldürülüb?


Foto arxivdəndir
Foto arxivdəndir

2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən xüsusi vaqondan qaçmış iki dustaqdan biri – “Qoca” ləqəbli Etibar Məmmədovun necə öldürüldüyü məlum olub. Bu barədə əməliyyatda iştirak etmiş polislər avqustun 27-də məhkəmədə danışıblar.

Qaçan dustaqlarla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. “Qoca”nın öldürüldüyü əməliyyatda iştirak etmiş polislər bu işdə zərərçəkmiş qismində tanınıblar.

Onlardan Rəşad Məmmədov məhkəmədə bildirib ki, Etibar Məmmədovun tutulması üçün əməliyyatı Qaradağ rayonu ərazisində, Nəvai postundan Bakıya gələn istiqamətdə keçiriblər.

Onun sözlərinə görə, Etibar Məmmədov maşında iki nəfərlə birlikdə gəlirdi. Onların olduğu maşının qarşısını kəsəndə avtomobildəkilər atəş açıb.

Rəşad Məmmədov deyir ki, Etibargil polisin əmrinə tabe olmadıqlarına görə onlara atəş açıblar.

Digər polis əməkdaşı Ramil Səlimovun deməsinə görə, o, əməliyyata şəxsi avtomobili ilə getmişdi. Ramil Səlimov da ifadəsində söyləyib ki, öncə Etibar Məmmədov və yanındakılar atəş açıb, sonra polislər silaha əl atıb.

Etibar Məmmədov və yanındakı şəxslərdə silah olduğu iddia olunur, ancaq əməliyyat vaxtı “Qoca” ələ keçməmək üçün özünə bıçaqla xəsarət yetirib.

Bunu polis əməkdaşı Ramil Səlimov da məhkəmədə təsdiqləyib: “Onların maşınının qapısı bağlı idi. Mən gedib açdım. Etibar bıçaqla özünə xəsarət yetirmişdi".

Polislər təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını deyiblər.

Həmin vaxt maşında Etibar Məmmədovla birlikdə olmuş şəxslərdən Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayan İlqar Əzimov da öldürülüb. Üçüncü şəxs – Aqil Nəcəfov isə həbs olunub və hazırda dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə mühakimə olunanlar sırasındadır.

Məhkəmə avqustun 29-da davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın da var.

Bəhruz Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. Etibar Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG