Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

Rusiyada ksenofobiya və irqçilik


Sankt-Peterburq -- Divarda «Qaralara ölüm» yazılıb. 25 dekabr, 2005
Sankt-Peterburq -- Divarda «Qaralara ölüm» yazılıb. 25 dekabr, 2005

Rusiyada son vaxtlar irqçilik və ksenofobiya zəminində hücumların baş verməsi ilə bağlı hadisələr çoxalıb. Hücumların qurbanları ən çox Orta Asiya, Qafqaz, habelə Afrika və Asiya regionundan olan miqrantlar olur.


Aprelin 3-də isə Moskvada bir azərbaycanlı – NTV telekanalının müxbiri Elxan Mirzəyev metroda gedərkən skinhedlərin hücumuna məruz qalıb. Hazırda hadisəni Rusiyanın Baş Prokurorluğu araşdırır.


Elxan Mirzəyev: «Hadisəni bir qrup cavan uşaqlar etdi. Onlardan biri - başı tamam qırxılı, qara gödəkçə, hərbi şalvar və ağır hündür ayaqqabılarda olanı mənə yaxınlaşdı və soruşdu ki, millətin nədir? Dedim azərbaycanlı. Dedi azərbaycanlısan, Rusiyada nə edirsən, fikirləşmirsən ki, rədd olub getmək lazımdır. Bir də çevrilib gördüm ki, həmin oğlan başıma pivə tökür və gülür. Mən onu vurdum, sonra hiss etdim ki, mənə çox ağır zərbə dəydi, bu şüşə zərbəsi idi, sonra özümün stansiyada yerdə olduğumu hiss etdim. Sürücü qatarı saxladı və dedi ki, növbəti stansiyada onları polis qarşılayacaq. Polis gəldi, mən izahat yazdım. Ancaq polis onların millətçi, skinhed olduqlarını qeyd etmədi».


«Azadlıq»: Onları tutublar?


Elxan Mirzəyev: Yox. Hələ axtarış gedir. Mən inanıram ki, onları tutacaqlar, amma bu Rusiya üçün böyük və faciəvi bir problemdir.


«Azərros» Rusiyadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Mehriban Sadıqova deyir ki, Moskvadakı Azərbaycan cəmiyyətləri hadisənin araşdırılması çağırışı ilə Rusiya prezidenti və digər hökumət strukturlarına müraciət ediblər.


Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq təkcə gözəlliyi və qonaqpərvərliyi ilə deyil, həm də kriminallığı, o cümlədən irqçiliklə bağlı törədilən cinayətlərilə tanınır. Fevralın sonunda Sankt –Peterburqda skinhedlər Qazaxıstan vətəndaşı olan iki qadına hücum ediblər, onlardan biri azərbaycanlıydı. Qadınlardan biri aldığı zərbələrdən dünyasını dəyişmişdi.


Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Akif Qasımov deyir ki, burada azərbaycanlılara hücum edən skinhedlərin hamısı məsuliyyətə cəlb olunub və cəzasını alıb.


Rusiyada azərbaycanlıların ən çox yaşadığı regionlardan biri olan Volqoqrad vilayətinin Azərbaycanlılar Konqresinin rəhbəri Sakit Allahverdiyev isə, deyir ki, burada azərbaycanlılar tez-tez polis özbaşınalığı ilə üzləşir.


Rusiyada çıxan «Kommersant» qəzetinin xarici əlaqələr şöbəsinin redaktoru Azər Mürsəliyev isə, hesab edir ki, burada ksenofobiya meyllərinin artmasının kökündə əhalinin böyük hissəsinin ağır sosial vəziyyəti durur.

İrqçiliklə bağlı Rusiyada törədilən ən son hadisələrdən biri aprelin 5-də Krasnoyarskda olub. 20-yə yaxın gənc bir taciki qəddarlıqla döyüblər. Gazetu.ru saytı yazır ki, hücum edənlər skinhedlər olub.


«Assoşeyted Press» yazır ki, Rusiyadakı hüquq müdafiəçiləri hesab edirlər ki, millətçi qrupları ruhlandıran rəsmilərin milli zəmində törədilən cinayətlərə mülayim münasibətidir. Onlar Rusiyada neo-nasist və ekstremist ədəbiyyatın açıq satışından da narahatdılar.


XS
SM
MD
LG