Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Xəstəxanadan aparıb, həbs etdilər


Psixiatriya xəstəxanası. Foto arxiv
Psixiatriya xəstəxanası. Foto arxiv

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 minlik qızıl-brilyantının oğurlanmasına görə məhkəmədə bəraət alıb azadlığa buraxılan Rövşən Əhmədov yenidən həbs olunub. Bu haqda AzadlıqRadiosuna R.Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsi qızıl-brilyantın mənimsənilməsində təqsirləndirilən R.Əhmədova bəraət versə də, həm sabiq nazir müşaviri, həm də prokurorluq hökmdən narazı qalmışdı. Ona görə də prokuror hökmdən protest, Baxşıyev də apellyasiya şikayəti vermişdi.

***Buna da bax-'Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

Xeyli vaxt idi ki, bu məsələ Bakı Apellyasiya Məhkəməsində araşdırılırdı. Məhkəmədə prokuror bəraət hökmünün ləğvini, R.Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. Dekabrın 22-də apellyasiya məhkəməsinin qərarı elan olunmalıydı. Amma dekabrın 21-dən 22-nə keçən gecə Əhmədov çoxlu sayda həb içərək, özünü zəhərləyib. O, təcili yardım vasitəsilə Toksikologiya Mərkəzinə çatdırılıb. Oradan isə Maştağadakı 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.

«Psixiatriya xəstəxanasından polislər gəlib çıxarıb»

X.Əhmədovanın sözlərinə görə, yanvarın 16-da ona xəbər verilib ki, həyat yoldaşını psixiatriya xəstəxanasından polislər gəlib çıxarıb: «Dedilər ki, səhər saat 10-da Səbail rayonu, 8-ci polis bölməsinin əməliyyatçıları gəlib aparıblar. Bölməyə müraciət elədik, dedilər ki, bizdə belə adam yoxdur. Yalnız axşam saat 8 radələrində Kürdəxanıdakı istintaq təcridxanasından xəbər gəldi ki, az əvvəl ora gətiriblər. Adamı psixiatriya xəstəxanasından götürüb aparıb, sonra da həbs eləmək nə deməkdir?».

***Buna da bax-'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun gəlməməsini əsas gətirərək, yanvarın 8-də onun barəsində həbsli axtarış qərarı çıxarıb.

Əhmədovun həbsiylə bağlı rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb. Amma Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov da həbs xəbərini AzadlıqRadiosuna təsdiqləyib.

R.Əhmədov intihara əl atmamışdan öncə məktubda yazıb ki, Ç.Baxşıyev onu şərləyib, yenidən həbsinə nail olmaqda israrlıdır: «Yenidən şərlənib həbsxanaya düşməkdənsə, ləyaqəti ləkələnməkdənsə, ölmək yaxşıdır».

İntihara cəhd faktıyla bağlı da cinayət işi başlanıb, araşdırma davam edir.

Ç.Baxşıyev iddia edir ki, qohumu olan R.Əhmədova qatıq vedrəsi, çay qabı və başqa bir bükülüdə verdiyi üç bağlama qızıl-brilyantın əksər hissəsini o mənimsəyib. Əhmədov isə bildirir ki, o, qızıl-zinət əşyalarını ona verildiyi formada aparıb Ç.Baxşıyevin qızının evində kürəkəninə verib. Üstündən iki ay keçəndən sonra qohumu onu çağırıb deyib ki, qızılların bir hissəsi yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG