Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Mərkəzi Bankda 2291,9 kiloqram qızıl var


Gədəbəy qızıl filiz yatağında hasil edilmiş növbəti əmtəəlik qızıl partiyası İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Mərkəzi Bankına (AMB) yerləşdirilib.

Bu haqda bu gün, noyabrın 2-də Maliyyə Nazirliyinin yaydığı məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan hökümətinin mənfəət payı olan – 12865,2 troya unsiyası (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri noyabrın 2-də Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib və onlar AMB-də yerləşdirilib.

Nazirlik qeyd edir ki, bundan əvvəl Gədəbəydə hasil edilmiş 60 min 813,8 troya unsiyası (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Nazirlik Mərkəzi Bankda saxlanan qızılın ümumi həcmi barədə də məlumat verib.

Noyabrın 2-dək Mərkəzi Bankda saxlancda olan hökumətə məxsus qızılın miqdarı 73 min 679,0 troya unsiyasına (2291,9 kiloqrama) çatdırılıb. Həmin qızılların bazar dəyəri 91,7 milyon dollar təşkil edir.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Həmin müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına (Gədəbəy yatağında) 2009-cu ildə başlanılıb.

2015-ci ilin fevralında isə prezidentin sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb.

“AzerGold” QSC yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

XS
SM
MD
LG