Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Qadınlar atalarına məktublarında nə yazırlar


«Qafqazda …qızlar heç vaxt danışmır, atalarsa heç vaxt eşitmir».
«Qafqazda …qızlar heç vaxt danışmır, atalarsa heç vaxt eşitmir».

«Ata, bilirsən nəyi xatırlayıram? Daha doğrusu, çox şeyi xatırlayıram, ancaq iki xatirə məni incidir. Birincisi, uşaq bağçasında günorta yuxusu vaxtı soyunmağa utanıram. Tərbiyəçi kolqotqamı çıxaranda çox utanıram. Axı kolqotqanın altında dəyən zərbələrdən qıpqırmızı olmuş ayaqlarım və ombam var idi. Mən hətta bunun nə olduğunu da xatırlayıram. Yox, kəmər deyildi, elektrik üzqırxanının şnuru idi. Deyəsən, dəcəllik edirdim və bağçaya çox yavaş hazırlaşırdım, sənsə tələsirdin. Cəzanın özünü heç xatırlamıram, sadəcə, bağçada o ağappaq kabus kimi açılmış çarpayını, kolqotqadan yapışmış barmaqlarımı və «Çıxarmayacam!» deyə çığırmağımı xatırlayıram», – Mahaçqaladan S.A. yazır.

İki dağıstanlı jurnalist və hüquq müdafiəçisi – Svetlana AnoxinaAida Mirmaksumova «Atalar və qızlar» layihəsi çərçivəsində bu kimi məktubları toplayırlar. Layihə atalarla qızların münasibətlərinə həsr edilib.

«Qafqazda böyüklərlə kiçiklər arasında, xüsusən də qızla atası arasında səmimi söhbət ənənəsi yoxdur. Belə çıxır ki, qızlar heç vaxt danışmır, atalarsa heç vaxt eşitmir. Mübahisə və küskünlüklə olsa da, həll oluna bilən bir şey bəzən bəlaya çevrilir. Biz istəyirik ki, atalar artıq böyümüş qızlarının əslində nə düşündüyünü duysunlar. Hansı məqamda ata hökmünün onların həyatını korladığını, hansı məqamda atanın dəstəyinin onları xilas etdiyini, yola davam etmək üçün onlara güc verdiyini anlasınlar», – deyə layihənin müəllifləri yazırlar.

Anonim məktublar

Layihənin gerçəkləşdirildiyi iki ay ərzində ona Rusiyanın digər regionlarından, habelə Ukrayna, Ermənistan və Gürcüstandan da qadınlar qoşulub.

«Səni həmişə sevmişəm. Sən kiçik bacımı ərköyünləşdirəndə də. Məni kiçicik səhvimə görə döyəndə də. Qonşuların yanında məni alçaldanda da: «Ey, Lyoşka, bura gəl. Tez ol, ayaqlarını tərpət!». Yeniyetmə yaşımda haqqımda anama «Ondan düz-əməlli bir şey çıxmayacaq! Səni biabır edəcək!» deyib çığıranda da. Hələ də anlamıram, axı, sən niyə belə düşünürdün?», – Tbilisidən A.G. öz məktubunda yazır.

«Bütün məktublar anonimdir. Onlarda təşəkkür sözləri də var, ərk də, küskünlük də, çoxlu sevgi də. Qadınlar müxtəlif səbəblərdən atalarına şəxsən deyə bilmədiklərini bizə yazırlar: ya ata artıq həyatda yoxdur, ya o, atasını heç vaxt görməyib. Yaxud bəlkə də onlar eyni mənzildə yaşayırlar, ancaq onların bir-biri ilə ünsiyyət ənənəsi yoxdur. Ailədə böyümüş qızı qucaqlamaq, yaxud da atanı qucaqlayıb onu nə qədər çox sevdiyini demək ayıb sayılır. Şimali Qafqazda belə şeylərə çox rast gəlinir», – A.Mirmaksumova deyir.

«Məktəbli vaxtı atamın məni blokun qarşısında oğlanla durduğuma görə danlamasını xatırlayıram. Atamın gözünə təkcə bir şey görünürdü – yeniyetmə qızı hamının gözü qarşısında oğlanla bir yerdə dayanıb! Axı, bura Dağıstandır, burada ataların çoxu qızlarının yad oğlanlarla ünsiyyətə girməyini anlamır. Qonşular nə deyər? Bir sözlə, böyük dava oldu. Mən belə, oğlanlarla ünsiyyətin pis şey olduğunu düşünərək böyümüşəm», – deyə Aida xatırlayır.

«Düzgün» yolda olan atalar

Layihənin digər istiqaməti isə məktub müəlliflərinin atanın öz funksiyasını «düzgün» yerinə yetirdiyini düşündüyü hekayələri üzə çıxarmaqdır.

«Yadındadır, bir dəfə mən göz yaşları içində sırğamın itmiş tayını axtarmağa gedirdim, yolda səninlə qarşılaşdım? Biz səninlə evə sırğasız qayıtdıq, ancaq rahat idim, çünki bilirdim ki, məni qoruyacaqsan. O vaxtdan qızıla nifrət edirəm və bilirəm ki, ailə münaqişəsində mənim tərəfimdə olacaqsan», – deyə dağıstanlı D.A. atasına xitab edir.

«Təəssüf ki, biz ailədə kişinin rolunun cəzalandırmaqdan ibarət olduğu hekayələri də eşidirik. ...Ancaq bu, həmişə doğru deyil, belə hekayələr özünü müdafiəçi kimi aparan kişiləri kölgədə qoyur. Biz xatırlatmaq istəyirik ki, başqa tipaj, başqa hallar da var. Ana öz qızlarını Suriyaya aparıb, ata gedib uşaqlarını geri gətirib. Ailə hesab edib ki, qız ailənin şərəfini ləkələyib və qızın atasını fakt qarşısında qoyub, ata isə qızını xilas edib, ona pul verib və o kabusdan uzağa, başqa şəhərə yollayıb», – S.Anoxina deyir.

«...Bəzi qadınlar ...deyirlər ki, biz «evin sirrini çölə çıxarırıq». Məncə, belə reaksiya nə dərəcədə vacib mövzuya toxunduğumuzu bir daha təsdiqləyir», – A.Mirmaksumova deyir.

Hüquq müdafiəçiləri, eyni zamanda, psixoloji və hüquqi yardım da göstərirlər. Bundan başqa, planda bu məktublardakı mövzular əsasında tamaşa qoymaq da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG