Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

'Qiymətlər az qala hər gün artır'


Baş nazirin müavini satıcıya: 'Yayda 2 manata kartof olmaz'
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Baş nazirin müavini satıcıya: 'Yayda 2 manata kartof olmaz'

Son vaxtlar Azərbaycanda un, çay və bir sıra başqa ərzaq mallarının qiymətlərinin bahalaşdığı bildirilir. Unda təqribən 10, bəzi növ çaylarda isə 20 faiz bahalaşma olduğu söylənir. Paytaxt sakinlərinin deməsinə görə, yaxın vaxtlara qədər «Karmen» MMC-nin məhsulu olan 50 kiloqramlıq bir kisə unu 25 manata alıblar. Amma son günlər onu bəzi marketlərdən 28 manata aldıqlarını vurğulayırlar.

«Karmen»dən cavab: «Un bahalaşmayıb»

«Turan» agentliyinin xəbərinə görə isə, «Karmen» MMC-nin direktoru İlham Xəlilov unun bahalaşması haqqında deyilənləri təkzib edib. Onun bildirməsinə görə, bir aydan yuxarıdır onlar 50 kiloqramlıq unu 23 manat 30 qəpiyə satırlar.

«Bahalaşma təkcə çayda və ya unda deyil. Bütünlükdə mövsümi ərzaq məhsullarının, eləcə də gündəlik istehlak mallarının bəzilərinin qiymələrində bahalaşma var və bu, ümumi tendensiyaya dönür».

Bunu Azadlıq Radiosuna iqtisadçı Nemət Əliyev bildirib. Onun sözlərinə görə, qiymətlərlə bağlı rəsmi məlumatlar özünü doğrultmur.

N.Əliyev deyir ki, gündəlik ərzaq mallarından soğanın, pomidorun, xiyarın, çayın, unun və başqa məhsulların qiymətlərində bahalaşma var, bunu inkar etmək mümkün deyil.

N.Əliyev
N.Əliyev

«15-20 gün öncə...»

İqtisadçının vurğulamasına görə, ərzaq satılan marketləri nəzərdən keçirdikdə qiymətlərin az qala hər gün artması müşahidə edilir: «15-20 gün öncə qiymətlərində nisbi sabitlik müşahidə edilən ərzaq malları bahalaşıb. Hətta bəzi böyük marketlərdə satılan ərzaq məhsullarının üzərinə bir qiymət vurulur, amma istehlakçı məhsulun haqqını kassaya ödədikdə verilən kassa qəbzlərində artmış qiymətlərin şahidi olurlar».

«Bahalaşma artımı üstələyir»

N.Əliyev deyir ki, satış yerlərində yalnız idxal mallarının yaratdığı bahalaşma 14-15 faizin üzərindədir: «Ona görə də, bəzi rəsmi qurumların bahalaşmanın səviyyəsi ilə bağlı verdikləri açıqlamalar özünü doğrultmur. Açıq şəkildə görünür ki, bahalaşma səviyyəsi minimum əməkhaqqı, minimum pensiya artımını üstələyir».

İqtisadçının sözlərinə görə, bahalaşma insanların güzaranına da ciddi şəkildə təsir göstərir...

F.Mustafa
F.Mustafa

İdxal və inhisar

Deputat Fazil Mustafa da hesab edir ki, ölkədə gerçək bahalaşma daha çoxdur və bu diqqətə alınmalıdır: «Özəl mülkiyyət anlayışı var... Ölkədə idxalın səviyyəsinin çox yüksək olması və üstəlik inhisar yerli bazarda qiymətin bahalaşmasına səbəb olur».

Deputatın fikrincə, bəzi hallarda sahibkar və ya vətəndaş inhisarçılıqla hesablaşmağa məcbur olur. F.Mustafanın fikrincə, inhisar ortadan qaldırılsa, azad rəqabət prinsiplərinə əməl olunsa, bahalaşma bu qədər olmaz: «Amma bunu direktivlə etmək doğru deyil, yalnız rəqabətlə etmək mümkündür... Mal çoxluğu özü qiyməti aşağı salır».

Məsələyə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında son məlumatında isə ucuzlaşmadan bəhs edilirdi. Orada yazılmışdı ki, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.3 faiz ucuzlaşıb. Qurumun açıqlamasına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0ə8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0.1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG