Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:59

Qiyas İbrahimovun anası: 'Bu, qisasçılığın nəticəsidir'


Qiyas İbrahimovun anası Şura Əmiraslanova. 7okt2017

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan bir gün sonra həbs olunub, 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov haqqında daha bir cinayət işi məhkəmə baxışına verilib. Noyabrın 7-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu haqda qərar verib.

Bu cinayət işində 23 yaşlı Qiyasla yanaşı, atası Həsən İbrahimov da təqsirləndirilən şəxsdir. Onlar iyun ayında Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun 10 il həbsi ilə bağlı şikayətə baxıb, hökmü qüvvədə saxlayan Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər kollegiyasına hörmətsizlik etməkdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289.2 (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham verilib.

Qiyas İbrahimovun atası Həsən İbrahimov.
Qiyas İbrahimovun atası Həsən İbrahimov.

Məhkəmənin ötən dəfəki hazırlıq iclasında prokuror Vüsal Abdullayev cinayət işinin məhkəmə baxışına verilib-verilməməsi məsələsinə münasibət bildirmək üçün vaxt istəmişdi. Noyabrın 7-də hazırlıq iclası davam etdirilib və prokuror bu dəfə deyib ki, İbrahimovlar haqqında cinayət işi baxışa verilib, araşdırılmalıdır.

“GÖRMƏSİ GETDİKCƏ ZƏİFLƏYİR”

Amma Qiyas və Həsən İbrahimovların vəkili Elçin Sadıqov etiraz edib. Deyib ki, cinayət işinin hüquqi əsasları yoxdur. Vəkil cinayət işinə elə hazırlıq iclasında xitam verilməsini istəyib.

Gənc fəal və atası da vəkilin sözlərinə şərik olub.

Amma hakim qısa müşavirədən sonra İbrahimovlar haqqında cinayət işinin baxışa verilməsi haqda qərarı elan edib.

Məhkəmə baxışı noyabrın 17-nə təyin olunub.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova AzadlıqRadiosu-na deyib ki, bu cinayət işi quramadır: “Bu da Qiyasa qarşı qisasçılığın, kinin nəticəsidir. Bunların belə yersiz kini, nifrəti nə qədər davam eləyəcək? Bir gəncə qarşı bu qədər haqsızlıq nə hüquqa sığar, nə insanlığa”.

Ş.Əmiraslanova onu da bildirib ki, Qiyasın gözlərində problemlər var: “Yaşarma var, görməsi getdikcə daha da zəifləyir. Göz üçün dərmanlar alıb aparacam. Bu cinayət işi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən Kürdəxanı təcridxanasına köçürüləndən sonra onunla görüşə bilməmişəm”.

XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar . Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək «Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...» deyib.

Bu, hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa, onu 6 aya kimi həbs gözləyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə xəstəxanaya düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG