Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:14

Vəkil: 'Narkotikin üstündəki izlər kimə aiddir?'


Qiyas İbrahimov
Qiyas İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilməsi barədə hökmdən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Dekabrın 26-da keçirilən məhkəmədə Qiyas İbrahimovun vəkili Elçin Sadıqov bir neçə vəsatət qaldırıb.

Vəkil müdafiə hüququnun təmin olunması baxımından, zərurət yarananda Qiyasla məsləhətləşmək üçün onun məhkəmə zalındakı səskeçirməz şüşə qəfəsdən çıxarılıb onun yanında əyləşməsinə icazə verilməsini istəyib.

Buna da bax:​ 'Ana, mən artıq yolkamı qurmaq istəyirəm...'

"Daxili İşlər Nazirliyi də... cəlb olunsun"

Müdafiəçinin digər vəsatəti Daxili İşlər Nazirliyinin də bu işə cəlb edilməsi haqda olub. Vəkil deyir ki, Qiyas İbrahimovun həbsindən sonra - mayın 12-də Daxili İşlər Nazirliyi bəyanat yayaraq, gənc fəal saxlanılarkən üzərindən 2,607 qram, daha sonra da evlərindən 1 kq. 10 qram narkotik aşkarlandığını ehtimal kimi yox, fakt kimi bildirib: "Xahiş edirəm, bəyanatı yayan haqda xüsusi qərar çıxarılsın. Eyni zamanda, bu bəyanatla Qiyas İbrahimovun təqsirsizlik prezumpsiyası hüququnun pozulması faktı tanınsın".

Elçin Sadıqov Qiyas İbrahimovdan tapıldığı iddia olunan narkotikin üzərindəki əl-barmaq izlərilə bağlı ekspertiza keçirilməsi haqda da vəsatət qaldırıb: "Biz əminik ki, o narkotikin üzərindəki əl-barmaq izləri polislərin özünə aiddi".

Buna da bax:​ Heykəltəraş: 'Onlar bisavadlıq edib, 'gül bayramı' yerinə 'qul bayramı' yazıblar'

Ali Məhkəməyə şikayət olunacaq

Həbs olunarkən, Qiyas İbrahimova dövlət hesabına vəkil verilib - Oqtay Əliyev. Birinci instansiya məhkəməsində işinə baxılarkən, Qiyas İbrahimov bildirib ki, Oqtay Əliyevin adı müdafiəçi olub, özü isə ona vəkillik etməyib, sadəcə, polislərin istədiyi sənədləri imzalamaqla işini bitirib.

Vəkil Elçin Sadıqov bugünkü məhkəmədə həmkarı Oqtay Əliyevin də dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkilin məhkəmədə dindirilməsini istədiyi şəxslərdən biri də Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili Şirəli Babayevdir. Söhbət Qiyasla birlikdə heykələ şüar yazmış və ardından onun kimi narkotik ittihamı ilə saxlanılan Bayram Məmmədovun həbsində iştirak edən adamdan gedir.

Buna da bax: 'Nardaran işi' ilə 'heykəl işi' arasında əlaqə varmış...

"Qiyas İbrahimovun işinin Şirəli Babayevə heç bir aidiyyəti olmayıb. O, hansı səlahiyyətlə özünə aid olmayan iş üzrə ekspertiza təyin olunmasına qərar verib? Xahiş edirəm, çağrılıb dindirilsin, bu haqda suallarımıza cavab versin", - Elçin Sadıqov vəsatətini belə əsaslandırıb.

Vəkilin sonuncu vəsatəti isə Qiyas İbrahimovun həbsdən buraxılması haqda olub. Gənc fəal barəsində hökmün hələ qüvvəyə minmədiyini deyən müdafiəçi onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Buna da bax:​ 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Hakimlər Qiyas İbrahimovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar veriblər. Müdafiəçi ilkin baxış iclasının bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün məhkəmədən vaxt istəyib. Məhkəmə dekabrın 29-dək ertələnib.

Xatırlatma

Qiyas İbrahimov ötən il mayın 10-da həbs olunub. O, CM-in 234.4.3-cü (satış məqsədilə narkotik saxlama, daşıma) maddəsilə suçlu bilinərək, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbs cəzası alıb.

Buna da bax: Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

Qiyas İbrahimov ittihamı qəbul etmir və heykələ şüar yazdığına görə narkotiklə şərləndiyini bildirir.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimovu "vicdan məhbusu" elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG