Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:17

Nəzarətçilər: 'Həsən İbrahimov hakimlərə 'alçaq oğlu alçaqlar' deyib...'


Həsən İbrahimov

Mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra həbs olunan gənc fəal Qiyas İbrahimov apellyasiya şikayətinə baxmış hakimlərin məhkəmədə dindirilməsini istəyir.

Söhbət bu ilin iyununda Bakı Apellyasiya Məhkəməsində onun işinə baxıb, 10 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlamış hakimlər Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovdan gedir. İş burasındadır ki, sadalanan hakimlər sonradan Qiyas və atası Həsən İbrahimovlardan şikayətçi olaraq, bu adamların məhkəmədə onları təhqir etdiklərini deyiblər. Nəticədə ata və oğul İbrahimovlara qarşı CM-in 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə cinayət işi başlanıb. İndi həmin cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov baxır.

Noyabrın 23-də keçirilən məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin dörd nəzarətçisi və üç konvoy dindirilib. Onlar Qiyas İbrahimov haqqında qərar açıqlanan gün məhkəmə zalında olub-bitənlər barədə ifadə veriblər.

Buna da bax: Qiyas İbrahimovun anası: 'Bu, qisasçılığın nəticəsidir'

İbrahimovların vəkili Elçin Sadıqov Qiyasın məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb yanında əyləşməsinə icazə verilməsini istəyib. O, şahidlər dindirilərkən Qiyasla məsləhətləşmə baxımından bunun vacib olduğunu söyləsə də, hakim razılaşmayıb.

“Dedi ki, “övladlarınızın başına gəlsin”

Məhkəmə nəzarətçilərindən şahid qismində dindirilən Aygün Cəmilova deyib ki, hakimlər Qiyas İbrahimov haqqında hökmün qüvvədə saxlandığını elan edəndən sonra onun atası əsəbiləşib və hakimlərə tərəf gedərək “Vicdansızlar”, “Övladlarınızın başına gəlsin” kimi ifadələr işlədib. İstintaqa ifadəsindəsə şahid xanım Həsən İbrahimovun prokurorun çıxışından sonra əsəbiləşib bu addımı atdığını deyib. Cəmilova bu ziddiyyəti olaydan xeyli vaxt keçdiyinə görə müəyyən məsələləri xatırlamaması ilə əsaslandırıb.

Buna da bax: Heykələ şüar yazan gənc fəal yeni ittihamla məhkəmə qarşısında

Daha iki nəzarətçi – Vüqar QaralovVüsal Ağayev iddia ediblər ki, Həsən İbrahimov hakimlərin ünvanına “Alçaq oğlu alçaqlar” ifadəsini səsləndirib.

“Çıxış üçün Qiyas İbrahimova söz veriləndə o dedi ki, “mən nağıl danışacağam”. O, danışanda hakim çıxışını yarımçıq kəsdi. Onun saxlandığı kabinədə məhkəməyə sədrlik edən hakimin yönəltdiyi mikrofon var, o mikrofon söndürüldü. Qiyas İbrahimov bundan əsəbiləşib mikrofonu yerindən çıxardı. Ardınca onun atası da hakimlərə “alçaq oğlu alçaqlar, övladlarınız mənim övladımın gününə düşsün” kimi sözlər dedi. Biz onu zaldan çıxardıq. Çıxa-çıxa da “Allah sizə lənət eləsin”, - dedi”, - məhkəmə nəzarətçisi Qaralov belə ifadə verib.

Vüsal Ağayev də bənzər məzmunlu ifadə səsləndirib.

“Bu adamlar hakimlərin atasını təhqir edir”

Vəkil Elçin Sadıqov məhkəmə nəzarətçilərinin doğru danışmadığını bildirib: “O hadisənin videosu cinayət işinin materiallarına əlavə olunub və dəfələrlə ona baxmışam. Bu adamlar öz ifadələri ilə hakimlərin atalarını təhqir edirlər. Videodan da görünür ki, orada “alçaq oğlu alçaqlar” ifadəsi işlənməyib.

Buna da bax:

Dustaqların aparılıb-gətirilməsinə və məhkəmədə saxlanmasına göz qoyan konvoylar - Taleh Yusifov, Şahin Quliyev və İslam Muradov da oxşar ifadə veriblər. Vəkil onlardan soruşub ki, həmin vaxt Qiyas xəsarət alıb, ona hər hansı yardım göstərilibmi? Konvoylar Qiyasın üzərində heç bir xəsarət görmədiklərini söyləyiblər.

Vəkil videogörüntülərdə Qiyasın xəsarət almasının - əlinin qanamasının açıq-aşkar göründüyünü vurğulayıb.

Qiyas və Həsən İbrahimovlardan şikayətçi olub, onların hərəkətini məhkəməyə hörmətsizlik kimi qiymətləndirən hakimlər istintaqda dindirilsələr də, məhkəməyə gəlməyiblər. Vəkil Elçin Sadıqov bildirib ki, müdafiə tərəfi olaraq, onların dindirilməsində israrlıdırlar.

“Hakimlər gəlib ifadə versinlər”

“Onlar istintaqdakı ifadələrində Qiyas və Həsən İbrahimovların əməllərinə birbaşa tövsifedici qiymət veriblər. Bildiriblər ki, onlar məhkəməyə hörmətsizlik eləyiblər. Bununla da həmin hakimlər İbrahimovların təqsirsizlik prezumpsiyası hüququnu da pozublar. Biz israrlıyıq ki, onlar məhkəmədə dindirilsin. Hətta istintaqda da məsələ qaldırmışdıq ki, hakimlər təhqir olunduqlarını iddia edirlərsə, o zaman zərərçəkmiş qismində tanınsınlar. Amma istintaq onları zərərçəkmiş yox, şahid qismində tanıyıb və belə də dindirib”, - Elçin Sadıqov AzadlıqRadiosu-na belə deyib.

Gənc fəal və atasının məhkəməsi noyabrın 29-da davam edəcək.

Xatırlatma

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində suçlanaraq, 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs olunublar.

“Amnesty International” təşkilatı Q. İbrahimov və B. Məmmədovu vicdan məhbusu elan edib. Təşkilatın fikrincə, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q. İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q. İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q. İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, “Balalarınızdan görəsiniz...” deyib. Bu, hakimə hörmətsizlik sayıla bilər. İttiham təsdiqlənərsə, onu 6 ayadək həbs gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG