Qısametrajlı filmlər nə üçün lazımdır? "No Film School" saytı yazır ki, qısametrajlı və tammetrajlı filmləri əhəmiyyətli edən yaradıcı səbəblər bir-birindən fərqlənir.
İşləri 2022-ci ilin "Sandens" Film Festivalının qısametrajlı proqramında göstərilən üç kinorejissor filmlərini bu nüfuzlu festivala gətirib çıxaran məqamlar barədə danışıblar.
Təcrübə, hiss, an
Rejissor Uilyam Kabalyeronun qısametrajlı "Chilly and Milly" filmi rejissorun diabet və böyrək çatışmazlığından əziyyət çəkən atasının xroniki sağlamlıq problemlərindən, anasının daim onun qayğısına qalmalı olmasından söz açır. Film 3D formatında modelləşdirilmiş personajların kombinasiyası əsasında çəkilib. Ancaq filmə həm də hələ 13 il bundan əvvəl çəkilmiş avtobioqrafik sənədli filmdən əsl görüntülər, "cinéma verité" səhnələri yerləşdirilib.
"Mənə elə gəlir ki, tammetrajlı filmlər birinci, ikinci və üçüncü səhnə strukturunun əsirinə çevrilib. Bu, Hollivud blokbasterlərinin və bu kimi şeylərin bizə illərlə bir növ qaşıqla yedirdiyi strukturdur. Halbuki, qısa filmlər daha çox təcrübəni, hissi, anı əhatə etməyə fokuslanır. Daha qısa bir çərçivəyə yerləşdirilə bilən şeydə çoxlu sehr gördüyümdən bu mənə poetik gəlir. İşinizi qısa, məhdud zamana yerləşdirməli olduğunuz üçün onsuz da gərginsiniz. Buna görə də əlinizdəki dəyərli zaman içində… hər dəqiqə layihənizdə mühüm olanı ifadə etmək üçün mübarizə aparırsınız. Tammetrajlı filmdə isə hadisələri axarına buraxmaqdan ötrü sizin bir az daha çox vaxtınız var", – Kabalyero deyir.
Şeir kimi
Oliv Nvosunun "Egúngún" filmində isə şəfa axtaran gənc qadın doğulduğu yerə, Nigeriyanın Laqos şəhərinə qayıdır. O.Nvosuya görə, tam- və qısametrajlı filmlər, ümumiyyətlə, "eyni cinsdən deyil".
"Məncə, onlar tamamilə fərqlidir. Mənə görə, qısa film, demək olar ki, şeir kimidir. O, əhvalı zəbt edir və bunu çox gözəl edir. O, daha eksperimental və meditativ ola bilər", – Nvosu deyir.
Skay Hopinkanın "Kicking the Clouds" adlı işi eksperimental sənədli filmdir. Filmdə hadisələr rejissorun ABŞ-ın şimal-qərbində yerləşən doğma şəhərində, içində peçanqa dili dərsi olan 50 illik audiokaset ətrafında cərəyan edir. Filmin qəhrəmanları rejissorun öz nənəsi, ulu nənəsi və anasıdır.
Rejissorun öz səsini eşitdirməsi
Skay Hopinka istər "Sandens" festivalı, istərsə də qısa filmlər sahəsində yeni deyil.
"Mən çox zaman bu filmlərə konseptin sübutu kimi baxıram. İşin məğzi əlinizdə olan materialdan istifadə etməyə çalışmaqdır. Mənim qısa filmimdəki kimi. Nənəmdən anama keçmiş 50 illik dil dərsi kaseti. Bu əşya və hekayələrə onlar üçün sənəd və ya arxivin bir hissəsi olmaqdan başqa yeni həyat bəxş etməyin hansı yolları var? Bu əşyalarla bağlı insan münasibətlərinə necə baxa bilərsiniz? Qısametrajlı film bu kimi şeylərə tammetrajlı film çəkərkən yaşanan ağır daxili təzyiq olmadan baxmağın hansı yollarını təklif edə bilər?.. Mən də qısa filmlərə şeir kimi baxmağı sevirəm", – Hopinka deyir.
"48 Hours Film Project" adlı qısametrajlı film müsabiqəsinin yaradıcısı Mark Ruppert hesab edir ki, qısametrajlı filmlərin verdiyi ən böyük üstünlük rejissorun öz səsini eşitdirməyə imkan tapmasıdır. "Qısametrajlı film rejissorun eksperiment apararaq hansı üsulların işlədiyini öyrənməsi üçün ucuz vasitədir", - Ruppert müsahibələrinin birində deyib.