Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:09

Qazaxıstan müdaxilə ittihamlarına görə Qırğızıstan seçkisini müşahidə etməyəcək


Nursultan Nazarbayevin (sağda) Qırğızıstan prezidentliyinə namizəd Omurbek Babanovu öz ofisində qəbul etməsi qalmaqal yaradıb

Qazaxıstan seçki komissiyası bildirib ki, qonşu Qırğızıstanda oktyabrın 15-də keçiriləcək prezident seçkisinə müşahidəçi göndərməyəcək.

Komissiya bu qərarını, onun təbirincə deyilərsə, Qırğızıstan prezidenti Almazbek Atambayevin Qazaxıstana qarşı “uydurma” seçki müdaxiləsi ittihamları ilə izah edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 13-də keçirilmiş iclasında komissiya üzvü Marat Sarsenbayev deyib ki, “ölkəmizin Qırğızıstandakı seçkiyə müdaxilə etdiyinə dair dedi-qodulara son qoymaq məqsədilə” bu seçkini müşahidə etməyə getməyəcək.

Komissiya Sarsenbayevin qərarını qəbul edib. MSK sədrinin müavini Konstantin Petrov deyib ki, onun rəhbərlik etdiyi qurum “Qırğızıstan prezidentinin Qazaxıstan barəsində misli görünməmiş bəyanatları ilə əlaqədar” qonşu ölkənin seçkisini müşahidə etməyəcək.

Bununla belə, MSK bildirib ki, 46 qazax rəsmi MDB, ATƏT və Türkdilli Ölkələrin Əməkdaşlığı Şurasının müşahidə missiyalarının tərkibində Qırığızıstan seçkisinin monitorinqinə yollanacaq.

Qırğızıstan prezidenti Atambayev oktyabrın 7-də Qazaxıstan hakimiyyətini Qırğızıstanın daxili işlərinə qarışmaqda və namizəd Omurbek Babanovu açıq şəkildə dəstəkləməkdə ittiham etmişdi. Babanov Atambayevin keçmiş baş naziri və namizədlər arasında onun “öz adamı” hesab olunan Sooronbay Jeyenbekova qarşı mübarizə aparacaq.

Atambayev habelə Qazaxıstan prezidenti Nursultan Nazarbayevi hələ sovet dövründən bəri hakimiyyətdə qaldığına görə tənqid etmişdi.

Atambayevin bu ittihamlarından əvvəl sentyabrın 19-da Nazarbayev Qırğızıstan seçkisində Jeyenbekovla birlikdə ən şanslı namizəd sayılan Babanovu rəsmi qaydada qəbul etmişdi.

AzadlıqRadiosu yazır ki, bu, qonşu ölkədə seçki kampaniyasının keçirildiyi bir vaxtda Nazarbayevdən görünməmiş hərəkət kimi qiymətləndirilir.

Atambayevin özünə gəldikdə isə o Konstitusiyaya əsasən ikinci müddətə namizədlik verə bilməz və buna görə də namizəd Jeyenbekovu açıq şəkildə dəstəkləyir.

Qırğızıstanda prezident seçkisi kampaniyası rəsmən oktyabrın 13-də gecəyarı başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG