Qırğızıstanda yenə yüzlərlə adam maliyyə piramidası fırıldağının qurbanına çevrilib.
Qırğızıstan polisi fırıldaqla qurbanlarından yüz minlərlə dollar pul oğurlayan bir neçə nəfəri həbs edib. AzadlıqRadiosunun müxbiri Fərəngis Nəcibullah radionun qırğız xidmətinin əməkdaşı Kunduz Kızıljarovanın yazısı əsasında məqalə hazırlayıb. Həmin məqalədə Qırğızıstanda orta aylıq əməkhaqqının 400 dollardan az olduğu bildirilir.
Ötən ilin iyulunda Bişkekdə 43 yaşlı Syezdbek Saynazarovun təsis etdiyi "Charge Fast" şirkəti bir neçə ay içərisində yoxsul ölkə sayılan Qırğızıstanın hər yerindən yüzlərlə "yatırımçı" cəlb edə bilib. Şirkət bu insanlara maliyyə sxeminə daha çox üzv cəlb etmələri müqabilində qısa zamanda yüksək qazanc sözü verib.
Fırıldaq qurbanları fonda qoşulmaqdan ötrü 110 dollardan 17 min 800 dollaradək pul xərclədiklərini deyirlər.
Pulunu itirən Aelita Murataliyeva AzadlıqRadiosuna "Charge Fast"ın özünü gəlirli və qanuni investisiya layihəsi kimi reklam etdiyini söyləyib.
Şayiələr doğru çıxdı
Murataliyeva öncə iki ay şirkətin fəaliyyətini izlədiyini, daha sonra 8 dollaradək pul yatırdığını, bu pulun ona gündə 27 sent – 2.28 faiz gəlir gətirdiyini deyir. "Divident qazandığımı görəndə daha 20 dollar yatırdım, o da mənə gündə 1.40 dollar [7 faiz] gəlir gətirirdi. Sonra atamı və qardaşımı da [sxemə] qoşulmağa inandırdım. Şirkətin bağlanacağına dair şayiələr başlandı. Ancaq [şirkət nümayəndələri] dedilər ki, bu doğru deyil. Mən də ərimə və onun ailəsinə demədən min 340 dollaradək pul borc alıb fevralın 25-də "Charge Fast"a yatırdım", - Murataliyevanın sözləridir.
Di gəl, şayiələr doğru çıxdı. Murataliyevanın ən böyük və sonuncu yatırımının ardınca bir neçə nəfər sxemdən şübhələnərək polisə üz tutub.
Qanuni səbəblərdən adının çəkilməsini istəməyən bir müştəri polisə bildirib ki, "Charge Fast" nümayəndələri onu sxemə 4 min 500 dollar yatırmağa inandıraraq pulu iki dəfə artıracaqlarına söz veriblər. Qadının sözlərinə görə, sözügedən nümayəndələr pulu ondan alandan az sonra yoxa çıxıblar. Oş, İssık-Kol və Cəlalabad əyalətlərindən də fırıldağın qurbanı olduğunu iddia edən şəxslərdən bənzər şikayətlər gəlməyə başlayıb.
Martın əvvəlində polis paytaxt Bişkek və ölkənin şərqində yerləşən Karakolda piramida sxemi qurmaq və fırıldaqçılıq şübhəsi ilə bir neçə nəfəri həbs edib.
Həbs olunanlar arasında təsisçi Saynazarovla şirkətin meneceri işləmiş qardaşı Omurbek də var.
Üç milyon dollar itirsələr də…
Bişkekin Birinçi May rayon polisi martın 7-də təkcə həmin rayonda 100-dən çox adamın "Charge Fast"da pul itirməsi barədə şikayət etdiyini bildirib.
Omurbek Saynazarovun bir qohumu AzadlıqRadiosuna onun ittihamları rədd etdiyini və ailənin istintaqla tam əməkdaşlıq etdiyini söyləyib.
Qırğızıstan polisinin məlumatına görə, dövlət qurumlarının xəbərdarlıqlarına və piramida sxemlərinin minlərlə qurbanının şikayətlərinə baxmayaraq, hələ də çox sayda insan pullarını şübhəli sxemlərə yatırmaqdadır.
Rəsmi statistikaya görə, ötən il Qırğızıstanda yaradılan fırıldaqçı investisiya planları ilə bağlı 358 cinayət işi açılıb.
Hökumət qurumları bildirir ki, həmin cinayət işləri nəticəsində məsuliyyətə cəlb edilənlərin sayı 40 nəfərdən, piramida sxemləri qurbanlarının sayısa 350 nəfərdən çox olub. Belə fırıldaqçı sxemlərdə qurbanların itirdiyi pulun toplam məbləği 760 min dollardır.
2022-ci ildə piramida sxemləri ilə bağlı min 52 cinayət işi açılıb, onların 765-i məhkəməyə ötürülüb. Qurbanlar toplam 3 milyon dollardan çox pul itirsələr də, o məbləğin yalnız 5 min 400 dolları geri qaytarılıb.
"Bu o deməkdir ki…"
Maliyyə məsləhətçisi Alsanbek Kenenbayev deyir ki, əksər qurbanlar yalnız pullarını itirəndən sonra mütəxəssislərdən yardım istəyirlər. O, adamları pullarını yatırmazdan öncə adamları, ən azı, üç maliyyə eksperti ilə danışmağa çağırır.
"Maliyyə piramida sxemləri başlanğıcda qoşulan insanları yüksək faizlərlə şirnikləndirir ki, onlar da öz növbələrində yeni üzvlər gətirsinlər. Bu o deməkdir ki, öncə qoşulanlar özlərindən dərhal sonra gələnlərin yatırdığı pulları alırlar. Gec gələnlər pullarını itirir [axı bu sistem dayanıqlı deyil]. Bu üzdən, sizə "yazıl, başqalarını da dəvət et və faiz qazan" deyən hər hansı sxemdən qaçmalısınız", - Kenenbayevin sözləridir.
Daxili İşlər Nazirliyi də insanları vaxtaşırı tez və asan gəlir vəd edən şirkətlərə inanmamağa çağırır.
Qırğızıstanda maliyyə piramidaları qurmaqda suçlananlara 8 ilədək həbs cəzası nəzərdə tutulub. Ölkədə maliyyə piramidasını reklam etmək də cinayət sayılır və bunu edənlər 2 min 230 dollaradək cərimə ilə cəzalandırılır.