Keçid linkləri

2026, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:46

'Məni də 'xalq düşməni' etdilər' — Qırğızıstanda fəal Askarbekov 2 il həbs olundu

Mavlyan Askarbekov
Mavlyan Askarbekov

Bişkekin Lenin rayon Məhkəməsi fəal Mavlyan Askarbekovu millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilərək 2 il müddətinə həbs edib. AzadlıqRadiosunun qırğız xidmətinin məlumatına görə, prokuror fəal üçün 4 il həbs cəzası istəmişdi.

Askarbekov Facebook-dakı bir paylaşımına görə iyunun 12-də saxlanılıb. Elə həmin gün o, sosial şəbəkədə barəsində təxribat xarakterli məlumatlar yayıldığını və onu "xalq düşməni" kimi göstərmək istədiklərini bildirmişdi.

"Məni də "xalq düşməni" etdilər. Baş nazirə müraciət edib Çin vətəndaşlarının kiçik və orta sahibkarlığa cəlb olunduğunu demişdim. Bu mövzunu konstruktiv müzakirə etmək üçün onu canlı efirdə debata çağırmışdım. Bazar günü evimə DTMK-nın (Dövlət Milli Təhlükəsizlik Komitəsi) üç əməkdaşı gəldi. Mənimlə söhbət edib gizlicə videoya çəkdilər, indi isə həmin kadrları montaj edib paylaşırlar", –o, Facebook-da yazmışdı.

Fəalın vəkilləri bildirirlər ki, onun məqsədi millətlərarası ədavət yaratmaq olmayıb, o, sadəcə ölkədəki hadisələrlə bağlı fikirlərini açıq şəkildə bölüşüb.

M.Askarbekov hakimiyyəti tənqid və ictimai-siyasi hadisələri şərh edən tanınmış bir fəaldır. O, müxtəlif illərdə parlament seçkilərinə qatılıb, həmçinin Bişkekin 1 May rayonu icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

​
XS
SM
MD
LG