Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Milli papaqlı it Qırğızıstanda qalmaqala səbəb olub


Currentime TV xəbər verir ki, Bişkəkdə bir neçə ictimai təşkilatın nümayəndələri bu şəhərdə keçirilmiş it modası nümayişinin təşkilatçılarının cəzalandırılmasını tələb edirlər. Bu tədbir zamanı itlərdən birinin başına qırğızların milli papağı olan akkalpak qoymuşdular. Bir çox ictimai fəallar bunu ölkənin milli rəmzinin təhqiri kimi pisləyirlər.

“Qırğız xalqı gənclərinin şurası” adlı təşkilatın sədri Almazbek Jazıbayev deyir ki, o kənddəki iş-gücünü ataraq təcili qaydada Bişkəkə, hiddətli vətəndaşların etiraz aksiyasına qoşulmağa gəlib.

Jazıbayev deyib: “Mən bura tələm-tələs gəlmişəm. Oralarda internet yoxdur, amma hamı bu barədə danışır. Bu əhvalat bizi dilxor edib. Mənim bizim akkalpak üçün ürəyim ağrıyır. Bu bizə əcdadlarımızdan qalan yeganə yadigardır. Müqəddəsdir! Biz bu papağı başımızda gəzdirib heç vaxt yerə qoymuruq. Amma indi akkalpakla hamama, saunaya gedənlər var”.

Almazın qəzəblənməsinə səbəb Bişkəkin modalar evlərindən birində keçirilmiş it geyimləri modasının nümayişi zamanı itlərdən birinin başına milli papağın qoyulması olub.

Tədbir təşkilatçılarının bu məzəli ideyadan çox xoşları gəlmişdi. Amma milli fəallar bunda gülməli heç nə görmürdülər. Onlar itin başına akkalpak qoyulmasını millətin təhqir edilməsi və millətlərarası ədavətin qızışdırılması cəhdi kimi qiymətləndiriblər.

Almaz və onun yoldaşları bu işlə bağlı artıq vəkil tutublar, prezidentə, baş nazirə və parlamentə məktub yazmağı planlaşdırırlar. Onlar hesab edirlər ki, modalar evinin sahibini və nümayişin təşkilatçılarını çox ağır cərimə etmək lazımdır.

İctimai fəal və hüquqşünas Roman Remnyov isə deyib: “İtin milliyyəti olmur. İt bizim dostumuzdur, amma onun başına akkalpak qoymaq insan ləyaqətini alçaltmaq deməkdir. Bu qırğız xalqı üçün müqəddəs geyimdir. Bu müqəddəs rəmzi itin başına keçirtmək müqəddəs simvolu alçaltmaq deməkdir”.

Maraqlıdır ki, bu it modası nümayişində başqa ölkələrin milli geyimlərində olan itlər də vardı. Lakin onlar qırğız fəalları maraqlandırmayıb.

“Milli maraqlar” ictimai birliyinin üzvü Beknazar Aytaliyev deyir ki, onun qrupunun qırğız xalqının maraqlarını qorumaq üçün çox geniş planları var.

"Əgər istəsəydik biz parlamentə 2010, 2015-ci ildə düşə bilərdik. Milli maraqlarımızın yaxşı qorunması üçün bizim uşaqların parlamentdə olması vacibdir. İndi orda siyasətdən başı çıxmayan aqronomlar, bazarkomlar oturublar. Onlar nə həll edə bilərlər ki?”

Qırğızıstanda dövlət simvollarının təhqiri ilə bağlı başqa bir qalmaqal iki il bundan əvvəl baş vermişdi.

Dağ-mədən şirkətlərindən birinin britaniyalı əməkdaşı Facebook-da milli yemək sayılan at kolbasası çuçukun fotosunu yerləşdirmiş və onu cinsi orqana bənzətmişdi.

Bu bənzətmə həmin müəssisədə minlərlə fəhlənin tətili, britaniyalının isə mədəni tərk etməsi ilə nəticələnmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG