Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Agentlik məhsulların keyfiyyətinin yoxlanmasına başlayır


İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi (QTA) tam fəaliyyətə keçir. Ərzaq istehsalının bütün mərhələlərinə və istehlakçıların hüquqlarının müdafiəsinə nəzarət üzrə tədbirlərə başlayır.

“Turan” agentliyinin məlumatına görə, QTA rəhbəri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfrasında belə deyib.

O, bildirib ki, yeyinti məhsulları istehsalı sahəsində təsərrüfat subyektlərinin monitorinqi nəzərdə tutulub.

Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq. Sonra bu subyektlər ərizələr və digər sənədlər təqdim olunduqdan sonra ASAN xidmətdə qeydiyyata alınacaqlar.

Bundan əlavə, ölkə ərazisində müəssisələrə verilən gigiyenik sertifikatları iyulun 1-dən ləğv edilir.

"Xaricdən daxil olan mallar, eləcə də yerli istehsal məhsulları QTA-da qeydiyyatdan keçəcək və təhlükəsizlik sertifikatı alacaq. Bu, sözü gedən sahədə beynəlxalq konvensiyaya uyğundur",- Qoşqar Təhməzli bildirib.

Xatırlatma

Qida Təhlükəsizliyi Agentliyi 2017-ci ilin fevralında yaradılıb.

Qurum ərzaq məhsullarının təhlükəsizliyinin tənzimlənməsinin (sanitar normaların və qaydaların hazırlanması, təsdiqlənməsi), risklərin təhlili, gigiyenik sertifikatlaşdırma və xarici ölkələrə ixrac edilən məhsullara keyfiyyət sertifikatlarının verilməsinin təmin edilməsi ilə məşğul olur.

Qurumun formalaşdırılmasına, əməkdaşların qəbuluna, normativ sənədlərin və təlimatların hazırlanmasına bir ildən çox vaxt gedib. Bu müddətdə QTA-da kənd təsərrüfatı məhsulları sahəsində ekspertlərin hazırlandığı bildirilir.

XS
SM
MD
LG