Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

'QHT-lər haqda qanuna dəyişiklik gözlənir'


Azərbaycan hakimiyyəti və dünya ictimaiyyəti. Karikatura
Azərbaycan hakimiyyəti və dünya ictimaiyyəti. Karikatura

Avropa Şurasının ekspertləri iki il öncə hökumətə QHT-lərin fəaliyyətinə dair qanunvericiliyə dəyişiklik edilməsi yönündə təkliflərini təqdim ediblər. Söhbət QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı əngəllərin aradan qaldırılmasından gedir.

2013-cü ildə Azərbaycan hakimiyyəti bəzi qurumların fəaliyyətində «təyinatından kənar» xərcləmələrin aşkarlandığını səbəb göstərərək sözügedən qanunvericiliyə «şəffaflığın və hesabatlılığın artırılması» məqsədilə məhdudlaşdırıcı dəyişiklik etmişdi. Təxminən eyni vaxtda bəzi qeyri-hökumət təşkilatlarına qarşı cinayət işi qaldırılmış, hesabları dondurulmuşdu. Nəticədə vətəndaş cəmiyyəti iflic olmuş, pərən-pərən düşmüşdü. O zaman beynəlxalq qurumlar, yerli QHT-lər bu addımı qınamış və iradlarını bildirmişdi. Növbəti illərdə də bu məsələ vaxtaşırı gündəmə gətirilmiş, hətta Azərbaycan mövqeyindən geri çəkilmədiyinə görə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən uzaqlaşdırılmışdı.

A.Qurbanov
A.Qurbanov

Avropa Şurası nə təklif edir

Aradan bir neçə il ötür. Hakimiyyət yumşalmağa meyllidirmi? Avropa Şurası ona nə təklif edir?

Həmin təkliflərlə tanış olan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov beynəlxalq qurumun iki məsələ üzərində dayandığını bildirir:

«Təkliflər təşkilatın qeydiyyatının sadələşdirilməsi, onların icra strukturu tərəfindən yoxlanılması zamanı fəaliyyətlərinə yaradılacaq əngəllər, hətta fəaliyyətlərinin dayandırılması, QHT-nin icra qurumlarından asılılığı ilə bağlıdır. Həmçinin, maliyyələşdirmə məsələsinə diqqət çəkilib. Xarici resurslara, donorlara çıxışın məhdudlaşdırılmasının vətəndaş cəmiyyətinin fəaliyyətinə əngəl törətdiyi qeyd olunur. İanələrlə bağlı da təklif verilib. Qanuna sonuncu dəyişiklikdən sonra ianə verən təşkilatın da qeydiyyata cəlb edilməsi və onun haqqında məlumatın verilməsi tələb olunur. Bu da ianə verən təşkilatları çəkindirir, ianə verilməsinə baryer yaradır. Yəni təkliflər bu yöndədir».

Hərçənd A.Qurbanovun qənaətincə, «bu cür təşəbbüslər əbəsdir, hökumətin qanunvericiliyi dəyişmək fikri yoxdur». «Avropa Şurası da layihəni təqdim edəndə Azərbaycan tərəfi bu dəyişikliklərə ehtiyac olmadığını bəyan etdi», - söyləyən DTİ rəhbəri Avropa Şurasını sərgilədiyi zəif mövqeyə görə qınayır.

F.Mustafa
F.Mustafa

Deputat: «Hökumətdən belə layihə gələrsə, baxmaq olar»

Avropa Şurasının təkliflərindən xəbərdar olan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa QHT-lərin fəaliyyəti ilə bağlı qanuna dəyişikliklər edilməli olduğunu deyir. Onun fikrincə, donor fəaliyyəti şəffaflaşdırılmalı, donor təşkilatları ilə əməkdaşlıq genişləndirilməlidir. Deputatın sözlərinə görə, Azərbaycanda sözügedən qanunvericiliyə məhdudiyyətlər gətirildikdən sonra beynəlxalq donorlarla işləmək imkanı əldən verilib və bu fürsətdən Gürcüstanla Ermənistanın QHT sektoru faydalanıb.

«Çox sayda QHT yerli dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilsə də, beynəlxalq miqyasda peşəkarlığı inkişaf etdirmək imkanını xeyli azaldıb. Ona görə də bu müəyyən mənada imkanların genişləndirilməsinin tərəfdarıyam», – deputat söyləyir.

Ancaq F.Mustafa əlavə edir ki, bu məsələyə hökumət səviyyəsində münasibət bildirilməlidir: «Məhz hökumətdən dəyişikliklə bağlı təşəbbüs gəlməlidir ki, Milli Məclis ona baxa bilsin. Parlamentdə ayrı-ayrı deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ indiki vaxtda xeyli məhduddur. Qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış edəndə deputat mütləq onun ekspertizasını da təşkil etməlidir. Bu da mümkün deyil. Ekspertizanı aparacaq qurum mötəbər olmalıdır, buna vəsait xərclənməlidir. Ona görə də hökumətdən belə bir layihə gələrsə, baxmaq olar».

Ə.Nuriyev
Ə.Nuriyev

QHT-lərə Dövlət Dəstəyi Şurası: «İradə var...»

AzadlıqRadiosu bu məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənə bilməyib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərindən Əliməmməd Nuriyev isə hökumətin bu yöndə siyasətinin yumşaldığını və dəyişikliklər etməyə iradəsinin olduğunu söyləyir. O, 4-5 il öncə QHT haqda qanunvericiliyə dəyişiklikləri bəzi fondların QHT-lər vasitəsilə çirkli pulları yumasına cəhdləri ilə izah edir. Amma Ə.Nuriyevin sözlərinə görə, sonrakı illərdə vəziyyət dəyişməyə başlayıb və 2016-cı ilin dekabrında prezident xarici donorlardan qrant alınması ilə bağlı «bir pəncərə» prinsipi haqda fərman imzalayıb. Bunun vəziyyətin sadələşdirilməsinə kömək istiqamətində əhəmiyyətli addım olduğunu deyən Şura üzvü qanunvericiliyə dəyişiklik edilməsinin öz aktuallığını saxladığını bildirir. Bu məqsədlə təmsil etdiyi Açıq Hökumət Platformasının təkliflər hazırlayaraq hökumətə təqdim etdiyini və bu təkliflərin, əslində, Avropa Şurasının hazırladığından ciddi şəkildə fərqlənmədiyini, hər ikisinin hökumətdə müzakirə olunduğunu vurğulayır.

Şura üzvü bununla belə, xarici donorların Azərbaycanda bir sıra layihələri maliyyələşdirdiyini də bildirir: «Bir neçə gün öncə Ədliyyə Nazirliyi QHT-lərlə yanaşı, beynəlxalq qurumların, səfirliklərin iştirakıyla açıq qapı keçirirdi. Orda deyildi ki, 2017-ci ildə ölkədə ayrılan qrantların ümumi məbləği 129 milyon manat olub, bunun da 60 milyona yaxınını xarici donorlar verib. Bu ilin 9 ayında isə 140 milyon manatdan artıq vəsait qrant, layihə şəklində vətəndaş cəmiyyətinə verilib ki, onun da böyük hissəsi xarici donorların payına düşür. Ancaq bununla belə hesab edirik ki, xarici donorlara çıxışın daha da sadələşdirilməsinə, qanunda dəyişikliklər edilməsinə ehtiyac var».

O, həmçinin beynəlxalq qurumların təklif etdiyi kimi, QHT-lərin yaxın zamanda onlayn şəkildə qeydiyyata alınacağını və Ədliyyə Nazirliyində veriləcək bildirişlərlə bağlı proqram təminatının artıq hazırlandığını da qeyd edir.

Ə.Nuriyev maliyyələşdirmə və qeydiyyatla bağlı əngəllərin aradan qaldırılmasını istisna etmir, təkliflərin müzakirə mərhələsində olduğunu bir daha təkrarlayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG