"Reuters" yazır ki, dünyanın İsrail-HƏMAS müharibəsinə humanitar ara verilməsi haqda çağırışlarına məhəl qoyulmur, İsrailin blokadada saxladığı Qəzzaya insani yardımın daxil olmasına imkan verilmir. Qəzzada qida, yanacaq və içməli su qıtlığı get-gedə ağırlaşmaqdadır. BMT baş verənləri "humanitar fəlakət" adlandırır.
"Reuters" HƏMAS-ın nəzarətindəki kiçik anklavda yaşayan 2.3 milyon insanın üzləşdiyi humanitar fəlakət barədə qısa açıqlayıcı bilgi yayıb.
İnsanların öz yerlərindən didərgin düşməsi
1.4 milyon insan - əhalinin yarısından çoxu öz evlərindən didərgin düşüb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatına görə, onların 700 min nəfəri BMT Fələstin qaçqınları üzrə agentliyinin (UNRWA) nəzarətindəki binalara sığınıb.
İsrail HƏMAS güclərinin əsas yerləşmə məkanı olan Qəzzanın şimalında mülki əhalini təhlükəsizlik naminə ərazini tərk edərək cənuba getməyə çağırıb. Buna baxmayaraq, İsrail hava hücumları təşkil edərək cənubu da vurub. Bu hücumlarda dinc insanlar öldürülüb və yaralanıb.
OCHA bildirir ki, BMT sığınacaqlarında binaların tutumundan dörd dəfə artıq insan yerləşib. Daha yüz minlərlə qəzzalı xəstəxanalarda daldalanmağa çalışır.
Xəstəxanalar
Qəzzanın 35 xəstəxanasının 1/3-dən çoxu işləmir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, işlək durumdakı xəstəxanalar ağır yanacaq qıtlığından əziyyət çəkdiyindən elektrik təchizatını kəskin azaltmağa məcbur qalıb.
ÜST-ün məlumatına görə, Qəzza şəhərində yerləşən, xərçəng xəstələrinin müalicə olunduğu Türk-Fələstin Dostluq Xəstəxanası yanacaq ehtiyatı bitdiyindən artıq fəaliyyət göstərmir.
Fələstin Mülki Müdafiə Təşkilatına aid xilasetmə qrupları yanacaq çatışmazlığı üzündən təcili tibbi yardım maşınlarının sayını azaltmağa məcbur olub. Yaralıları xəstəxanaya daşımaq üçün son çarə kimi eşşək arabalarından istifadə edilir.
Yardımların çatdırılması
OCHA bildirir ki, noyabrın 1-də, azı, 10 yük maşını Misirlə sərhəddəki "Rəfah" keçid qapısından keçərək Qəzzaya su, qida və dərman yardımı gətirib. Beləliklə, oktyabrın 21-dən bəri Qəzzaya buraxılan yardım maşınlarının sayı 227-yə çatıb.
Ancaq qurum onu da bildirib ki, şimalda evlərindən didərgin düşən insanlara cənubdan humanitar yardımın çatdırılması İsrailin quru hücumuna başlamasından sonra dayandırılıb.
Su
OCHA-nın məlumatına görə, İsraildən Qəzzaya gələn üç su təchizat kəmərinin biri oktyabrın 8-dən bəri ilk dəfə bərpa edilib. Dəniz suyunu şirinləşdirən iki stansiya gücünün 40 faizi ilə çalışır və bəzi quyular da yarar saxlayır. Bu, bəzi evlərin gündə bir neçə saat su ala bilməsinə imkan verir. Bundan başqa, məhdud sayda su çatdırma maşınları fəaliyyət göstərir.
Yanacaq
Yardım qurumları bildirir ki, yardımın çatdırılması, eləcə də xəstəxana və çörəkxanaların, suşirinlətmə stansiyalarının təchiz edilməsi üçün yanacağa təcili ehtiyac var. Ancaq İsrail yanacağın Qəzzaya daxil olmasına imkan vermir və onun hərbi məqsədlərlə HƏMAS-a ötürülə biləcəyini deyir.