Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Neftdən kənar ixracda hədəf 5 milyarddır


Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı fermer bunları bilməlidir
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı fermer bunları bilməlidir

Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, strategiyada yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. O bildirib ki, hədəf 2026-cı ildə qeyri-neft ixracını 5 milyard ABŞ dollarına çatdırmaqdır. 2026-cı ildə bu hədəfə çatmaq realdırmı?

"İxrac məhsullarının həm çeşidini, həm də…"

İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, hökumət qeyri-neft ixracının genişləndirilməsi və rəqabətli klasterlərin inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir: "Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək. Yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidini, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək".

Qeyd olunub ki, Azərbaycanın hazırda ixrac potensialı yüksək olan 120-dən çox məhsulu var və bu məhsulların 20-dən çox bazara yönəldilməsi nəzərdə tutulur: "Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir".

Nazirlikdən vurğulanıb ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının ümumi dəyəri 22.6 milyard, qeyri-neft sektoru üzrə ixracının ümumi dəyəri isə 1.7 milyard ABŞ dolları təşkil edib: "Ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24.2 faiz artıb".

N.Cəfərli
N.Cəfərli

"Hələ ki, hədəflərə çatmaq mümkün olmayıb…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bundan öncə də bir neçə bənzər strategiyalar qəbul olunmuşdu: "Hələ ki, hədəflərə çatmaq mümkün olmayıb və hədəflərə çatmaq üçün nələrin dəyişəcəyi ilə bağlı hökumətin planlarında ciddi izah yoxdur. Yəni, hansı problemlər var ki, onların çözümü qeyri-neft sektorun ixracatını artıra bilər".

İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun artması üçün istehsalatı artırmaq lazımdır: "İstehsalatı artırmaq üçün isə hökumət nə edəcək? Zavod və fabriklər tikiləcək, yoxsa kənd təsərrüfatı əsas hədəflərdən olacaq? Bununla bağlı detalları biz görmürük".

"Resurs və qeyri-resurs iqtisadiyyatı var"

N.Cəfərlinin fikrincə, əslində qoyulan hədəf o qədər də çətin deyil: "Yəni, indikindən qeyri-neft ixracatını iki dəfə artırmaq hədəfinə çatmaq mümkündür. Amma təsnifatda da problem var. Qeyri-neft sektoruna nə aiddir, onun da təsnifatı doğru aparılmalıdır".

İqtisadçı deyir ki, qeyri-neft sektoru və neft sektoru anlayışı yoxdur: "Resurs və qeyri-resurs iqtisadiyyatı var. Bizdə ən çox artan ixracat istiqamətlərdən biri qızıldır. Qızıl qeyri-neft sektoru sayılır, amma əslində bu da resurs iqtisadiyyatıdır. Ona görə də təsnifatda da bir dəyişikliyə gedilməsi vacibdir".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG