Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:34

Birləşmiş ŞtatlarKüveyt Qətər və bir neçə ərəb dövləti arasında yaranmış diplomatik boşluğu doldurmağa çalışır. Ərəb dövlətləri Dohanın ekstremizmi dəstəklədiyini iddia edirlər.

Qətərin xarici işlər naziri iyunun 6-da bildirib ki, Küveyt yaranmış mübahisənin həllində vasitəçiliyə cəhd göstərir.

«Al-Jazeera» televiziya kanalında çıxışında Qətərin xarici işlər naziri Mohammed bin Abdulrahman al-Thani bildirib ki, Doha mübahisənin eskalasiyasından yayınacaq. Xatırladaq ki, iyunun 5-də dörd ölkə Qətərlə diplomatik münasibətləri, ticarət və hava əlaqələrini kəsib.

«AÇIQLIQ VƏ DÜRÜSTLÜK DİALOQU»

Nazir yaranmış böhranı həll etmək üçün «açıqlıq və dürüstlük dialoqu»na çağırıb. O söz verib ki, Qətər Birləşmiş Ştatlarla münasibətlərinə xələl gəlməsinə imkan verməyəcək. Qeyd edək ki, Körfəzin bu kiçik ölkəsində ABŞ-ın mühüm hərbi bazası var.

«Bizim Birləşmiş Ştatlarla strateji münasibətlərimiz var. Bizim razılaşmadığımız şeylər olsa da, əməkdaşlıq etdiyimiz sahələrin sayı fikir ayrılıqlarından daha çoxdur», – deyə xarici işlər naziri Abdulrahman qeyd edib.

Qətərin əmiri Tamim Bin Hamad Al-Thani və ABŞ prezidenti Donald Trump
Qətərin əmiri Tamim Bin Hamad Al-Thani və ABŞ prezidenti Donald Trump

ABŞ rəsmiləri tərəflər arasındakı gərginliyi azaltmağa çalışdıqlarını deyiblər. Küveytsə Qətər və Səudiyyə Ərəbistanı arasında emissar rolunu oynamağa çalışıb. Səudiyyə Ərəbistanı ərəb dövlətlərinin Doha ilə əlaqələri kəsmək təşəbbüsünə başçılıq edir.

Belə bir ziddiyyətli durum ABŞ prezidenti Donald Trump-ın Səudiyyə Ərəbistanına səfərindən iki həftə sonraya təsadüf edir. Səfər zamanı D.Trump ekstremizmə qarşı birləşmiş müsəlman cəbhəsinin yaradılmasına çağırmışdı. O, İran və onun müttəfiqlərinin regionda gərginlik mənbəyi olduqlarını demişdi.

«QONŞULAR DAİMİDİR»

Küveyt Oman Qətər ilə İranın təcridinə yönəlmiş bu addıma qoşulmayan az sayda dövlətlərdəndir. Xatırladaq ki, regionda Səudiyyə Ərəbistanı və İranın rəqabətinin uzun və dərin tarixi var. Ərəb dövlətlərindən Bəhreyn, Liviya, Misir, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanının İranı təcrid etmək təşəbbüsünə qoşulublar. Təşəbbüsə qoşulanlar arasında Maldiv Adaları da var.

Bu təşəbbüsə Yəməndə İranın dəstəklədiyi şiə Husi üsyançılarıyla mübarizə aparan, Səudiyyə Ərəbistanının başçılığıyla yaradılmış koalisiya da qatılır. Qətər Yəməndəki «terrorçu təşkilatları dəstəklədiyinə görə» koalisiyadan kənarlaşdırılıb.

Javad Zarif
Javad Zarif

İranın xarici işlər naziri Javad Zarif iyunun 5-də münaqişəni həll etmək üçün dialoqa çağırıb.

«Qonşular daimidir. Coğrafiya dəyişdirilə bilməz. Məcburiyyət heç zaman həll yolu ola bilməz», – deyə Zarif Twitter-də yazıb.

İranın başqa bir dövlət rəsmisi isə ölkəsinin dəniz yoluyla Qətərə qida ixrac edəcəyini deyib.

ƏHALİ ƏRZAQ ALIR

İyunun 5-də Səudiyyə Ərəbistanı yarımada dövləti olan Qətərin yeganə quru sərhədini bağlayıb. Ölkə ərzağı məhz bu sərhəddən idxal edirdi. Nəticədə Qətər əhalisi panikaya düşərək qabaqcadan çoxlu ərzaq almaq üçün supermarketlərə üz tutub.

İranın yarırəsmi «Fars» xəbər agentliyi Kənd təsərrüfat məhsulları mütəxəssisləri Birliyinin sədri Reza Nourani-yə istinadən bildirib ki, İrandan su yolu ilə göndərilən ərzaq yükləri cəmi 12 saat ərzində Qətərə çatdırıla bilər.

Rusiya prezidenti Vladimir Putin yaranmış durumun müzakirəsindən ötrü Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a zəng vurub. Ankara isə «fəal şəkildə» böhranı yatırtmağa çalışdığını bildirib.

«Yaxın Şərq yeni böhrana dözəcək məqamda deyil», – deyə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG