Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:36

10-cu sinifdə təhsil almalı olan şagird 'ortada qalıb'


«Övladımın təhsilində yaranmış problemlə bağlı rayon üzrə bütün aidiyyəti qurumlara müraciətim oldu, hamısı da cavabsız qaldı. İndi şagird yoldaşları məktəbə gedir, təhsilinə davam edir, mənim övladımın təhsili isə direktorun öfkəsi üzündən yarımçıq qalıb».

Bunu Neftçalanın Qədimkənd kənd sakini Cavid Qafarov deyir. Onun sözlərinə görə, ötən dərs ili 9-cu sinfi bitirən övladının məktəbdən çıxarılması üçün direktorun məsləhəti ilə ərizə yazıb. Sonra da direktor ərizəni cırdığını bildirib. Ancaq bir aya yaxındır ki, yeni təhsil ili başlasa da, hazırda 10-cu sinifdə təhsil almalı övladı kənarda qalıb.

«UŞAĞIN GÜNAHI NƏ İMİŞ Kİ?»

Valideynin sözlərinə görə, məktəb rəhbərliyinin şagirdlə hansı qəsdi-qərəzliyi varsa, nə şagird bilir, nə də ailə üzvləri... Ata danışır:

***Buna da bax-Gənc müəllim: 'Tikintiyə getsəm, daş qaldırsam, necə yaxşı müəllim ola bilərəm?'

«Direktor məsləhət gördü ki, uşaq zəif oxuyur deyə, məktəbdən çıxarıb peşə məktəblərindən birinə yönləndirim. Mən də buna görə direktorun adına ərizə yazdım. Bir neçə gündən sonra təkrar zəng vurdu, dedi, «məsləhətdir ki, uşaq elə öz məktəbimizdə qalıb təhsilini davam etdirsin, ərizəni də cırmışam. Sentyabrda uşağı məktəbə göndər». Sentyabrın 8-də uşağı məktəbə göndərdik ki, yeni təhsil ili üçün dərsliklərini götürsün. Qayıtdı gəldi, dedi, «direktor məni qapıdan qovdu, dedi, səni məktəbdən çıxartmışam». Niyə, nə səbəbə? Bu uşağın günahı nə imiş ki, direktor onunla belə davranıb? Direktorla əlaqə saxlamışam, deyir, «gəldiz, ərizə yazdız, mən də çıxartdım». Deyirəm, «axı sonra da özün zəng vurub ərizəni cırdığını bildirdin»... Telefonu qapadır, bizimlə danışmaq da istəmir».

«DİREKTORUN NƏ MARAĞI VARDI?»

C.Qafarov deyir, hazırda işləri ilə əlaqədar Rusiyaya qayıdıb. Hər gün məktəb direktoruna zəng vursa da, direktor telefonu söndürür. Məktəblinin anası isə məktəbin qapısından içəri buraxılmır:

***Buna da bax-'Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır'

«Qanun da deyir ki, orta təhsil məcburidir. Əgər uşağın təhsili zəif idisə, biz onu peşə məktəblərindən birinə yönləndirəcəkdik. Direktorun nə marağı vardı ki, ərizəmizi cırıb özümüzü də aldatsın? Bununla cibinə pul girirdi, yoxsa başı uca olurdu? Hazırda məktəbə getməli, peşə öyrənməli olan yeniyetmə ortada qalıb. Peşə məktəblərinə sənəd qəbulu çoxdan başa çatıb, məktəblərdə təhsil ili bir aydır başlayıb, mən bu uşağı hara yönləndirim? İstədiyim odur ki, bu məsələyə Təhsil Nazirliyi müdaxilə etsin, uşağın məktəbdəki təhsilini davam etdirməsinə imkan yaratsın».

Neftçala Təhsil Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, ötən il 9-cu sinfi bitirən Rəsul Qafarovun valideyni Qədimkənd kənd orta məktəbinin direktoru Kamal Cəfərova ərizə ilə müraciət edib. O, övladının peşə məktəbi ilə əlaqədar kənd məktəbindəki təhsilinə xitam verilməsini istəyib. Direktor da ərizəni qəbul edərək qanunla nəzərdə tutulmuş prosedurları yerinə yetirib.

ŞAGİRD 9 İLLİK ATTESTATINI ALMAYIBSA...

Hüquqşünas Vaqif Alıyev deyir, əslində direktor qanunla nəzərdə tutulmuş prosedurları yerinə yetirməyib:

«Peşə məktəblərinə sənəd qəbulu «ASAN Peşə» layihəsi ilə həyata keçirilib. Şagird məktəbdən 9-illik attestatını əldə etməli, tələb olunan digər sənədlərlə bərabər ASAN Xidmətə təqdim etməliydi. Peşə məktəbinə qəbulu baş tutarsa, oradan bu barədə arayışı məzunu olduğu orta məktəbə təqdim etməliydi. Əgər məktəb direktoru şagirdin 9-illik attestatını özünə verməyibsə, şagirdin məktəbdən uzaqlaşdırılmasına başqa səbəblər olmayıbsa, deməli, o, məktəbdə təhsili davam etdirmiş hesab olunur».

İndi şagirdin valideynləri son ümidlərini Təhsil Nazirliyinə bağlayıblar. Hüquqşünas deyir, Təhsil Nazirliyi də valideynlərə «yox» desə, o zaman iş hüquqi müstəviyə keçməli – yəni məhkəmə qaydasında həll olunmalıdır.

Təhsil Nazirliyindən AzadlıqRadiosunun «Qaynar xətt»inin suallarına cavab verilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG