Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:39

Xanımını vəhşicəsinə öldürən keçmiş nazirin həbsi sonda qazax qadınlarını zorakılıqdan qoruya bilərmi?


Kuandık Bişimbayev 2017-ci ildə Astanada məhkəməsində
Kuandık Bişimbayev 2017-ci ildə Astanada məhkəməsində

Bir zamanlar Qazaxıstanın ən gənc naziri və həmvətənlərinin çoxunun yuxusuna belə girməyən sərvət və imkan sahibiydi. Yaşından gənc görünürdü, halbuki 43 yaşı vardı. İndi o, dəblə geyinən, özünü münəccim kimi qələmə verən 31 yaşlı xanımını döyərək öldürməkdə şübhəli bilinir. Hadisə ərin ailəsinə məxsus dəbdəbəli restoranda baş verib.

Qazaxıstanda qadınlara zorakılığın yalnız çox yoxsul ailələrdə və ya ucqar kənd yerlərində baş verməsinə dair mif mövcuddur. Hər dəfə bu cür hadisə baş verəndə qadınlar, nəhayət, dəyişiklik olacağına və sistemin onları cəzalandırmaqdansa, qorumağa başlayacağına ümid bəsləyirlər.

Ancaq təcrübəli ictimai fəallar durumu dəyişdirmək üçün gərəkli siyasi iradənin olmasına şübhəylə yanaşırlar.

Olay baş verən zaman keçmiş milli iqtisadiyyat naziri Kuandık Bişimbayev və həyat yoldaşı Saltanat Nukenova heç bir il deyildi ki, evliydilər. Nukenova Bişimbayevin üçüncü arvadı idi.

Keçmiş nazir korrupsiya ittihamı ilə həbs olunub məhkəmə önünə çıxarılanda, olub-bitənlər onun sürətlə irəliləyən siyasi karyerasını yarımçıq qoyanda, Nazım adlı ikinci arvadı daim onu dəstəkləyib.

Ancaq Bişimbayev 2019-cu ildə həbsdən azad ediləndən az sonra onların evliliyi pozulub. Keçmiş nazir 10 illik həbs cəzasının iki ilini çəkərək əfv fərmanıyla azad edilmişdi.

Araşdırmanın obyektivliyinə şübhə var

Atası ölkənin ən tanınmış universitet rektorlarından biri və keçmiş prezident Nursultan Nazarbayevin dostu olan Bişimbayev kimi, Nukenovanın da ailəsi siyasətin içindəydi.

Nukenovanın noyabrın 9-da "Bao" restoranının VIP otağında həyatını itirməsindən sonra Pavlodar bölgəsinin keçmiş qubernatoru olan əmisi Kayrat Nukenov müsahibə verərək aparılan araşdırmanın obyektivliyinə şübhə etdiyini bildirib.

Ola bilsin ki, Nukenova hətta uzun müddət restoranda saxlanılıb, nəhayət, təcili yardım çağırılıb
Ola bilsin ki, Nukenova hətta uzun müddət restoranda saxlanılıb, nəhayət, təcili yardım çağırılıb

Noyabrın 12-də Pavlodarda çalışan jurnalist Bolat Amanbayevə müsahibəsində Nukenov iddia edib ki, qardaşı qızının cənazəsini yuyan qadın gördüklərindən "donub qalıb".

"Onlar çox ölü yuyublar, ancaq bir qadının bədənindəki qədər xəsarət görməyiblər", - deyən Nukenov Bişimbayevin dəstəkçilərini bloqerlərə pul verib Nukenova haqda yalan şayiələr yaydırmaqda suçlayıb.

Xəbərlərdə Nukenovanın hücum zamanı başından ağır zərbələr almasıyla yanaşı, tez ölməməsi də bildirilir. O, təcili yardımın çağrılmasına və Bişimbayevin həbsinədək uzun müddət restoranda saxlanmış ola bilər.

Noyabrın 12-də polis bu işdə cinayətin xəbər verilməməsi halının da araşdırıldığını bildirib. Eyni gündə restoranın yerləşdiyi "Gastro Center" yemək zalının direktorunun cinayəti ört-basdır etmək ittihamı ilə həbs edildiyi məlum olub.

Bişimbayev ailəsi məsələ barədə açıqlama verməkdən imtina edib

Hətta keçmiş lider Nazarbayevin kiçik qardaşı Bolot Nazarbayevin öldüyü həftədə də Nukenovanın ölümü mətbuatda və sosial mediada çox böyük əks-səda doğurub.

Hazırda məişət zorakılığı törədənlərə qarşı cəzaların ağırlaşdırılmasını tələb edən petisiyanı 100 mindən çox vətəndaş imzalayıb. Bu say hökumətin nəzərdən keçirməsi üçün tələb olunan imza sayından xeyli çoxdur.

Prezident Kasım-Jomart Tokayev noyabrın 15-də daxili işlər naziri Yerjan Sadenov, baş prokuror Berik Asılov, Ali Məhkəmənin sədri Aslambek Merqaliyev və digər hökumət nümayəndələri ilə görüş keçirərək onlara bu işə xüsusi diqqət ayırmağı tapşırıb və xatırladıb ki, "qanun hamı üçün eynidir".

BMT statistikasına görə, ölkədə hər il 400-dək qadın zorakılıqdan həyatını itirsə də, hüquq-mühafizə qurumları belə cinayətlərə laqeyd yanaşır.

May ayında DİN sözçüsü bildirib ki, 2023-cü ilin ilk aylarında həyat yoldaşını döyməkdə şübhəli bilinənlərin yalnız 17 faizi cəzalandırılıb; o cəzalar da inzibati cəzalar olub, çünki şikayətçilərin çoxu öz şikayətlərini geri götürüb.

"Sistem budur"

Bir çox hüquq müdafiəçisinin iddiasına görə, sistem aktiv şəkildə insanları şikayətlərini geri çəkməyə təşviq edir.

Ötən həftə internetdə bir polis əməkdaşının ağlayan qadını kişiyə qarşı şikayətini geri çəkməyə təşviq etdiyini göstərən video paylaşılmışdı.

"Sabah sənə bunu sübut etmək çətin olacaq", - deyə xəbərdarlıq edən polis əməkdaşı qadına vəkil tutmaqla pulunu boş yerə xərclədiyini deyirdi.

Videodakı qadın - Uljan adlı Almatı sakini çarəsizlikdən internetdə Tokayevə müraciət ünvanlayaraq ədalətin təmin edilməsini istəyib. O, tanımadığı bir kişinin onun şəhərin mərkəzindəki mənzilinə girərək onu zorladığını söyləyib.

İnsan haqları fəalı, "Feminita" hərəkatının həmtəsisçisi Gulzada Serjan AzadlıqRadiosuna deyib ki, çox zaman polisi şikayətçilərə bu cür təkliflər etməyə həvəsləndirən korrupsiyadır.

"Cinayəti törədən vəziyyətdən çıxmaq üçün pul vermək istəyir. Bəlkə, kişi həmrəyliyi və polis rəhbərliyinin araşdırma tələb edən işlərin sayını minimallaşdırmaq istəyi kimi başqa amillər də var. Sistem budur", - Serjan deyir.

Astanada Nukenovanın ölümü və Almatıda Uljanın qorxunc hekayəsi və Tokayevə müraciəti azmış kimi, Taldıkorğan şəhərindən gələn xəbər hər kəsi sarsıdıb.

Marat Kuştıbayev
Marat Kuştıbayev

"Qurbanı suçlama mədəniyyəti"

Noyabrın 13-də Jetısu vilayət polis şöbəsi bir polis əməkdaşının "rəsmi vəzifəsini icra edərkən" 27 yaşlı şəhər sakinini zorlama ittihamı ilə saxlandığını bildirib.

Saxlanan şübhəlinin hər hansı polis əməkdaşı deyil, şəhərin polis rəisi Marat Kuştıbayev olduğu üzə çıxıb. Media onun daha öncə də zorlama işində şübhəli bilindiyini yazıb.

Bişimbayevin həbsi daha öncəki həbsdən onun nədən vaxtından əvvəl azad edildiyi sualını doğurur. Kuştıbayevlə də bağlı buna bənzər suallar verilir.

Daha öncə polis rəisinin öz tabeliyində olan əməkdaşları sözlü təhqirə məruz qoyduğunu göstərən səs yazısı yayılmış, buna görə ona xəbərdarlıq edilmişdi.

İşin daha bir maraqlı tərəfi budur ki, qadınlara zorakılıqla mübarizənin ön xəttində duranlar həmin təhqir olunan əməkdaşlardır.

Cəmi iki ay öncə hakim "Amanat" partiyasının üzvü olan deputat qadınların "hücumu təhrik etdiklərinə görə" inzibati cəza almalı olduqlarını deyib. "Human Rights Watch" təşkilatı bu təklifi "dərinə nüfuz etmiş viktim-bleyminq (qurbanı suçlama) mədəniyyəti" adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG