Qazaxıstan Polis Akademiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Bundan əvvəl onun tabeçiliyində olanlardan biri sosial mediada geniş yayılmış videosunda ölkənin polis qüvvəsini “cinayətkar dəstəyə” bənzətmişdi.
Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 4-də bildirib ki, general Zhan Kenzhetaev Karakanda şəhərində yerləşən polis akademiyasının rəhbəri vəzifəsindən azad olunub.
Onun vəzifədən çıxarılmasından bir gün əvvəl DİN-in sözçüsü Almas Sadubaev Facebook-da yazırdı ki, akademiya rəhbərinin kadetlərlə iş üzrə müavini A.R. Tastaibekov “dövlət xidmətini gözdən salan hərəkətə yol verib”.
Hakimiyyət orqanları bildirirlər ki, Tastaibekov-un göründüyü video dekabrın 31-də çəkilib.
Videoda DİN-in Tastaibekov olduğu dediyi şəxs firavan Qazaxıstan arzu edir ki, bunun hesabına polis “bratvasının” (kriminal dildə qardaşlıq) qarşıdan gələn nəsilləri dəfiravan yaşasın.
O sonra 1990-cı illərdə göstərilmiş Rusiya kriminal filmindəki Antibiotik ləqəbli personajdan sitat gətirir: “Gəlin bizim dostluğumuz təmənnasız olsun…Biz heç bir təşəkkür gözləmədən işləyək, çünki biz “bratvayıq”, sadə desəm, dəstəyik”.
"Qoy Qazaxıstan və ailələrimiz çiçəklənsin. Urra yoldaşlar!”
Bunun ardınca həmin məclisdə olan onlarca polis uniformalı şəxs də “urra” qışqırır.
Yanvarın 3-də Tastaibekov işdən qovulduqdan sonra fəallar və tənqidçilər sosial mediada hökumətin çox yumşaq tədbir görməsindən narazılıq və məyusluq ifadə ediblər.
Qazaxıstanın hüquq-mühafizə orqanlarında polis qəddarlığı və korrupsiya illərdir ki, insan haqları fəalları tərəfindən tənqid edilir.