Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:17

Qazaxıstan neftini BTC ilə satacaq? Energetika naziri təkzib edir


Qazaxıstan, arxiv fotosu
Qazaxıstan, arxiv fotosu

Qazaxıstanın energetika naziri Bolat Akçulakov ölkənin neftinin bir hissəsini Azərbaycan ərazisindən BTC kəmərilə satacağı haqda xəbəri təkzib edib.

AzadlıqRadiosunun Qazaxıstan xidməti yazır ki, avqustun 12-də axşam saatlarında Atırauda keçirdiyi brifinqdə nazir Akçulakov Qazaxıstanın belə bir niyyətinin olmadığını bildirib.

O həm də əlavə edib ki, “Reuters”in yazdığı Azərbaycandan keçdiyi iddia edilən ixracın həcmi cüzidir.

“Bu həcmin ixrac istiqamətlərimizlə bağlı problemi həll etməyə kömək edəcəyini düşünmək olduqca gülüncdür”, - deyə nazir qeyd edib. “Birincisi, qənaət etmir, həyatı o qədər də asanlaşdırmır, ikincisi, bizim nazirlikdə hələlik belə bir müqavilə imzalamaq fikrimiz yoxdur”, - o, sözlərinə əlavə edib.

***

Sentyabrdan başlayaraq Qazaxıstan xam neftinin bir hissəsini Azərbaycanın ən böyük kəməri vasitəsilə satacaq. Bu haqda “Reuters” məsələdən agah üç mənbəyə istinadla xəbər yayıb.

Rusiya Qazaxıstan neftinin daşındığı marşrutu bağlamaqla hədələyəndən sonra ölkə alternativ axtarmağa başlayıb.

Qazaxıstandan neft ixracı dünyada təchizatın 1 faizindən də çoxunu, yaxud günə təxminən 1.4 milyon barrel təşkil edir.

Alternativlər

20 ildir bu ölkə nefti CPC kəməriylə Rusiyanın Novorossiysk limanına, oradan dünya bazarına çıxır.

İyulda Rusiya məhkəməsi CPC-ni bağlamaqla təhdid edib.

“Reuters” yazır ki, Qazaxıstan hökumətinin üz tutduğu alternativlərin heç biri CPC kimi praktik deyil. Bu da enerji bazarında gələcək təlatümlər riskini artırır.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan dünyada neftin qiyməti son 14 ildə ən yüksək həddə çatıb, iyulda 100 dollardan yuxarı səviyyədə qalıb.

Mənbənin dediyinə görə, Qazaxıstanın Kazmunaigaz (KMG) dövlət neft şirkəti Azərbaycanın SOCAR neft şirkəti ilə öncədən müzakirələr aparıb. Bakı-Ceyhan kəmərilə ilə 1.5 milyon ton Qazaxıstan neftinin daşınması nəzərdə tutulur.

Bu isə günə 30 min barreldən çox deməkdir. CPC kəməriylə günə 1.3- 1.4 milyon barrel neft daşınır.

CPC-nin 8 faizi

Avqustun sonunda yekun kontraktın imzalanacağı, bir ay sonra BTC ilə neftin daşınacağı gözlənir, mənbə deyib.

Azərbaycandan Gürcüstanın Supsa Qara dəniz limanına gedən kəmərlə isə 2023-cü ildən ilə əlavə 3.5 milyon ton Qazaxıstan nefti daşına bilər. Bunu agentliyə iki mənbə deyib.

Beləliklə, BTC ilə birlikdə günə 100 min barel, yəni CPC-nin nəql etdiyi həcmin 8 faizi qədər neftin daşınacağı gözlənir.

“Reuters” xəbərlə bağlı KMG və SOCAR-dan açıqlama ala bilməyib.

Agentlik yazır ki, Azərbaycana bel bağlamaqla Qazaxıstan Rusiya ərazisindən yan keçməklə neftini nəql edə bilər. Ötən ay BP Azərbaycan şirkəti Bakı-Supsa kəməri ilə daşınan nefti də BTC-yə yönəldəcəyini deyib.

Aktaudan Bakıya kiçik tankerlərlə...

BTC marşrutu Qazaxıstan üçün nə deməkdir? Bu halda neft Aktau limanından kiçik tankerlərlə Bakıya daşınmalıdır.

Chevron şitkətilə birgə müəssisə olan Tengizchevroil (TCO) isə kəmər və dəmiryolu danışıqları üzrə ayrıca danışıqlar aparır, iki mənbə deyib.

TCO da BTC-dən istifadə edə bilər, ancaq bu halda neftin nəqlinin başlaması altı ay çəkə bilər. Şirkət xəbərə şərh verməyib.

Sürətli razılaşmanın əldə olunmasına neftin keyfiyyəti də təsir göstərir. Qazaxıstanın CPC Blend nefti yüngül, kükürdlü neftdir, Azərbaycanın daha asan emal edilən neftindən xeyli ucuz satılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG