Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 05:58

Qazaxıstanda qətlə yetirilmiş müxalifət lideri yad edilib


Altınbek Sarsenbayulu (Sarsenbayev)
Altınbek Sarsenbayulu (Sarsenbayev)

Fevralın 9-da Qazaxıstanın kommersiya paytaxtı sayılan Almatıda müxalifət siyasətçiləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçiləri 12 il bundan əvvəl iki yoldaşı ilə birlikdə edamsayağı güllələnmiş müxalifət lideri Altınbek Sarsenbayulunun xatirəsini yad etmək üçün toplaşmışdılar.

Astana otelində keçirilən bu mərasimə toplaşanlar Sarsenbayulunun siyası müxalifətin fəaliyyətindəki rolunu və irsini müzakirə ediblər.

Sarsenbayulu (Sarsenbayoğlu – Sarsenbayev) Qazaxıstanın Rusiyadakı keçmiş səfiri, infiormasiya naziri və həm də müxalif Nağız Aq Jol (Saf Parlaq Yol) partiyasının həmtəsisçisi olub. O 2006-cı ilin 11 fevralında cangüdəni Bauyrjan Baybosın və sürücüsü Vasili Juravlyovla birklikdə itkin düşüb.

Onların qolları arxadan bağlı və boyunlarının arxasında güllə yeri olan meyitləri iki gün sonra Almatı yaxınlığındakı dağlarda tapılıb.

O vaxt müxalifət liderinin bu qətlindən üç ay sonra başqa bir müxalifət siyasətçisi - Zamanbek Nurqadilovun da güllə yarası olan cəsədinin Almatıdakı evindən tapılması bütün Qazaxıstanı lərzəyə gətirmişdi.

Nurqadilovun tərəfdarları etiraz aksiyasında (Foto arxivdəndir)
Nurqadilovun tərəfdarları etiraz aksiyasında (Foto arxivdəndir)

Keçmiş hökumət naziri və Almatı meri Nurqadilov müxalifətə 2004-cü ildə keçmişdi və prezident Nursultan Nazarbayevi korrupsiyada ittiham edirdi. Onun ölümü rəsmən intihar kimi sənədləşdirilib.

2004-cü ilin iyulunda hər iki siyasətçidən müsahibə almış tanınmış müstəqil qazax jurnalist Asxat Şaripjanovu elə həmin gün yarımcan döyülərək qanına qəltan olunmuş vəziyyətdə aşkar etmişdilər. Jurnalist bir neçə gündən sonra xəstəxanada keçinmişdi.

Jurnalist Asxat Şaripjanov
Jurnalist Asxat Şaripjanov

Jurnalistin ölümünü isə hakimiyyət orqanları yol qəzası kimi sənədləşdirmişdi, hərçənd həmkarları və məsləkdaşları Şaripjanovun yaralarının yol qəzası yaralarına qətiyyən uyğun gəlmədiyində israr edirdilər.

Sarsenbayulunun ölümünə gəlincə isə, bunun da şəxsi düşmənçilik zəminində baş verdiyi bəyan edilmişdi. O vaxt Qazaxıstan parlamenti adminsitrasiyasının keçmiş başçısı Erjan Otembayev bu qətlin sifarişçisi kimi ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Lakin 2013-cü ildə Qazaxıstan hökuməti bu işə aid yeni dəlillərin aşkar edilməsi ilə bağlı Otembayevin işinə xitam verildiyini bəyan etmişdi. “Yeni dəlillər” isə onların sözlərinə görə bu qətllərin Nazarbayevin keçmiş kürəkəni Raxat Aliyev tərəfindən sifariş edildiyini göstərirdi.

Nazarbayevin keçmiş kürəkəni Raxat Aliyev
Nazarbayevin keçmiş kürəkəni Raxat Aliyev

Qətl baş verəndə Aliyev Milli Təhlükəsizlik Komitəsinin sədr müavini idi, lakin o 2007-ci ildən etibarən keçmiş qaynatasının qatı tənqidçisinə çevrilmişdi. Raxat Aliyev artıq Avropada könüllü sürgündə yaşayırdı.

O sonradan Astananın orderi ilə Avstriyada həbs olunmuşdu. Onu iki qazax bankirin oğurlanmasında və qətlində ittiham edirdilər.

2015-ci ilin fevral ayında Aliyevin meyiti Vyana həbsxanasının kamerasında asılı vəziyyətdə tapılmışdı.

Avstriya rəsmiləri Aliyevin intihar etdiyi barədə qərara gəlsələr də, bir çox qazaxlar onun qətlə yetirildiyinə əmindirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG