Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 17:38

Qazaxıstan məktəbində balta və bıçaqla hücum


Qazaxıstanın şimalındakı Petropavlovsk şəhəri
Qazaxıstanın şimalındakı Petropavlovsk şəhəri

Qazaxıstanın şimalındakı Petropavlovsk şəhərinin 4 nömrəli məktəbində 9-cu sinif şagirdi məktəblilərə hücum edib.

Şimali Qazaxıstan vilayətinin prokurorluğu bildirir ki, şəhər polisi qətlə qəsd ittihamı ilə cinayət işi açıb.

Şəhərdəki daha iki məktəbin şagirdləri evakuasiya edilib.

Bu da xəbər verilir ki, məktəblilərə hücum edən şagird psixiatrik qeydiyyatda olub.

Bütün xəsarət alanlar vilayətdəki uşaq klinikasına yerləşdirilib və onlardan heç biri huşunu itirməyib.

"Петропавловск.news" saytı yazır ki, sözü gedən şagird məktəbə bıçaq və balta gətiribmiş.

Şahidlərin sosial media şəbəkəsində yazdıqları postlarda deyilir ki, həmin şagird ikinci mərtəbədə ayaqyoluna daxil olub, orada əynini dəyişib və maska taxıb.

O ayaqyolundan çıxan kimi əvvəlcə bir məktəbli qızı, sonra isə 9-10-cu siniflərdə oxuyan iki şagirdi yaralayıb.

O bunun ardınca üstü qan içində birinci mərtəbəyə qaçıb.

Videokameralar və həyəcan düyməsi

Şimali Qazaxıstan vilayəti təhsil idarəsinin başçısı Nazir Jaşibekov deyib ki, bu məktəbə daxil olan məktəblilərin üzərində axtarış aparılmır.

O Kazinform agentliyinə deyib:

"Uşaqların durumu sabitdir. Onların çantalarında axtarış aparılmır. Həmin şagird ayaqyoluna girib və oradan əllərində balta və bıçaqla çıxıb. Bundan başqa heç bir məlumat verilmir”.

Bu da xəbər verilir ki, hazırda məktəbdə dərslər dayandırılıb. Orada müstəntiqlər qrupu işləyir.

Qazaxıstanın Maarif Nazirliyi hadisədən dərhal sonra komissiya yaradıldığını elan edib.

Nazirliyin məlumatında deyilir:

"Qeyd edək ki, təhlükəsizliyin təmin edilməsi üçün məktəbdə müşahidə kameraları qoyulub və həyəcan düymələri yerləşdirilib. Hadisənin necə baş verməsi araşdırılır. Bununla yanaşı Qazaxıstanın bütün vilayətlərində maarif idarələrinə bütün məktəblərdə təhlükəsizlik tədbirlərinin keçirilməsi tapşırılıb”.

Kütləvi təxliyələr

Hüquq-mühafizə əməkdaşları fevralın 13-də bildiriblər ki, Petropavlovsk şəhərindəki daha iki məktəbin şagirdləri təxliyə olunub.

Bundan əvvəl şəhərdəki 34 nömrəli məktəbin 950 şagirdi təxliyə olunmuşdu.

Tengrinews xəbər verir ki, bu məktəbə bomba partlayışı ilə təhdid edən e-mail göndərilib.

Yaxınlıqdakı 35 nömrəli orta məktəbin 1000-dək şagirdi də təxliyə olunub. Bu məktəbin evakuasiya olunmasının səbəbləri açıqlanmır.

Xəbər verilir ki, ötən həftə Qazaxıstanın Pavlodar şəhərində də bomba təhdidinin ardınca iki məktəbin şagirdləri evakuasiya olunmuşdu.

Fevralın 10-da Ust-Kamenoqorsk şəhərinin 20 məktəbində bomba hədəsi ilə bağlı təxliyə keçirilib.

XS
SM
MD
LG