Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Qazaxıstanda mədənçilərin tətili genişlənir


Qaraqanda rayonunda mədənçilər
Qaraqanda rayonunda mədənçilər

Qazaxıstanın şimalında kömür mədənçilərinin tətili ölkənin başqa mədənlərinə yayılıb. Maaşlarının artırılmasını istəyən işçilər şaxtadan çıxmaqdan imtina edirlər.

Qazaxıstanın əmək naziri Tamara Duysenova dekabrın 12-də müxbirlərə deyib ki, Qaraqanda regionunun Şaxtinsk şəhərinin 8 müxtəlif mədənində 684 işçi iki gecəni yer altında keçirib.

Bundan əvvəl regional rəsmilər Şaxtinskdəki 4 mədəndə 200-dək fəhlənin yerin altında qaldığını bildirmişdilər.

Duysenova deyib ki, ArcelorMittal Temirtau şirkətində işləyən mədənçilər maaşlarının iki dəfə artırılmasını və pensiya yaşının 50-yə endirilməsini tələb edirlər.

Onlar habelə daha yaxşı səhiyyə xidməti, təkmil avadanlıq və təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.

Duysenova daha sonra bildirib ki, hazırda fəhlələrin 32 nümayəndəsi mədən rəsmiləri ilə danışıqlardadır.

Həyat yoldaşlarından dəstək

Yerin üstündə olan mədənçilər şaxtada qalanları dəstəkləyir və onları su və yeməklə təchiz edirlər. Mədənçilərin həyat yoldaşları da şaxtalara pal-paltar və başqa lazımi şeyləri gətirirlər.

Onlardan biri – Svetlana Yerjumanova deyib ki, onlar bu tətili kompromis əldə edilənədək dayandırmayacaqlar.

Mədənçi Sergey Qalister AzadlıqRadiosuna bildirib ki, “adamlar qarşılarına məqsəd qoyublar və ona nail olacaqlar”.

O deyib ki, şaxtadakılar tələbləri yerinə yetirilməyincə yerin üstünə qalxmayacaqlar.

Tətil edən Lenin mədənində şaxtaçı Vladimir Xaniyev AzadlıqRadiosuna bildirib ki, şaxtadakıları bütün mədən işçiləri dəstəkləyirlər.

ArcelorMittal Temirtau şirkəti 2016-cı ildə 4 milyon ton polad istehsal edib
ArcelorMittal Temirtau şirkəti 2016-cı ildə 4 milyon ton polad istehsal edib

ArcelorMittal Temirtau şirkətindən AzadlıqRadiosuna məlumat veriblər ki, fəhlələrin tələbi ilə maaşların 100 faiz artırılmasını nəzərə alan yeni əmək müqavilələrinin layihəsi hazırlanır.

Duysenova deyib ki, yerin üstündə işləyən mədənçilərin maaşı hazırda aya 208 min tengedir (621 dollar). Bilavasitə kömür çıxaran şaxtaçılar isə aya 326 min tenge (973 dollar) maaş alırlar.

Hindistan milyarderi Lakşmi Mittala məxsus ArcelorMittal metallurgiya nəhənginin nəzdində olan ArcelorMittal Temirtau şirkəti sentyabr ayında bildirmişdi ki, poladəridənlər və mədənçilər ittifaqları ilə yeni kollektiv müqavilənin layihəsi müzakirə edilir və ilin sonunadək imzanacağı gözlənilir.

ArcelorMittal Temirtau şirkəti Qazaxıstanda 8 kömür və 4 dəmir filizi mədənini, habelə Temirtaudakı metallurgiya zavodunu işlədir. Şirkət 2016-cı ildə Qazaxıstanda 4 milyon ton polad istehsal edib.

Ötən ay eyni regiondakı Cezkazqan şəhərinin mis mədənçiləri eynilə bu şəkildə şaxtadan çıxmayaraq tətil edirdilər.

Onlar tətili yalnız KazaxMis şirkəti tələbləri qəbul etdikdən sonra dayandırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG