Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Qazaxıstanda saxlananlar var


Şimkentdə saxlananlar
Şimkentdə saxlananlar

Son illər Qazaxıstanda oxşar aksiyalar çox keçirilir, etirazçılar hökumətdən Sintzyanda etnik qazaxların durumuna müdaxilə tələb edirlər

Qazaxıstanın cənubundakı Şimkent şəhərində polis 12-dən çox fəalı saxlayıb. Onlardan üçü siyasi məhbuslara azadlıq tələbiylə aclıq aksiyası keçirirdi.

İyulun 1-də mülki geyimdə olan 50 nəfər Şimkent şəhər administrasiyası qarşısında aclıq aksiyası keçirənləri və onların tərəfdarlarını mühasirəyə alaraq zorla polis məntəqəsinə aparıb.

Hadisə yerindəki polis rəsmisi onların saxlanma səbəbini AzadAvropa/AzadlıqRadiosu-na izah etməyib. Qrup həmçinin iki siyasi hərəkata qadağa qoyan məhkəmə qərarlarına etiraz edirdi.

Radionun əməkdaşlarının çəkiliş aparmasına da əngəl yaradılıb.

Aclıq aksiyası davam edir

İyunun 19-dan Nur-Sultan, Almatı, Oral, Oskemen və Şimkent şəhərlərində onlarla fəal aclıq aksiyası keçirir. Onlar qeydiyyata alınmayan Qazaxıstanın Demokratik Seçimi (DVK) müxalif qrupunun və onun müttəfiqi Koşe (Küçə) partiyasının ekstremist hesab olunaraq yasaqlanmasını nəzərdə tutan məhkəmə qərarlarına etiraz edirlər.

Son illər Qazaxıstanda onlarla fəal DVK və Koşenin fəaliyyətini dəstəyə və onda iştiraka görə həbsə atılıb, yaxud şərti cəzayla üzləşib.

DVK-ya Qazaxıstanın BTA Bankının keçmiş rəhbəri, hökumətin tənqidçisi Muxtar Ablyazov başçılıq edir.

İnsan haqları qrupları Qazaxıstanın ictimai toplantılarla bağlı qərarının beynəlxalq standartlara zidd olduğunu deyirlər. Qanunvericiliyə görə, etiraz aksiyası keçirmək üçün hakimiyyətdən icazə alınmalıdır.

Çin Konsulluğu qarşısında saxlananlar var

Almatıda isə Çin Konsulluğu qarşısında davam edən piketlərə görə onlarla fəal saxlanıb. Onlar Çinin Sintzyan-Uyğur Muxtar Regionunda saxlanan qohumlarına azadlıq tələb edirlər.

Etirazçılardan birinin həyat yoldaşı Baqıt Sembay radioya deyib ki, polis onun ərini və qayınanasını iyulun 1-də evdən aparıb.

Sembayın həyat yoldaşı Baybolat Kunbolat iki gün öncə həbsdən buraxılıb. O, Çin səfirliyi qarşısında etiraz aksiyasını lentə alarkən saxlanmışdı. Məhkəmə onu “icazəsiz yürüşün təşkili”ndə təqsirli bilərək 15 sutka həbsə məhkum etmişdi.

Onun həbsinə etirazlardan sonra cəzası yarıbayarı azalıb.

Ötən həftə bir neçə qadın Çinin Almatıdakı konsulluğu qarşısında iştiraka görə cərimələnib.

Son illər Qazaxıstanda oxşar aksiyalar çox keçirilir, etirazçılar hökumətdən Sintzyanda etnik qazaxların durumuna müdaxilə tələb edirlər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Sintzyanda 2 milyonadək uyğur, qazax, digər müsəlman azlıq üzvləri həbs düşərgələrində saxlanır.

Çin isə həmin mərkəzlərin təlim düşərgələri olduğunu deyir.

Qazaxlar Sintzyanda uyğurlardan sonra ikinci böyük türkdilli icmadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG