Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Böyük şirkətlər neftdən qaza keçir…


Lakin bu heç də o demək deyil ki, qaz neftdən daha çox gəlir gətirəcək

Reuters agentliyinin sütun yazarı Fiona Maharg-Bravo-nun vurğulayır ki, neft qiymətlərinin dirçələcəyinə ümidlərini itirən transmilli şirkətlər qaz hasilatına keçməyə başlayıb.

Maharg-Bravo yazır ki, “gələn il “Böyük Neft” “Böyük Qaza” çevriləcək”.

Məqalədə deyilir ki, qaz neftdən daha asan hasil olunur və o yanacaq kimi neftdən və ya kömürdən daha təmizdir.

Total şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib
Total şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib

Royal Dutch Shell, qaz nəhəngi BG-ni 70 milyard dollara almaqla bu keçidə artıq başlayıb. 2016-cı ildə qaza keçid prosesi daha da sürətlənəcək.

Hazırda Shell şirkətinin hasilatında qaz 50 faiz təşkil edir, lakin BG-nin alınması bu balansı qazın xeyrinə dəyişəcək.

Fransanın Total şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib, halbuki 2005-ci ildə bu rəqəm 35 faiz idi.

Britaniyanın BP şirkəti isə elan edib ki, onun qaz hasilatında bu onilliyin sonlarına doğru qaz hasilatı 60 faizə çatacaq. Hazırda BP hasilatında qazın payı 50 faizdir.

Hazırkı kommersiya layihələrinə baxılarsa, Wood Mackenzie qrupunun qiymətləndirməsinə görə, İtaliyanın Eni şirkəti 2025-ci ilədək hasilatındakı qazın payına görə ən böyük şirkət olacaq.

Zərurətdən mənfəət

Maharg-Bravo yazır ki, şirkətlər zərurətdən mənfəətlənməyə çalışır. Dünyanın ən böyük neft yataqları çətin əlçatan ölkələrdə yerləşir.

Bundan başqa qaz ehtiyatları neft ehtiyatlarından daha böyükdür və qaz yataqları neft yataqlarından daha “uzunömürlüdür”.

Qaz nisbətən daha təmiz yanacaqdır. O yanarkən kömürdən iki dəfə az karbon qazı buraxır.

BP-nin hesablamalarına görə, qarşıdan gələn 20 il ərzində kömürü yanacaq bazarından tamamilə çıxaran qaz olacaq.

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə qaz 2040-cı illərə doğru ən böyük tələbata malik yanacaq olacaq. Burda Yaxın Şərqin və Çinin mühüm rol oynayacağı qeyd olunur.

Maye qaz dəniz və quru yolları ilə getdikcə daha çox daşınan xammala çevriləcək. Əslində bu yollar neftin ənənəvi marşrutları ilə üst-üstə düşəcək.

Qazın iki “əmma”sı

Lakin qazın iki mühüm “əmma”sı var. Bunlardan biri alternativ enerji mənbələri tərəfindən artmaqda olan rəqabətdir. Qaz nə qədər təmiz olsa da, nüvə və ya bərpa olunan enerji növlərindən təmiz deyildir, yazır Maharg-Bravo.

Dünyanın bəzi yerlərində günəş enerjisi idxal olunan maye qazdan daha ucuz başa gəlir. Hətta ən “çirkli” yanacaq növü olan kömürün istehsalı da qazdan ucuzdur.

Ümumiyyətlə, qiymət qazın ən böyük problemidir. O neft qədər bahalı deyil və üstəlik maye qaz da daxil, böyük qaz layihələri irəli başdan böyük kapital yatırımları tələb edir.

Məhz qiymət bahalığına görə bir çox qaz layihələrinin həyata keçirilməsi kommersiya baxımından sərfəli sayılmır.

Digər tərəfdən neftin və başqa xam materialların qiymətdən düşməsi, o demək deyildir ki, qaz daha gəlirli daşıyıcı olacaq.

Bu səbəbdən də qazın enerji daşıyıcıları arasında zirvə mövqeyi tuta bilməsi üçün şəraitin yaranması böyük şirkətlərin qabiliyyətindən və istəyindən asılıdır.

XS
SM
MD
LG