Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:35

Azərbaycanın qaz gəlirləri də insan haqlarına yaxşı heç nə vəd etmir


Qaz layihəsi işə düşür, "demokrasi bitirmi?"
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Qaz layihəsi işə düşür, "demokrasi bitirmi?"

Keçən həftə Azərbaycan hökumət rəsmiləri Avropa ilə daha bir qaz layihəsinin – TANAP-ın açılışını bayram etdi. Amma vətəndaş cəmiyyətinin bəzi nümayəndələri narahatdırlar ki, bu layihə, ölkədə insan haqlarının durumunu pisləşdirə bilər.

Məsələn, hüquq müdafiəçisi, fəaliyyətini dayandırmış İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov deyir ki, illər keçdikcə və Avropa ilə iqtisadi əməkdaşlıq gücləndikcə, Avropa dövlətlərinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı tənqidləri zəifləyir:

“2005-ci ilə qədər, neft gəlirləri ölkəyə gələnə qədər, seçkiləri çıxmaq şərtilə insan haqlarının, medianın durumu xeyli daha yaxşı idi. Getdikcə durum pisləşir”.

TANAP Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsidir.

İyunun 18-də Respublikaçı Alternativ Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun bloqunda, onun “Hüquqlar və borular” başlıqlı yazısı dərc olunub.

İlqar Məmmədov TANAP-ın açılış mərasiminə diqqət çəkib yazır ki, keçən il dekabrın 5-də, Avropa Şurasının Nazirlər Komitəsində onun azadlığa buraxılması ilə bağlı sənəd səsverməyə çıxarılanda 47 üzv ölkədən 39-u onu dəstəkləyib, 8-i əleyhinə səs verib.

İlqar Məmmədov yazır ki, həmin 8 ölkədən məhz dördü – Azərbaycan, Serbiya, Türkiyə, Ukrayna TANAP-ın açılış mərasimində prezidentlər səviyyəsində iştirak ediblər. İlqar Məmmədov yazır ki, digər dörd ölkənin də Azərbaycanda qaz maraqları var.

Böyük Britaniyanın Oxford Universitetində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını- Şərq Tərəfdaşlığı Proqramını araşdıran politoloq Leyla Əliyeva deyir ki, Avropa Birliyi, başqa postsovet ölkələrindən fərqli olaraq, hazırda, Azərbaycanla ancaq neft və qaz sahəsində strateji əməkdaşlıq edir, amma Gürcüstan, Moldova, Ukrayna Şərq Tərəfdaşlığı çərçivəsində olan bütün mümkün sazişləri imzalayıb, inteqrasiyaya başlayıb, hətta viza liberallaşması mərhələsini keçib, Azərbaycan və Belarus isə heç biri sazişə imza atmayıb.

“Biz hələ ki, Belarus səviyyəsindəyik. Bu, inteqrasiya deyil. Bu o deməkdir ki, biz Səudiyyə Ərəbistanı, Küveyt kimi partnyorlarıq”.

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, Avropadan demokratiya dəstəyi gözləməyə dəyməz - Qərb bunu heç vaxt vəd etməyib, indi də o ölkələrə demokratiya dəstəyi verir ki, onlar bunda maraqlıdırlar:

“Qərb bilir ki, demokratiya üçün hansı göstəricilər lazımdır. Azərbaycanda bu göstəricilər yoxdur. Quraqlıq bir yerdə qızılgül əksən bitərmi?! Azərbaycan da hələ ki, demokratiya üçün hazır deyil”.

Zaman-zaman Avropa deputatları Avropa Birliyi liderlərinə səslənib Azərbaycanda insan haqlarının durumuna diqqət ayırmağa çağırırlar.

Məsələn, iyunun 11-də, Avropa Parlamentinin nümayəndəsi Marietje Schaake, Avropa Birliyinin, xarici siyasət xidmətinin rəhbəri Federica Mogherini-yə müraciət edib ki, Azərbaycanda insan hüquqları üzrə hüquqşünas Emin Aslanın həbsi ilə bağlı məsələyə diqqət verilsin. Emin Aslanov, iyunun 5-də polisin qanuni əmrinə tabe olmama maddəsi ilə günahlandırılıb və 30 gün həbs cəzası alıb.

Oxford Universitetində Avropa Birliyi-Azərbaycan əlaqələrini araşdıran siyasi şərhçi Leyla Əliyeva deyir ki, Qərbin özündə bu mövzuda bəzi narahatlıqlar var:

“Məsələn, bir konfransda belə bir statistika səsləndi ki, Azərbaycandan Suriyaya gedən döyüşçülərin sayı çoxdur. Bu, əlbəttə ki, Avropa üçün narahatlıq doğurur. Ümumiyyətlə, Azərbaycan avtoritar və neftlə zəngin ölkə kimi regionda böyük təsirə malikdir. Məsələn, Əfqan Muxtarlının oğurlanması buna misaldır”.

Leyla Əliyeva deyir ki, bütün bunlara baxmayaraq, Avropanın özünün problemləri var, üstəlik, Azərbaycanda sivil cəmiyyətin aktivliyi azalıb, bütün bunlar Avropanın Azərbaycana demokratiya dəstəyi verməsinə mane olur.

Azərbaycan hökuməti isə deyir ki, ölkədə insan haqları qorunur, heç kim siyasi baxışlarına görə təqib olunmur. Hökumətin mövqeyi belədir ki, Qərb Azərbaycanın daxili işinə qarışmamalıdır.

AzadlıqRadiosu həmişə olduğu kimi bu mövzuya dair Bakı sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Kimlərin haqqı pozulur?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Avropa Birliyi öz sənədlərində Azərbaycanı vacib strateji tərəfdaş adlandırır. Hazırda, Avropanın qaz tələbatının beş faizini Azərbaycan verir.

2020-ci ildə kəmər tam işə düşəndə Cənubi Qafqaz boru kəmərinin Şahdəniz yatağından hasil edilən qazın ildə 10 milyard kubmetrini Avropa bazarlarına gətirəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG