Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:32

İkinci qrup əlil özünü yandırmaq cəhdinə görə cəzalandırıldı


"Məni qovanda benzinin ağzını açıb üstümə tökdüm...". Foto illüstrasiya
"Məni qovanda benzinin ağzını açıb üstümə tökdüm...". Foto illüstrasiya

Şəkidə ikinci qrup əlil Faiq Məmmədov icra başçısının Qayabaşı kəndi üzrə nümayəndəliyində üstünə benzin tökərək özünü yandırmaq istəyib. Elə buna görə də onu cəzalandırıblar. Bu günlərdə Şəki Rayon Məhkəməsində onun haqqında ittiham hökmü çıxarılıb. O, CM-in 221.3 (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə özgənin əmlakını məhv etmək və ya zədələməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Pandemiya dövründə işini itirib

50-yaşlı Məmmədov bələdiyyə sədri və icra nümayəndəsinə qarşı xuliqanlıqda suçlanır. İddia olunur ki, Qayabaşı kənd sakini onları yandırmaq istəyib. Bu məqsədlə özüylə gətirdiyi benzini onların da üstünə töküb. Lakin kibrit əlindən yerə düşdüyünə görə yandıra bilməyib.

Məmmədov isə deyir ki, bələdiyyə sədri və icra nümayəndəsini yox, özünü yandırmaq istəyib. Çünki ailəsi çarəsiz vəziyyətdəydi, dövlət orqanlarına yardım üçün müraciətləri də nəticə vermirdi. Ona görə dövlət orqanının binasında intihar etməkdən başqa çıxış yolu görmürdü. Bu ilin mayında icra nümayəndəliyinə də doqquz nəfər ailə üzvüylə birlikdə gedib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, kənddə öz ailəsi, qardaşının ailəsi və iki xəstə bacısıyla birlikdə yaşayırdı. Bir evdə ümumilikdə 10 nəfərdilər. Bir müddət əvvəl Bakıda fəhlə işləyib, qazandığını kəndə göndərsə də, pandemiya dövründə bu işini də itirib. O, kəndə qayıtmaq məcburiyyətində qalıb.

"130 manat pensiya alırdım"

"Ailəmizin durumu çox ağır idi. İkinci qrup əlil kimi, 130 manat pensiya alırdım, ümidimiz ancaq buna idi. Dəfələrlə dövlət orqanlarına üz tutmuşdum ki, bizə kömək eləsinlər. Heç kim əhəmiyyət vermirdi", – Məmmədovun məhkəmədə dedikləridir.

O deyir ki, 2015-ci ildə zəlzələ nəticəsində yaşadıqları evə də ziyan dəymişdi. Dövlət orqanları evin təmirindən də imtina edib. Hadisədən bir ay əvvəl isə özü koronavirusa yoluxub: "Evimizi karantinə aldılar. Bu müddətdə ancaq qonşuların köməyi ilə sağala bildik".

Hadisə necə baş verib

Hadisə günü yaxınlarıyla icra nümayəndəliyinə gələn Məmmədov binaya özü daxil olub, ailə üzvləri isə çöldə gözləyib. Onun sözlərinə görə, ora getməkdə məqsəd iş, ərzaq yardımı istəmək idi. Amma əvvəldən planlaşdırıb ki, kömək etməkdən imtina olunsa, özünü öldürəcək. Ona görə də özüylə benzin aparıb: "Əvvəl bələdiyyə sədrinin otağına getdim, yerində deyildi. İcra nümayəndəsinin otağına gedəndə gördüm ki, ikisi də oradadır. Dedim ki, biz acından ölürük, ailəm ac-susuzdur. Bələdiyyə sədri dedi ki, "get, köməyi şikayət elədiyin media kanallarından istə". Məni qovanda benzinin ağzını açıb üstümə tökdüm, bu zaman mənə mane olmağa çalışdılar. Benzin onların da üstünə töküldü. Ayağım sürüşüb yerə yıxılanda kibrit yerə düşdü".

Səs-küyə öncə Məmmədovun ailə üzvləri, az sonra polislər gəlib.

Əməlindən peşman olduğunu deyən Qayabaşı kənd sakini zərərçəkmiş qismində tanınan bələdiyyə sədri və icra nümayəndəsi ilə barışdığını da vurğulayıb.

"İki kisə un, 50 manat pul verdik"

İcra nümayəndəsi Cabir Həsrətli təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib, ona həbs yox, alternativ cəza verilməsini istəyib.

İcra nümayəndəsi etiraf edib ki, Məmmədovlar ailəsinin durumu, həqiqətən, acınacaqlı olub, qəzalı evdə yaşayıblar. Onun sözlərinə görə, zəlzələdən sonra evə baxış keçirilib, dəyən ziyanın zəlzələ ilə bağlı olmadığı aydınlaşıb. Məmmədov bu rəylə razılaşmayıb: "Bacılarının işlə təmin olunmasını istəyirdi. Bizə də buna görə müraciət etmişdi. Kollektiv arasında pul toplayıb Faiq Məmmədovun ailəsinə iki kisə un, 50 manat da pul verdik. Faiq koronavirusa yoluxanda bələdiyyə əlavə pul verdi. İcra hakimiyyətindən Faiqin qardaşına 300 manat, özünə isə 50 manat pul ayrılıb. Faiq pulun az olduğunu deyib götürmədi...".

İcra nümayəndəsi əlavə edib ki, təqsirləndirilən şəxs tez-tez zəng edib, maddi kömək istəyir, əks halda, idarəni də, özünü də yandıracağını deyirdi.

Noyabrın 16-da Şəki Rayon Məhkəməsinin hökmü ilə Faiq Məmmədova 2 il şərti cəza verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG