Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

'Toyuq-cücələr suyun altında qaldı'


Daşqın. Foto arxiv
Daşqın. Foto arxiv

«Darvazam dağıldı, qonşunun hasarı uçdu... Toyuq-cücələr suyun altında qaldı. Hələ də evindən, zirzəmisindən su çəkənlər var».

Bunu AzadlıqRadiosuna Qaxın Cüdürlü kənd sakini Rüstəm Məhərrəmli deyir.

«BOSTAN SUYUN ALTINDA QALDI»

Mayın 5-də axşam saatlarında başlayan leysan səhərə yaxın kəssə də, fəsadlarını hələ də yaşayanlar var. Qapıçayın daşması Cüdürlü və Marsan kəndlərindəki evlərin, zirzəmilərin su ilə dolmasına, təsərrüfatların xeyli zərər çəkməsinə səbəb olub.

Sakinin deməsinə görə, iri əkin sahələri, bostanlar, toyuq-cücə təsərrüfatları suyun altında qalıb:«Kəndlilər daha çox toyuq-cücə saxlamaqla məşğul olurlar. Elə özümün xeyli hinduşkam, toyuğum tələf oldu. Bostan suyun altında qaldı».

Sel suları kənddəki qaz, işıq xətlərini də sıradan çıxarıb.

Marsan kəndində leysandan iki gün keçməsinə baxmayaraq, hələ də evinin zirzəmisindən su boşaldanlar var. Kənd sakini Həsən Səlimov deyir, əkin sahəsi və həyətdəki quşçuluq təsərrüfatı məhv olub.

KOMPENSASİYA MƏSƏLƏSİ AÇIQ QALIR

Kəndlilər təbii fəlakətin vurduğu zərərin qarşılığında hökumətdən kompensasiya istəyirlər.

Qax rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirilib ki, selin kəndlərə vurduğu zərərlər aradan qaldırılır: «Bu işlərlə rayonun fövqəladə hallar komissiyası məşğul olur. İşıq, qaz xətləri bərpa olunub, kəndlərdə işıq problemi yoxdur. Hazırda selin təsərrüfatlara vurduğu zərərlər qeydə alınır».

Selin məhv etdiyi quşçuluq və əkin təsərrüfatlarına görə kəndlilərə kompensasiya ödənilib-ödənilməyəci ilə bağlı sualı qurum cavablandırmayıb.

XS
SM
MD
LG